Maddi maraqlarının təmin olunması üçün millətə və dövlətə qənim kəsilənlər
Nə yazıq ki, bu çirkin oyunda Azərbaycan gənclərindən istifadə olunur
8 Yanvar 2019 14:44 SiyasətNə yazıq ki, bu çirkin oyunda Azərbaycan gənclərindən istifadə olunur
Sivil siyasi mübarizədə uduzan Azərbaycan müxalifəti artıq yeni üsula əl atıb. İndiyə qədər aparılan "mitinq siyasəti" müxalifətdə təmsil olunanların bir-birini "vurması" üçün alətə çevrildiyindən xarici havadarları tərəfindən yeni mübarizə metodu düşünülüb. Çox təssüf ki, yeni mübarizə metodu radikal müxalifətin düşüncəsindən o tərəfə keçə bilməyib. Müxalifətin düşüncə tərzinə bələd olduğumuzdan deyə bilərik təbii ki, "mitinq siyasəti"ni "soyüş kampaniyası" əvəz etəmli idi. Acınacaqlı hal ondan ibarətdir ki, bu mübarizə metodunda sadəlöv, dərin zəkaya malik olmayan çılğın gənclərdən istifadə olunur. Əslində bu taktika onsuz da yox olan müxalifətin can vermə məqamıdır ki, düşərgədə təmsil olunanlar bilərəkdən bu yolu seçiblər. Daha doğrusu, müxalifət çox gözəl anlayır ki, ölkədə aparılan islahatlar xalqın iqtidara inamını daha da artırır, dövlətə inamı daha möhkəmləndirir. Odur ki, bütün imkanklardan yaralanmağa çalışırlar ki, şəxsi maraqlarını təmin etsinlər. Təbii ki, burada söhbət siyasi kapitaldan deyil, maddi maraq və şəxsi ambisiyaların təmin olunmasından gedir ki, artıq radikal müxalifət bu yöndə fəaliyyətə uzuzn müddətdir ki, start verib. İndi radikal müxalifətin qarşısında duran əsas məsələ kimin daha mütəşəkkil və kütləvi şəkildə "söyüş kampaniyası" aparmaqdan ibarətdir. Çünki, bundan ötrü xaricdəki havadarlarına hesabat verərək maddiyat əldə etməlidirlər. Ona görə də sosial şəbəkələrdə ağına-bozuna baxmadan gözlərini yuymub, ağızlarını açıblar. Əslində onların fəaliyyətlərini sosial şəbəkələrə keçirməsinin, hakimiyyətə qarşı təhqir, yalan, şantaj kampaniyaları təşkil etməsinin əsas səbəbi odur ki, özlərindən çox güclü rəqiblə mübarizə apara bilmədiklərini başa düşürlər. Xüsusən, özünü "ana müxalifət" kimi təqdim edən AXCP-nin sədri Əli Kərimlinin davranışlarının təhlili göstərir ki, o, normal, şüurlu şəkildə hərəkət edən şəxs deyil. Çünki 25 ildən artıq müddətdə müxalifətdə olmaq, hər dəfə eyni fikirləri təkrarlamaq, özünü Məhsul stadionunun "demokratik prezidenti" kimi təsəvvür etmək, ətrafındakıları fantastik iddialara inandırmağa çalışmaq, sonda isə reallığa qayıdıb öz miskin durumu ilə barışmaq ən soyuqqanlı insanda da fəsad yaratmaya bilməz. Buna görə də onun və yaxın ətrafının bütün çıxışları, sosial şəbəkələrdə paylaşdıqları, mitinqlərdə söylədiyi fikirlər "xəstə təxəyyülünün məhsulunu" xatırladır və adi boşboğazlıqdan başqa bir şey deyil.
