Ermənistanın beynəlxalq aləmdə mövqeyi daha da zəifləyib

Yeni İcmanın fəaliyyəti dünya ermənilərinə qarşı mübarizə imkanlarını artırır Son illərdə həyata keçirilən uğurlu xarici siyasət dünyanın aparıcı dövlətləri və nüfuzlu beynəlxalq təşkilatları ilə bərabərhüquqlu münasibətlərin inkişaf etdirilməsi, ölkəmizin təhlükəsizliyinin təmin olunmasına səbəb olub. Azərbaycanın uğurla davam etdirdiyi müstəqil və çox şaxəli xarici siyasət kursu ölkəmizi Cənubi Qafqaz regionunun aparıcı və ən inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin edib.

Yeni İcmanın fəaliyyəti dünya ermənilərinə qarşı mübarizə imkanlarını artırır

Son illərdə həyata keçirilən uğurlu xarici siyasət dünyanın aparıcı dövlətləri və nüfuzlu beynəlxalq təşkilatları ilə bərabərhüquqlu münasibətlərin inkişaf etdirilməsi, ölkəmizin təhlükəsizliyinin təmin olunmasına səbəb olub. Azərbaycanın uğurla davam etdirdiyi müstəqil və çox şaxəli xarici siyasət kursu ölkəmizi Cənubi Qafqaz regionunun aparıcı və ən inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin edib. Məhz yürüdülən düşünülmüş siyasətin nəticəsidir ki, ötən il Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir sıra beynəlxalq təşkilatlar tərəfindən ölkəmizin maraqlarına cavab verən bir sıra önəmli sənədlərin qəbul edilməsinə nail olunub. Belə ki, ötən il 117 ölkə və 16 beynəlxalq təşkilatın yüksək səviyyəli rəsmilərinin iştirakı ilə Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Aralıq Nazirlər Konfransının yekun sənədinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipi əsasında həll edilməsinin vacibliyini vurğulayan bənd daxil edilib. Düşənbə şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirlər Şurası iclasının yekun sənədinə Ermənistanın-Azərbaycan münaqişəsinin regional iqtisadi əməkdaşlığa maneə törətdiyi və münaqişənin tezliklə dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipləri əsasında həllinin vacibliyinə dair bənd daxil edilib. Həmçinin Banqladeş Xalq Respublikasının Dəkkə şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 45-ci sessiyasında Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğal olunmuş ərazilərimizdə dini-mədəni irsin dağıdılmasına dair qətnamələr qəbul edilib. Ötən ilin ən böyük  hadisəsi Dağlıq Qarabağın Azərbaycanlı İcmasının yenidən strukturlaşması oldu. Siyasi ekspertlərin qənaətinə görə, hətta bu hadisə İcmanın yenidən yaradılmasına bərabər idi. Odur ki, bunu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsində yeni bir keyfiyyət mərhələsi kimi adlandırmaq olar. Çünki yenilik Azərbaycanın dünya erməniliyinə qarşı mübarizə imkanlarını qat-qat artırmaq imkanı yaradır. Nəzərə almaq lazımdır ki, beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ problemi ilə bağlı həqiqətləri bilir və bu səbəbdən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Amma  Dağlıq Qarabağın Azərbaycanlı İcmasının yaranması ilə dünya erməniliyinə qarşı mübarizə istiqamətləri daha da artmış olur.

Milli Məclisin deputatı Flora Qasımova deyib ki, Azərbaycanın xarici siyasətində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli əsas yer tutur. F.Qasımova bildirib ki, Azərbaycan bu istiqamətdə qətiyyətli mövqeyini və çoxşaxəli fəaliyyətini davam etdirir. 2018-ci ildə Azərbaycan bu istiqamətdə prinsipial siyasətini davam etdirib. Onun sözlərinə görə, ölkəmizin birmənalı mövqeyi ondan ibarətdir ki, Dağlıq Qarabağ problemi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında öz həllini tapmalıdır. Çünki Dağlıq Qarabağ həm tarixi, həm də məhz hüquqi baxımdan Azərbaycanın ayrılmaz tərkib hissəsidir: "Azərbaycan 2018-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli işində çox ciddi mövqelərə malik olub. İşğalçı siyasətini davam etdirən Ermənistanın isə regionda təcrid vəziyyəti dərinləşir, təcavüzkar ölkə bütün diplomatik cəbhələrdə uduzmaqda davam edir. Ümumiyyətlə, işğlaçı ölkə yürütdüyü destruktiv siyasət nəticəsində qonşu dövlətlərlə və beynəlxalq ictimaiyyətlə münasibətlərdə hərtərəfli gərginliyə malikdir. Digər tərəfdən, ötən il işğalçı ölkədə iyirmi ildir ki, hakimiyyəti zəbt edərək öz xalqını istismar edən kriminal xunta rejimi çöküb. Şübhəsiz ki, bu, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı siyasətin tam iflasıdır. Azərbaycan işğalçı siyasətini davam etdirən Ermənistanı təcrid vəziyyətində saxlayır, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən qlobal enerji, nəqliyyat layihələri bu ölkədən yan keçir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən prinsipial siyasətin nəticəsidir ki, beynəlxalq ictimaiyyət Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar Azərbaycanın ədalətli və haqlı mövqeyini dəstəkləyir, bu mövqe ardıcıl olaraq daha da güclənir. Beynəlxalq ictimaiyyət tərəfindən son zamanlar müxtəlif səviyyələrdə səsləndirilən bəyanatlar, qəbul edilmiş sənədlər Azərbaycanın haqlı və ədalətli mövqeyinin dəstəklənməsinin göstəricisidir". Milli Məclisin deputatı Sona Əliyeva isə deyib ki, ümumiyyətlə 2018-ci ildə Azərbaycan bütün sahələr üzrə böyük uğurlar qazandı. Onun sözlərinə görə, ötən il ölkəmizdə ümumi daxili məhsulda, qeyri-neft sektorunda, sənayedə artım baş verib. Dünya Bankının "Doing Business" hesabatında Azərbaycan dünya miqyasında 25-ci yerə layiq görülüb. Bundan əlavə, ötən il ərzində ölkəmizdə müasir texnologiyanın inkişafına böyük önəm verilib: "Eyni zamanda, Azərbaycanda sosial-iqtisadi sahədə ciddi uğurlar qazanılıb. Həmçinin, ölkəmizin tşəbbüsü ilə mühüm transmilli layihələr reallaşdırılıb. Belə ki,  2018-ci ildə Cənub Qaz Dəhlizinin, TANAP layihəsinin açılışı oldu. Bununla yanaşı, ötən il  Ələt Ticarət Limanı istifadəyə verildi. Bu layihələrin reallaşması təkcə həm Avropanın enerji təhlükəsizliyinin güclənməsində, həm də  Avrasiyanın nəqliyyat infrastrukturu üçün böyük əhəmiyyətə malikdir. Güclü nəqliyyat infrastrukturu Azərbaycanın tranzit imkanlarını artıracaq. Təbii ki, dövlətimiz üçün ən əsas problem torpaqlarımızın erməni işğalından azad olunmasıdır. Prezident İlham Əliyev Dağlıq Qarabağ məsələsində qətiyyətli mövqeyini hər zaman nümayiş etdiri. Ötən il qazanılan Günnüt zəfəri qarşı tərəfə ciddi mesaj oldu".

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31