Əli Kərimlinin qrant oyunu-Növbəti qurbanı Mehman Hüseynovdur

İndi hər kəs blogger Mehman Hüseynov ətrafında başladılan hadisədən fayda götürmək yarışındadır.Mehman daha çox sarkazm bloggeridir. Onun işi sarkazmına yapışan məmurları tapmaq və onlarla elə onların diliylə də bir növ "məzələnməkdir", insanların üzündə gülüş yaratmaqdır. Mehman hər zaman bununla - bacardığı bu işlə məşğul olub. Elə Hacıbalanı danışdıranda da, Hafiz Hacıyevdən açıqlama alanda da. İndi bu siyasi olmayan, hətta istəsə belə ola bilməyən adamdan kim nə düzəltmək istəyir ki?! Görüntüdə guya Mehmanın azadlığı üçün əlləşir, batində isə öz nəfinə faydalanmağa cəhd edir. Beləcə Mehmanı da oyuna sürükləyirlər. Mehmanın adına yeni oyun oynamağa çalışırlar. 

Hər halda maraqlı qüvvələr çoxdur. Bunu çoxları anlayır. Amma o çoxların heç biri özünü büruzə vermir. Hələlik özünü büruzə verən Əli Kərimlidir. Çünki danışmaq missiyası onundur. Kərimli üçünsə qarışıqlıqdan, yalançı ajiotajdan üstün nəsə yoxdur. Ona görə ki, ancaq bu halda görünür və özüylə bərabər görünmək istəyənlərin də boy verməsinə təkan verir. Kütlə də inanır. Doğrudanmı onlara Mehman lazımdır? Mehmanın səhhəti, sağlıq durumu, aclığı-toxluğu maraqlıdır? Qətiyyən! 
Məgər Əli Kərimli üçün və ya həmin özünü, üzünü, izini gizləyən qüvvələr üçün Mehman xüsusi dəyərdir, İlqar Məmmədov isə həbsdə olanda Mehman qədər dəyər deyildi? Təbii ki, İlqar Məmmədov siyasi adam idi. Onun imkanlarının geniş olması bu adamlara, bu qüvvələrə sərf etmirdi. Heç Məmmədov özü də bu oyunlara sığışmaq istəməzdi. Ona görə də heç zaman sözdən o yana dəstək görmədi. Amma Əli Kərimli də, onunla eyni düşünən və əlbir olanlar və öz oyununu oynayanlar Mehmana kampaniyalı dəstək verməklə işlərini görürlər. Mehmanı isə oyuna salırlar. 

Mehman Azərbaycan, cəmiyyət üçün adidən də adi insandır, qorxulu deyil, onun bu cəmiyyətdə nəyisə dəyişmək gücü yoxdur, olmayıb və olmayacaq. Çünki adam dünyaya zatən başqa iş üçün gəlib. İndiyə kimi bacardıqlarını edib, bacarmadıqlarını da gələcəkdə etməyə cəhd edəcək. Kiminsə villasını çəkməklə, çilçırağını ("lüstrünü") göstərməklə siyasətçi yox, heç jurnalist də olmaq mümkün deyil. Məsələnin ikinci tərəfi isə daha çox üstündən sükutla keçilən teoremdir. O çilçırağı  (yaxud başqa bir nəsnə olsun) kim çəkib, niyə çəkib, yaxud necə çəkib bütün bunlar cavabsız suallardır...

Mehman siyasətçi deyil, o cəmiyyəti dəyişmək və dəyişməyə cəhd etmək bacarığında olmayan bir adamdır. Hazırda isə ortada Mehmandan ajiotaj yaratmaq cəhdi var. Ona görə bu oyunu indidən pozmaq ən yaxşı çıxış yoludur. Mehmanla bağlı qanunsuzluqlara son qoyulur, o haqq-nahaq birinci həbs müddətini başa vurur, azadlığına qovuşur və məsələ bitir. Məsələnin bitməsiylə də çox kürəklər yerə çırpılır. 

Təbii ki, kürəyi yerə dəyənlər susmayacaqlar. Bir-iki nəfər dayanmayacaq. Qələbə qazandıq deyəcəklər, digər gəncləri də Hafiz Hacıyev demiş, "fırıtdayıb" güdaza verməyə çalışacaqlar. Amma ağlı başında olanlar onların səsini eşitməyəcəklər. Çünki hər kəs onların nə istədiyini yaxşı bilir. 17 noyabrda Əli Kərimli bir yürüşə çıxdı və həbs olundu. 2 sutka tamam olmamış azadlığa çıxdı. Çıxanda bəyan etdi ki, bu tip yürüşlər davamlı olacaq. Nə oldu bəs o davamlı yürüşlər? O yürüş məhz bircə dəfə üçün lazım idi? Məntiq də, informasiya da elə deyir. Bircə dəfə lazım idi və artıq missiyasını bitirib.

Mehmanı da oyuna qatmayın. Yalançı vətənpərvərliklə, "sarafon demokratiya" düşüncəsi ilə onu qurban verməyin. Susun, xaos istəyinizi boğun, sosial şəbəkələrdəki qıyqışqırığınız kəsilsin, imkan verin normal adamlar Mehmanı savunsun və hər şey yolunda getsin, Mehman da azadlığına qovuşsun. Pul, mal, missiya hərisliyinizi bir gəncin - o gəncin ki, siyasi bacarığı yox, siyasi dünyagörüşü yox, sadəcə bir bloggerdir - üzərindən oynamayın. 

Ümid edək ki, belə də olacaq. Mehmanın ətrafındakı oyunlara son qoyulur, o,  haqq-nahaq birinci həbs müddətini başa vurur, azadlığa çıxır və məsələ bitir. Məsələnin bitməsiylə də çox kürəklər yerə çırpılır.

Cebhe.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31