"2019-ci ildə qonşu ölkələrdə savaş pik həddə çata bilər"

"Regionda və dünyada baş verən proseslərə, hadisələrə baxdıqda yeni ilin, yəni 2019-cu ilin təlatümlü il olacağını deyə bilərik". Bu fikirləri politoloq Nəzakət Məmmədova belə deyib.

Cari ildə Cənubi Qafqaz bölgəsində yeni güc nisbəti yarana biləcəyini deyən politoloq söyləyib ki, bu, ABŞ, Avropa Birliyi və Rusiya üçbucağının geosiyasi nüfuz savaşının gedişatından asılı olacaq.

O bildirib ki, 2018-ci ildə ABŞ-a qarşı AB-Rusiya İttifaqının Gürcüstanda və Ermənistanda fəallaşdığını nəzərə alsaq, o zaman bu il sözügedən qonşu ölkələrdə savaş pik həddə çata bilər.

N.Məmmədova vurğulayıb ki, regionda qızğın mübarizə 2019-cu ilin həlledici il olması ilə bağlıdır.

Ermənistanda post-parlament, Gürcüstan və Azərbaycanda isə pre-parlament seçkiləri dövrünün məhz 2019-cu ilə təsadüf etdiyini dilə gətirən politoloq 2020-ci ildə Gürcüstan və Azərbaycanda parlament seçkilərinin keçiriləcəyini nəzərə alaraq bu il iki respublikada seçkiyə hazırlıq siyasi sistemdə dəyişiklik, islahatlar və mübarizə ili kimi keçə biləcəyini dilə gətirib.

Onun sözlərinə görə, Gürcüstanda parlament seçkilərinə hazırlıq və seçki dövrünün kəskin qarşıdurma ilə müşayiət olunacağı istisna edilmir: "Prezident seçkilərinə bir o qədər də önəm verməyən və rəqib dövlətləri irəli buraxan ABŞ parlament seçkilərində özünə yaxın siyasi partiyaların qanunverici orqanda təmsil oluna bilməsi üçün bütün gücünü səfərbər edərək, Rusiya və AB-nin Gürcüstan siyasətindəki mövqelərini sarsıtmağa çalışacaq. Məhz bu seçkilər NATO-nun Qara dəniz akvatoriyasının bir hissəsi kimi Gürcüstanı üzv qəbul etmə siyasətinə həlledici təsir göstərən amil olacaq".

N. Məmmədova deyib ki, Azərbaycanda seçkilər qonşu ölkələrə nisbətdə sakit keçəcək.

Politoloqun fikrincə, Ermənistanda siyasi mübarizə 2019-cu ildə şiddətlənə bilər: "Nikol Paşinyanın öz mövqeyini möhkəmlətməsi, Rusiyanın Ermənistandakı mövqeyi, Qarabağ münaqişəsinin taleyi bu ildə həlledici dövrə qədəm qoyacaq".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31