"Putinlə görüş Ermənistan və Paşinyan üçün uğursuz olub"
4 Yanvar 2019 14:48 Siyasət"İstər Ermənistanın özündə az-çox qalan, fəaliyyət göstərən müxalifət mətbuatının, istər bizim bəzi region ölkələrinin mətbuatının, istərsə də Azərbaycan mediasının həqiqətən doğru ifadə etdiyi kimi Paşinyanın Rusiyaya sonuncu səfəri, Putinlə görüşməsi Ermənistanın və Paşinyanın maraqları baxımından olduqca uğursuz olub". Bunu "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
"Əlbəttə ki, bu səfər Paşinyan üçün bir siyasi lider, dövlət rəhbəri olaraq biabırçı idi. Düşünürəm ki, medianın bu yanaşmaları emosional deyil. Bu məsələnin mahiyyətinə verilən obyektiv qiymətdir. Hətta mən deyərdim ki, Paşinyanın Moskvada Putinlə sonuncu görüşünü onun Moskva səfəri və yaxud müzakirələr kimi xarakterizə etmək düzgün olmazdı. Bu daha çox Paşinyanın Moskvaya çağırılması və seçkidən sonra Paşinyanın Rusiya-Ermənistan münasibətləri barədə nə düşündüyü ilə bağlı bir vizual olaraq kəşfiyyat aparılması gedişi idi. Əslində bu görüşün uğursuz olacağı əvvəldən görünən idi. Çünki Paşinyan Rusiya-Ermənistan münasibətləri üçün ən maraqlı olan məsələlərlə bağlı artıq bəzi kartlarını ortaya qoymuşdu. Bütün bunlar Ermənistanın baş nazirinin ciddi fiqur kimi qəbul edilməməsini göstərməklə yanaşı, həm də ümumilikdə regionda və dünyada Ermənistana olan neqativ münasibətin təzahürüdür"-deyə, A.Quliyev fikrini tamamlayıb.
SİA