"Ermənistanın qeyri-konstruktiv mövqeyi əngəl yaradır”
4 Yanvar 2019 17:37 Siyasət"2018-ci ildə ölkəmizin əldə etdiyi ən böyük nailiyyətlərdən biri müvəffəqiyyətli ordu quruculuğu oldu. Azərbaycan büdcəsinin böyük hissəsini hərbi xərclərə ayırdı. Ordumuz müasir silahlarla təchiz edildi. Nəticədə yüksək döyüş qabiliyyətli, işğal altında olan torpaqlarımızı azad etməyə qadir olan ordu formalaşdırıldı. Görülən işlər nəticəsində ordumuz dünyanın ən güclü 50 ordusu sırasına daxil ola bilib ki, bu, hər birimiz üçün sevindirici haldır". Bu fikirləri politoloq Qabil Hüseynli deyib.
O bildirib ki, 2018-ci ildə Azərbaycanın xarici siyasətində bir-birinin ardınca uğurlar qazanılıb.
Politoloq söyləyib ki, ötən il Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dünya ictimai rəyinin intensiv məlumatlandırılması və nəticə etibarı ilə Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanıdılmasına nail olunmasıdır:
"Bu gün bütün beynəlxalq qurumların əksəriyyəti, NATO, Avropa Şurası, Avropa Parlamenti, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digərləri Dağlıq Qarabağı Azərbaycanın ərazi bütövlüyü tərkibində həll edilməsinə dair bəyanatlar verdi. Əgər illər öncə İslam Əməkdaşlıq Konfransından başqa heç bir beynəlxalq birlik Azərbaycanın ərazi bütövlüyünü heç söz də belə bildirmirdisə, artıq Azərbaycanın uğurlu xarici siyasəti nəticəsində buna nail ola bilmişik. Hazırda beynəlxalq təşkilatlar açıq şəkildə bunu bütün dünya ictimai rəyinə bəyan edirlər".
Q.Hüseynli söyləyib ki, atılan addımlar nəticəsində Azərbaycanın beynəlxalq aləmdə siyasi mövqeləri möhkəmlənməklə yanaşı, dinamik rol oynamağa başlayıb: "Bu gün Azərbaycan Prezidentinin həyata keçirdiyi xarici siyasət nəticəsində qarşıya qoyulan hədəflərin hamısına nail olunub. Sadəcə siyasi proseslərdə Ermənistan tərəfinin tutduğu qeyri-konstruktiv mövqe hələ ki, bu diplomatik uğurları real işə çevirməyə əngəl yaradır".
Politoloq vurğulayıb ki, Azərbaycan Ermənistanın nazı ilə oynamaq fikrində deyil: "Bu müəyyən müddətə qədər dayan bilər. Ölkə başçısının özü də dəfələrlə vurğulayıb ki, biz yaz aylarına qədər Ermənistana vaxt vermişik. Bu da onların daxilində baş verən proseslərlə bağlı idi. Azərbaycan siyasi rəhbərliyi çox böyük comərdlik göstərərək Ermənistanda qarışıqlıq olan zaman onlara hər hansı müdaxilə etmək istəmədi. Bu addım düzgün idi. Bunun nəticəsində dünya ölkələri, aparıcı beynəlxalq təşkilatlar Azərbaycan xalqına, onun siyasi rəhbərliyinə hörmətlə yanaşır və ölkəmizin həyata keçirdiyi siyasətin uğur verəcəyi şübhəsiz görünür".
SİA