"Qazaxıstanla bu dildə danışmaq olmaz"
8 Yanvar 2019 16:26 Siyasət"Cari ilin 1 yanvar tarixində Yeni il gecəsi Qazaxıstan Respublikasının (QR) Karaqanda şəhərindəki ermənilərə məxsus olan "Drevniy Rim" restoranında cinayət hadisəsi baş verdi. Baş vermiş hadisə, yəni ermənilərin mütəşəkkil dəstə şəklində etnik qazaxı öldürməsi Qazaxıstan ictimaiyyətində haqlı narazılığa səbəb olub". Bunu politoloq Elxan Şahinoğlu deyib.
Politoloqun sözlərinə görə, həmin cinayət hadisəsini Qazaxıstanın müvafiq dövlət orqanları araşdırır: "Təbii ki, insanlar da istər-istəməz narazı olaraq küçələrə axışıblar. Bu normal bir haldır. Ermənistandakı müxtəlif qüvvələr məsələni siyasiləşdirməyə çalışırlar. Qazaxıstan kimi böyük bir dövləti sorğu-suala çəkmək istəyirlər. Amma bu gün hiss olunur ki, Ermənistan rəsmiləri bir qədər qorxublar və geri addım atıblar. Mən Paşinyanın və Ermənistan XİN-in açıqlamalarına diqqət yetirdim və onlar bildirirdilər ki, bu məsələyə siyasi don geyindirmək lazım deyil, məsələ araşdırılır. Onlar deyəsən anladılar ki, Qazaxıstanla bu dildə danışmaq olmaz. Ona görə də artıq Ermənistan tərəfi də məsələni siyasiləşdirməkdən qorxub. Hətta ötən gün xəbər yayıblar ki, guya bu işin içində azərbaycanlılar var. Bu cür gülünc iddialar səsləndiriblər. Onlar hər bir şeydə Azərbaycan və azərbaycanlıların izini axtarmağa çalışırlar. Elə bunun özü məsələni siyasiləşdirməkdir".
SİA