Paşinyanın danışıqlar prosesindən uzaqlaşmaq cəhdi

İrəvan prosesi sıfırlamağa çalışır

İrəvan prosesi sıfırlamağa çalışır

Ermənistan hakimiyyəti öz ənənəsinə sadiq qalaraq ciddi cəhdlə danışıqlar prosesini pozmağa, 2019-cu illə bağlı olan ümidləri puça çıxarmağa çalışır. Qeyd edək ki, ötən ilin sonlarından münaqişənin həlli istiqamətində artan diplomatik fəallıq, xüsusilə ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan Rusiyanın tərəflər arasında keçirdiyi görüşlər və həmin görüşlərdə Dağlıq Qarabağ probleminin xüsusi müzakirə edilməsi 2019-cu il ərzində münaqişənin həlli istiqamətində ciddi addımların atılacağına müidlər yaratmışdı. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı xalqa etdiyi təbrik çıxışında 2019-cu ildə münaqişənin həlli istiqamətində mühüm addımlar atılacağına ümid etdiyini bildirmişdi. Ancaq göründüyü kimi hər zamankı kimi işğalçı Ermənistan problemin diplomatik yolla həllinə maraqlı görünmür. Düşənbədə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevlə görüşündə razılaşdığı atəşkəsə əməl edilməsi prinsipini kobud şəkildə pozur, dövlət sərhəddində təxribatlar törətməyə çalışır. Bütün bunlar isə istər-istəməz cəbhədə hərbi əməliyyatların başlaması riskini artırır. Ancaq İrəvan və işğalçı ölkəni idarə edən Nikol Paşinyan unudur ki, cəbhə xəttində hərbi əməliyyatların başlaması Ermənistan üçün ciddi təhlükələr və nəticələr doğura bilər. Ən azından 2016-cı ilin aprel hadisələri belə deməyə əsas verir.  Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə də deyir ki, Ermənistan silahlı qüvvələrinin son günlər dövlət sərhəddinin Qazax istiqamətində və təmas xəttində atəşkəsi mütəmadi pozması Nikol Paşinyanın danışıqlar prosesindən uzaqlaşmaq cəhdi ola bilər. Onun sözlərinə görə, çünki, Nikol Paşinyanın hazırda real imkanları konfliktin həllində aşağı səviyyədədir: " Baxmayaraq ki, Azərbaycan tərəfi ilə şifahi razılaşması oldu, bir müddət cəbhədə nisbi sakitlik hökm sürdü. Görünür, Azərbaycanın ona verdiyi şansdan sui-istifadə edərək, parlament və digər icra strukturlarında mövqeyini möhkəmləndirdikdən sonra danışıqlardan yayınmağa cəhd edir. Amma, onun bu avantürası yenidən aprel eskalasiyasının təkrarlanmasına gətirə bilər.  Bu da Nikol Paşinyanın siyasi fiaskosu olar".
Məhəmməd Əsədullazadə bildirib ki, hazırda Nikol Paşinyanın Rusiya ilə qaz məsələsində anlaşmada istədiyinə nail ola bilməməsi, islahatların reallaşmasında çətinlikləri daxili narazılıqları körükləyir: "Bir tərəfdən də Qarabağ münaqişəsinin həllində imkanları dəyərləndirməməsi Nikol Paşinyanı dilemma qarşısında qoyur. Qeyd edim ki, erməni ordusunda Rusiya kəşfiyyatına bağlı generallar hər vəchlə cəbhədə təxribata gedə bilərlər.  Bununla onlar danışıqlar prosesini sıfırlamağa çalışırlar. Nə qədər ki, Nikol Paşinyan orduda həmin generalları deşifrə etməyib, Qarabağ klanını tam zərərləşdirməyibsə, onun danışıqlarda müstəqil şəkildə qərar verməyi mümkün olmayacaq. Bir tərəfdən də Rusiya da danışıqlarda əsas vasitəçi olaraq qalmaqdadı. Kreml öz regional rakursundan münaqişənin həllinə yanaşır. Kreml "3+2" formatında həll variantını irəli sürür. Və, Qarabağa aralıq statusu verilməsini önə çəkir. Bununla bərabər öz sülhmərmlı qüvvələrini Xankəndində yerləşdirməyi planlayır. Bu, variant təbii ki, Azərbaycanın maraqlarına uyğun deyil".

Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri  qeyd edib ki, Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin növbəti danışıqları gözlənilir: "Bu danışıqlarda detallar barədə məlumat verilməsə də, hər halda Azərbaycan tərəfi ərazi bütövlüyünə qarşı hər hansı bir danışıqlara getməz. Əsas münaqişə ətrafında proses aprel ayından sonra başlayacaq. İl ərzində intensiv danışıqlarda Rusiya da iştirak edəcək. Problem ondan ibarətdir ki, Kreml tərəfinin irəli sürdüyü şərtlər danışıqlara mənfi təsir edəcək. Bu da il ərzində danışıqlar ssenarisinin davam etməsinə xidmət edə bilər. Məhz rəsmi Bakı bu kimi ssenarilərin qarşısın almağa çalışacaq".

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31