CAVAD XANIN QATİLİ SİSİANOVUN ÖLÜMÜ
5 Yanvar 2019 00:11 SiyasətNazir Əhmədli
(İbrətamiz bir hekayə)
"Cavad xanın qəbri haradadır?" məqaləsindən.
Əli Cavad xanın və on minlərlə günahsız insanın qanına batmış general P.Sisianov Bakı səfərinin sonuncu olacağını sanki duymuşdu. Yürüşdən bir neçə gün əvvəl dostu V.Zinovyevə yazmışdı: "Hökmdarımız mənə qarşı mərhəmətlidir və məni öz yanına aparmağa söz verib. Dua elə ki, sağ-salamat gəlib çıxım. Mən sənə hündür boylu, gözəl yerişli, Zahid xan adlı gözəl bir at da gətirəcəyəm. Əgər mən burada ölsəm və ya öldürülsəm, vəsiyyətimə görə o Sizə çatacaq".
General Ladınskinin verdiyi məlumata görə, knyaz Sisianov Bakıya hərbi səfərə çıxmazdan qabaq xeyli müddət Gəncədə yaşamalı olur. Bir it hər gecə onun yaşadığı evin damına çıxıb dəhşətli səslə ulayırmış. Onu öldürürlər, lakin onu başqa bir it əvəz edir və onu da öldürürlər. Neçəsini öldürsələr də hər dəfə yeni bir it onun damına çıxıb ulayır və onun canına qorxu salıb yatmağa qoymurmuş. Onda Sisianovun əmri ilə Gəncədəki bütün itləri güllələyirlər.
Sisianov 1806-cı ilin 8 fevralında Gəncədən Bakıya gəlir və öldürülür...
Görünür, öldürtdüyü itlərin vasitəsilə əcdadları onun ölümünün yaxınlaşdığını xəbər verirlərmiş və Sisianov da əcəlinin çatdığını hiss edibmiş...
Bakılılar Sisianovun başını və bir qolunu kəsib, Tehrana, Fətəli şaha göndərirlər, başsız bədənini isə Qoşa qala qapısının divarları yaxınlığında dəfn edirlər. General Bulqakov Bakını alanda onun başsız bədənini erməni kilsəsinə köçürtdürür, Markiz Pauluççi isə həmin qalıqları 1811-ci il noyabr ayının 27-də Tiflisdəki Sion Soborunda dəfn etdirir.