Ərdoğan ABŞ-a ciddi mesaj verdi: Güzəşt olmayacaq

ABŞ və Türkiyənin Suriya məsələsində ortaq məxrəcə gəldiyini düşünmürəm.

Bunu  ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Türkiyə səfərinin yekununu şərh edən politoloq İlqar Vəlizadə deyib.

"ABŞ-ın bu regionda maraqlarını məhz kürdlər təmsil edir. Kürdlər ABŞ-ın bütün əmr və istəklərini yerinə yetirməyə hazırdır. Buna görə də ABŞ kürdləri itirmək niyyətində deyil. Ankara da anlayır ki, PYD ABŞ-ın əlində Türkiyəyə qarşı bir vasitədir. Buna görə də Türkiyə heç vaxt ABŞ ordusunun Suriyadan çıxarılması qarşılığında PYD-nin təhlükəsizliyinə zəmanət verməyəcək, əksinə, bu terrorçu təşkilatı maksimum neytrallaşdırmağa çalışacaq. Əslində, Ərdoğanın Boltonla görüşdən imtina etməsi də bu yöndə ABŞ-a ciddi siqnal idi", - politoloq bildirib.

Ekspert buna baxmayaraq, ABŞ və Türkiyə arasında Suriya ilə bağlı qızğın alver getdiyini istisna etməyib:

"Türkiyənin əsas məqsədi Suriya ilə sərhəddə təhlükəsizlik zolağı yaratmaqdır. Çox güman ki, tərəflər arasında bu zolaq çərçivəsində yerləşən ABŞ hərbi bazalarının geri çəkilməsi ilə bağlı anlaşma əldə olunub. Ancaq ABŞ-ın bunu havayı edəcəyini düşünmürəm. Zənnimcə, hərbi bazalar PYD-nin istifadəsinə veriləcək. Təcrübə də göstərir ki, bu cür danışıqlar konkret deyil, şərti razılaşma ilə nəticələnir. Təbii ki, bu da real vəziyyəti heç də stabilləşdirmir".

Qeyd edək ki, ötən gün Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Qalınla ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun rəhbərlik etdiyi nümayəndə heyəti arasında Beştəpə sarayında görüş keçirilib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31