“Rusiya münaqişənin tənzimlənməsində daha fəal mövqe sərgiləmək istəyir”
“Bu il Azərbaycanın 7 rayonunun işğaldan azad edilməsi ilə bağlı 5+2 variantı var”. Bunu Politoloq Elşən Manafov deyib.
7 Yanvar 2019 17:42 Siyasət"Bu il Azərbaycanın 7 rayonunun işğaldan azad edilməsi ilə bağlı 5+2 variantı var". Bunu Politoloq Elşən Manafov deyib.
Onun sözlərinə görə, yəni işğal altında olan ərazilərin qaytarılması ilə bağlı Rusiya mətbuatında gedən məqalələr bu və ya digər mənada Kremlə yaxınlığı ilə seçilən politoloqların verdiyi açıqlamalardır: "Rusiya bu bölgədə Dağlıq Qarabağ münaqişənin tənzimlənməsi ilə bağlı danışıqlarda daha fəal mövqe sərgiləmək istəyir. Sarkiysandan fərqli olaraq, Paşinyanın bu danışıqlarda dialoqa hazır olması və güzəştə gedə biləcəyi ilə bağlı amilləri isə hələ ki, görmürəm. Paşinyan hakimiyyət başına gəldikdən sonra populist xarakterli bəyanatlar verdi, hətta öz oğlunu belə Dağlıq Qarabağda hərbi xidmətə göndərdi və bu mənada Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində güzəştə gedə biləcəyi ilə bağlı hər hansı bir addım atdığını müşahidə etməmişik. Başqa məsələdir ki, hazırda o, Rusiya ilə münasibətlərdə müəyyən gərginlik yaşanır. İstisna deyil, Rusiya bu danışıqlarda daha fərqli mövqe sərgiləyib, Paşinyan iqtidarına təzyiqlərini gücləndirsin. Əsas məsələ ondan ibarətdir ki, Rusiyanın Azərbaycan dövlətindən müəyyən gözləntiləri var. Bu gözləntilərdə ondan ibarətdi ki, Rusiya Azərbaycanı Avrasiya İttifaqı Birliyində görmək istəyir, Kollektiv Təhlükəsizliyi Müqaviləsi Təşkilatında görmək istəyir və bu mənada Rusiya ilə yanaşı bu təşkilatın üzvi olan digər dövlətlərində Azərbaycan hakimiyyəti və Azərbaycan Prezidenti ilə çox gözəl münasibətləri var. Bu mənada Azərbaycanın bu təşkilatla bağlı qəbul edə biləcəyi qərar Azərbaycan Prezidentinin səlahiyyətlərinə aid olan məsələdir. Rusiya əgər bizə ən yüksək səviyyədə təminat verərsə ki, Qarabağ problemi məhz yaxın gələcəkdə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapacaq və bu məsələdə güzəştlər ən azı daha çox Azərbaycan dövlətinin xeyrinə olacaq onda bizim bu təşkilatlara gələcəkdə üzvlüyümüzlə bağlı məsələni müsbət mənada həllini gözləmək olar. Amma hələ ki, Paşinyanın Qərbə inteqrasiyası ilə bağlı sərgilədiyi mövqe belə bir fikir sərgiləməyə əsas verir ki, Rusiya ilə yanaşı prespektivdə Qərbində Paşinyan iqtidarına təzyiq etmək imkanları artacaq. İndi əsas məsələ Rusiya və ABŞ arasında Ermənistana təsir dairəsi uğurunda gedən mübarizədir. Yaxın gələcəkdə ABŞ bu mübarizəni öz xeyrinə həll etməyə səy göstərəcək. Lakin buna nail ola biləcəkmi? Rusiyanın Ermənistana təzyiq imkanları, həm maliyyə, həm siyasi baxımdan, həm də hərbi konteksdədir. Bu baxımdan Ermənistanı güzəştə getməyə sövq edə biləcək yeganə tərəf düşünürəm ki, hazırda Rusiyadır. Rusiyanın da hər iki tərəfdən, həm Azərbaycan, həm də Ermənistan hakimiyyəti ilə bağlı müəyyən gözləntiləri və tərəflərin ata biləcəyi addımlar var. Tərəflərin qəbul edə biləcəyi qərarlardan asılı olaraq, Rusiya iqtidarı da bu münaqişənin tənzimlənməsi ilə bağlı danışıqlarda daha fərqli mövqeni ortalığa qoyacaq".
SİA