“Ölkəmizin bu sahələrdə atdığı addımlar bizə geosiyasi üstünlüklər qazandırır”
8 Yanvar 2019 16:51 Siyasət"Dünyadakı geosiyasi proseslərdə dəyişikliklər baş verir. Bu dəyişikliklər ilk növbədə ABŞ-ın qoşunlarını Suriyadan çıxarmaq qərarı ilə bağlı başladı".
Bu fikirləri siyasi ekspert Elçin Mirzəbəyli deyib.
O bildirib ki, regionda baş verən proseslər dolayısı ilə Azərbaycana da təsir göstərir: "Azərbaycan kiçik ölkə olsa da beynəlxalq, qlobal proseslərin aktiv oyunçularından biridir. Ölkəmiz Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayıb. Bu da şübhəsiz ki, enerji sahəsində Azərbaycanı geosiyasi aktyorlardan birinə çevirib. Bu aspektdən də həm enerji sektorunda, həm də nəqliyyat dəhlizlərinin icrası sahəsində ölkəmizin atdığı addımlar bizə geosiyasi üstünlüklər qazandırır. Bu üstünlüklər 2019-cu ildə daha da möhkəmlənəcək".
Ekspert əlavə edib ki, eyni zamanda regionda baş verən proseslər aparıcı dövlətlərin münaqişələrin həllində əvvəlkindən daha çox maraqlı olduqlarını sübuta yetirir: "Bu prosesdə Türkiyənin və Rusiyanın da rolunun artma ehtimalları var. Təbii ki, münaqişələrin həlli istiqamətində ciddi irəliləyişlər baş verdikcə bu, regionda daimi sülhün, sabitliyin təmin olunması anlamına gəlir. Belə olduğu təqdirdə Azərbaycan özünün geosiyasi önəmini daha da artıracaq və ön plana keçəcək".
Azadinform