"Azərbaycanın əldə etdiyi uğurlardan qonşu ölkələr də yararlanır"
9 Yanvar 2019 16:45 Siyasət"Azərbaycan Prezidenti İlham Əliyevin də söylədiyi kimi 2018-ci ildə Azərbaycan bütün sahələr üzrə böyük uğurlar qazanıb. İqtisadi sahədə əldə etdiyimiz uğurlar təkcə Azərbaycan üçün deyil, eləcə də qonşu ölkələrimizin iqtisadi vəziyyətinin inkişafında mühüm əhəmiyyət kəsb edir". Bu fikirləri Milli Məclisin deputatı Sona Əliyeva deyib.
Ötən il Azərbaycan tərəfindən mühüm beynəlxalq layihələrin reallaşdırıldığını və mühüm islahatların həyata keçirildiyini dilə gətirən deputat vurğulayıb ki, görülən işlərin nəticəsidir ki, Dünya Bankının "Doing Business" hesabatında Azərbaycan dünya miqyasında 25-ci yerə layiq görülüb: "2018-ci ildə Cənub Qaz Dəhlizinin, TANAP layihəsinin açılışı oldu. Bununla yanaşı, ötən il Ələt Ticarət Limanı istifadəyə verildi. Bu layihələrin reallaşması təkcə həm Avropanın enerji təhlükəsizliyinin güclənməsində, həm də Avrasiyanın nəqliyyat infrastrukturu üçün böyük əhəmiyyətə malikdir".
S. Əliyeva qeyd edib ki, 2018-ci il Azərbaycan üçün müasir texnologiyanın inkişafı baxımından da yaddaqalan oldu: "Belə ki, növbəti kosmik peykimiz orbitə buraxıldı. Bununla da Azərbaycan kosmik ölkələr sırasına daxil olduğunu sübut etmiş oldu. Ötən il qeyri-neft sektorunda, sənayedə də nəzərə çarpacaq dərəcə irəliləyişlərin baş verməsi sevindirici haldır".
Ötən il Azərbaycanda sosial-iqtisadi sahədə görülən işlər haqqında söz açan deputat vurğulayıb ki, aztəminatlı ailələrin, hərbçilərimizin, şəhid ailələrinin rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlər cəmiyyət tərəfindən müsbət qarşılanıb.
SİA