Azərbaycanın beynəlxalq aləmdə mövqeyi daha da möhkəmlənib
Ötən il ölkəmiz xarici siyasətdə ciddi uğurlar əldə edib Azərbaycan müstəqillik əldə etdikdən sonra yürütdüyü xarici siyasət dünya dövlətləri, eləcə də beynəlxalq birliklər tərəfindən müsbət qiymətləndirilir. Birmənalı şəkildə qeyd etmək olar ki, ölkəmizin həyata keçirdiyi düşünülmüş xarici siyasəti dünyanın super gücləri və nüfuzlu beynəlxalq təşkilatları ilə bərabərhüquqlu tərəfdaşlıq səviyyəsinə yüksəlib. Daha dəqiq, Azərbaycan dünya ölkələri üçün strateji tərəfdaş, etibarlı partnyor dövlətinə çevrilib.
8 Yanvar 2019 13:00 SiyasətÖtən il ölkəmiz xarici siyasətdə ciddi uğurlar əldə edib
Azərbaycan müstəqillik əldə etdikdən sonra yürütdüyü xarici siyasət dünya dövlətləri, eləcə də beynəlxalq birliklər tərəfindən müsbət qiymətləndirilir. Birmənalı şəkildə qeyd etmək olar ki, ölkəmizin həyata keçirdiyi düşünülmüş xarici siyasəti dünyanın super gücləri və nüfuzlu beynəlxalq təşkilatları ilə bərabərhüquqlu tərəfdaşlıq səviyyəsinə yüksəlib. Daha dəqiq, Azərbaycan dünya ölkələri üçün strateji tərəfdaş, etibarlı partnyor dövlətinə çevrilib. Məhz həyata keçirilən uğurlu xarici siyasətin nəticəsidir ki, Azərbaycan beynəlxalq aləmdə dəstəklənərək söz sahibinə çevrilib. Məlum olduğu kimi 2018-ci ildə qlobal və regional güclər arasında artan ixtilaflar beynəlxalq münasibətlər sistemində davam edən gərginliyi, o cümlədən dövlətlərin suverenliyi və daxili işlərinə müdaxilələri, beynəlxalq hüququn norma və prinsiplərinə ikili yanaşmanı, həmçinin silahlı münaqişələr, etnik qarşıdurmalar, birtərəfli iqtisadi sanksiyalar, dözümsüzlük və humanitar böhran vəziyyətini daha da kəskinləşdirmişdir. Yerləşdiyi region ətrafında cərəyan edən ziddiyyətli proseslər şəraitində ölkəmiz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində daxili sabitlik və inkişafını təmin etmək, iqtisadiyyatını müsbət artım dinamikasına kökləmək və irimiqyaslı layihələr həyata keçirməklə beynəlxalq səviyyədəki nüfuz və rəğbətini daha da möhkəmləndirməyə müvəffəq olub. Xüsusən, 2018-ci ildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir sıra beynəlxalq təşkilatlar tərəfindən maraqlarımıza cavab verən aşağıdakı önəmli sənədlərin qəbul edilməsinə nail olunub. 3-6 aprel 2018-ci il tarixlərində 117 ölkə və 16 beynəlxalq təşkilatın yüksək səviyyəli rəsmilərinin iştirakı ilə Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Aralıq Nazirlər Konfransının yekun sənədinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipi əsasında həll edilməsinin vacibliyini vurğulayan bənd daxil edilib. Həmçinin Düşənbə şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirlər Şurası iclasının yekun sənədinə Ermənistanın-Azərbaycan münaqişəsinin regional iqtisadi əməkdaşlığa maneə törətdiyi və münaqişənin tezliklə dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipləri əsasında həllinin vacibliyinə dair bənd daxil edilib.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib ki, 2018-ci il Azərbaycanın beynəlxalq miqyasda mövqelərinin möhkəmlənməsi ilə əlamətdar oldu. S.Fətəliyeva bildirib ki, Azərbaycan milli maraqlara əsaslanan və ölkənin hərtərəfli inkişafını hədəfləyən məqsədyönlü daxili siyasət həyata keçirir. Onun sözlərinə görə, dövlətimiz həmçinin, çoxvektorlu xarici siyasət kursuna da malikdir: "Xarici siyasətində ədalət prinsipinə söykənməsi və daim xoş məram nümayiş etdirməsi beynəlxalq miqyasda ölkəmizə böyük nüfuz qazandırıb. Təsadüfi deyil ki, son vaxtlarda respublikamız bir sıra mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Eyni zamanda, ölkəmizin əsas problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda ölkəmizin mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən daha qətiyyətlə dəstəklənir. Bütün bunlar onu təsdiqləyir ki, Azərbaycan beynəlxalq aləmdə özünün layiq olduğu yeri tutub. Azərbaycan dövləti xarici siyasət kursunda regional əməkdaşlıq platformalarının yaradılmasına və praktiki müstəvidə onların səmərəli fəaliyyətinin təmin edilməsinə xüsusi səy göstərir. Bu gün Azərbaycan regionda işğalçı Ermənistan istisna olmaqla bütün qonşu dövlətlərlə strateji tərəfdaşlıq münasibətlərini uğurla inkişaf etdirir və bundan bütün tərəflər fayda götürür". Milli Məclisin deputatı Asim Mollazadə deyib ki, 2018-ci ildə Azərbaycan beynəlxalq miqyasda bir neçə istiqamətdə mövqelərini daha da gücləndirdi. Ölkəmiz ötən dövr ərzində çox şaxəli əməkdaşlıq sisteminin formalaşmasında çox fəal işlər görüb. A.Mollazadə bildirib ki, Azərbaycanın strateji layihələri beynəlxalq imicinin daha da güclənməsində mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, enerji sahəsi üzrə ölkəmiz tərəfindən həyata keçirilən TANAP layihəsi, TAP-ın həyata keçməsi üçün görülən böyük işlər, bununla yanaşı nəqliyyat sistemi ilə bağlı Şərq-Qərb, Şimal-Cənub dəhlizlərinin formalaşdırılması ölkəmizin ortaq maraqlar formalaşdıran mərkəzə çevirib: "Bu da Azərbaycanın nüfuzunu daha da artırır, ölkəmizlə əməkdaşlıq dünya üçün cəlbedici olmaqla yanaşı, iqtisadi, siyasi, mədəni sahədə böyük marağa səbəb olur. Azərbaycanın mədəniyyətlərin əməkdaşlığına böyük önəm verir. Bakı bunun nəticəsində sivilizasiyalar, dinlərarası əməkdaşlıq mərkəzinə çevrilib. Təbii ki, bütün bunlar ölkəmizin nüfuzunun artmasına xidmət edən məsələlərdir". Göründüyü kimi, prezident İlham Əliyevin yürütdüyü düşünülmüs xarici siyasi strategiya müstəqil dövlətimizi dünya birliyinin layiqli, demokratik, sülhsevər dövlətləri sırasına qoşmaqdadır. Bu siyasət Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, suverenliyinin və ərazi bütövlüyünün bərpa olunmasını təmin edən başlıca amildir.
Alim