Məşhur Ərdəbil imam-cüməsindən Azərbaycan əleyhinə təxribatçı addım – Video

 

 

Ərdəbil əyalətinin imam-cüməsi Həsən Amuli Azərbaycan şəhərləri arasında nifaq salmaq məqsədi ilə ərdəbilli gənclərlə Təbriz əleyhinə etiraz aksiyası keçirməyi planlaşdırır.

Teleqraf.com Güney Azərbaycana bağlı saytlara istinadla xəbər verir ki, imam-cümə məkrli planını Ərdəbil əyalətində yerləşən İmarət kəndinin İran Daxili İşlər Nazirliyi tərəfindən Şərqi Azərbaycana birləşdirilməsi bəhanəsi ilə həyata keçirir.

Belə ki, İran Daxili İşlər Nazirliyi 2018-ci il noyabrın 6-da Ərdəbil əyalətinin Germi məntəqəsində yerləşən İmarət kəndinin Şərqi Azərbaycan əyalətinin Hurand məntəqəsinə ilhaq edilməsi barədə qərar qəbul edib.

Həsən Amuli bu bəhanədən sui-istifadə edərək Şərqi Azərbaycan və Ərdəbil əyaləti arasında təfriqə salmağa çalışır.

O, cümə namazı xütbəsində bildirib ki, Nazirlər Kabineti bu yanlışlığı dərhal aradan qaldırmasa, yerli gənclərlə birlikdə Ərdəbil Valiliyinin qapısını bağlayacaq, valini isə istirahətə göndərəcək.

Həsən Amuli Ərdəbil əyalətində yerləşən "Heyran gədiyi" ərazisinin Gilana ilhaq edilməsi ilə bağlı cəhdlərə, həmçinin nəhəng Muğan Aqrosənaye Şirkətinin olduqca ucuz qiymətə özəlləşdirilməsinə səssiz qalıb. O, bütün azərbaycanlıların etiraz etdiyi "Heyran gədiyi" məsələsinə də heç bir reaksiya verməyib.

Bütün bunlar göstərir ki, imam-cümənin məqsədi əyaləti qorumaq deyil, Azərbaycan əyalətləri və şəhərləri arasında nifaq salmaqdan ibarətdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31