Cinayət törədərək haqlı cəzasını almış bir şəxslə bağlı yalan məlumatlar əsasında kampaniya təşkil etmək, bu hadisəni az qala dövlət əhəmiyyətli məsələyə çevirmək cəhdi bu insanların nə qədər qeyri-ciddi olduğunu və cəmiyyətə hörmətsiz yanaşdıqlarını göstərir. Hazırda müxalifətin vasitə kimi istifadə etdiyi Mehman Hüseynov 2017-ci ilin martın 3-də həbs olunub. O, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Ötən il dekabrın dekabrın 26-da isə Penitensiar Xidmət açıqlama yayaraq bəyan edib ki, 14 saylı cəzaçəkmə müəssisəsində plan üzrə aparılan növbəti ümumi axtarış-baxış tədbirləri zamanı məhkum Hüseynov Mehman Rafiq oğlu müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Abdalov Əli Ələddin oğlunun qanuni tələblərinə tabe olmayaraq ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib, xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb. Bu faktla bağlı Bakı şəhəri Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə cinayət işi başlanıb. Anti-milli qruplar və onların xaricdəki havadarları bu hadisəni Azərbaycanın əleyhinə növbəti kampaniya başlamaq üçün fürsət kimi istifadə edirlər. Məsələ elə təqdim edilir ki, guya M.Hüseynov quru aclıq keçirir, səhhəti kritik durumdadır. Ədliyyə Nazirliyi Pentensiar Xidmətin məlumatına əsasən, Mehman Hüseynov aclıq aksiyası keçirmir və səhhəti qaydasındadır.Onun qidalandığı, vəkili ilə görüşdüyü, ailə üzvləri ilə telefonla danışdığı rəsmi məlumatda təsdiqini tapır. Mehman Hüseynov jurnalist deyil, onu mediaya bağlayan yeganə səbəb qardaşı Emin Hüseynovun Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu adlı qurum yaratmasıdır. Qardaşı gizli yolla başqa ölkəyə qaçırıldıqdan sonra, M. Hüseynovunda mühacir kimi xaricə çıxmasını təmin etmək məqsədilə onun guya "bloqer" olması və hakimiyyəti tənqid etdiyinə görə təzyiqlərlə üzləşməsi barədə rəy formalaşdırmağa cəhd göstərildi. Əslində, aclıq aksiyası siyasi üsuldur və dünyanın müxtəlif ölkələrində bu metoddan istifadə olunur. Vaxtilə müxalifət düşərgəsini təmsil edən bir sıra şəxslər müxtəlif səbəblərdən bu yola əl atır, aclıq aksiyası keçirdiklərini bəyan edir, bu hadisə media tərəfindən ciddi piar olunurdu. Sonra isə müəyyənləşirdi ki, gündüz aclıq keçirdiklərini bəyan edən şəxslər əslində Çarlz Hayder kimi gizlincə qidalanırlar. Nəzərə almaq lazımdır ki, Azərbaycan iqtidarının güclənməsi, dünyada böyük nüfuza malik olması, öz milli maraqlarını müdafiə etməyi bacarması müxalifətin gəlir əldə etməsi üçün ən böyük maneədir. Odur ki, Azərbaycan dövlətinin, xüsusən də prezident İlham Əliyevin müstəqil xarici siyasət yürütməsi bu düşərgəni ciddi narahat edir. Sadalanan faktlar deməyə əsas verir ki, 25 ildir müxalifət adı altında radikal və destruktiv fəaliyyət göstərən anti-milli qruplar çirkin iş metodlarını dəyişə, yeniləyə bilmir, Azərbaycanın milli maraqlarına, dövlətə və xalqa qarşı mübarizədə ən çirkin vasitələrdən istifadə edirlər. Bu kimi proseslərin Azərbaycan dövləti və xalqı üçün təhlükəsi ondan ibarətdir ki, xarici qüvvələrin təsiri altına düşmüş bu kəsimlər nəyin bahasına olursa-olsun dövləti gözdən salmağa çalışırlar. Bunun üçün bütün mümkün üsullardan istifadə edir, istənilən anti-Azərbaycan dairələrinin sifarişlərini yerinə yetirməyə hazır olduqlarını bəyan edirlər. Görütü ondan ibarətdir ki, Azərbaycanın müstəqilliyindən əziyyət çəkən radikal müxalifət dövlətin kiminsə boyunduruğu altında yaşamasına hər cür yardım etməyə hazırdır. Gün kimi aydındır ki, bu qurumda təmsil olunanlar Azərbaycan qanunlarının əleyhinə gedərək, Azərbaycanın dövlətçiliyini, müstəqilliyini sarsıtmaq üçün, Azərbaycanda mövcud olan sabitliyi, əmin-amanlığı pozmaq üçün xarici dairələrdən göstəriş alırlar. Bu dairələrin isə xarici səfirliklər və beynəlxalq qurumlardan ibarət olması sirr deyil. Baş verən proseslərin təhlili deməyə əsas verir ki, radikal müxalifət maddi marağının təmin olunması üçün hətta bu düşərgədə təmsil olunanları zərbə altında qoymaqdan belə çəkinmir. Nə yazıq ki, bu çirkin oyunda Azərbaycan gənclərindən istifadə olunur.
Zəka