Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yeni vəziyyət yaranır

İlham Əliyev: “ Ümid edirəm ki, 2019-cu ildə bu sahədə irəliləyiş ola bilər”

İlham Əliyev: " Ümid edirəm ki, 2019-cu ildə bu sahədə irəliləyiş ola bilər"

Azərbaycan daha bir ili uğurla başa vurdu. Ötən il ərzində bütün sahələrdə əldə edilən nailiyyətlər, qazanılan uğurlar Azərbaycanın həm regionda, həm də beynəlxalq aləmdə mövqelərini bir qədər möhkəmləndirdi. İctimai-siyasi sabitliyin qorunub saxlanması fonunda iqtisadiyyatımızın inkişaf etdirilməsi əhalinin sosial rifah halının yaxşılaşdırılmasına da öz müsbət təsirini göstərdi. İnkişaf etmiş ölkələrlə müqayisədə il ərzində bir neçə dəfə maaş  və pensiyaların artması, yeni iş yerlərinin açılması, uzun illər əsas prioritet hesab edilən qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi məhz Azərbaycanın 2018-ci il ərzində əldə etdiyi uğurlar sırasında idi.

Ölkəmizin əldə etdiyi iqtisadi nailiyyətlərin nüfuzlu beynəlxalq reytinq agentlikləri, beynəlxalq maliyyə qurumları tərəfindən də müsbət qiymətləndirilməsi onu deməyə əsas verir ki, 2018-ci il Azərbaycan üçün uğurlu olub. Məlumat üçün qeyd edək ki, Dünya Bankının "Doing Business" proqramının son hesablamalarında Azərbaycan dünya miqyasında 25-ci yerə layiq görülüb. Bu da onu deməyə əsas verir ki, ölkədə aparılan islahatlar və onun müsbət nəticələri  Dünya Bankı bunu yüksək qiymətləndirir.

2018-ci il əksər sahələrdə uğurlarla yadda qalsa da, lakin ötən ilə də Dağlıq Qarabağ probleminin həlli baxımından ölkəmiz üçün müsbət nəticələnmədi desək yanılmarıq. Düzdür, rəsmi Bakının uğurlu xarici siyssət kursu və diplomatik gedişləri nəticəsində işğalçı Ermənistan sözügedən məsələdə ciddi uğursuzluqlarla üzləşdi və İrəvanın işğalçılıq siyasəti tam çılpaqılığı ilkə ifşa edildi. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin ayrı-ayrı ölkələrə səfərləri zamanı dövlət başçıları səviyyəsində imzalanan sənədlərdə, bəyanatlarda ölkələrin ərazi bütövlüyünün təmin olunması başlıca şərt kimi göstərildi ki. bu da Ermənistanın işğalşılıq siyasətinin ifşası demək idi. Eyni zamanda Azərbaycanın uğurlu diplomatik gedişləri nəticəsində İrəvan hətta ən yaxın müttəfiqlərindən belə gözlənilməz zərbə aldı. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı daxilində baş verən son proseslər və İrəvanın quruma baş katibliyinin vaxtından əvvəl əlindən alınması deyilənlərin təsdiqi idi. Eyni zamanda aprel inqilabından sonra danışıqlar prosesində yalnız separatçı Dağlıq Qarabağ rejiminin iştirakının mümkünlüyünü ifadə edən Ermənistanın baş naziri Nikol Paşinyanın sonradan Azərbaycan rəhbərliyi ilə görüşə can atması da, məhz Qarabağ məsələsində Azərbaycanın diplomatik sahədə Ermənistan üzərində üstünlüyünün göstəricisi idi.

Təbii ki, bütün bunlar, Ermənistanın Qarabağ məsələsində diplomatik uğursuzluğa düçar olması və danışıqlar prosesinə meyilli görünməsini şərtləndirən əsas amillərdən biri də Azərbaycanın artan iqtisadi gücünün fonunda onun hərbi potensialının daha da möhkəmlənməsi idi. Keçən ilin iyun ayında, Silahlı Qüvvələrin yaranmasının 100 illiyində, eləcə də Bakının işğaldan azad olunmasının 100-cü ildönümü münasibətilə keçirilən hərbi paradda nümayiş etdirilən hərbi imkanlarımız Ermənistanın danışıqlar prosesinə meyil etməsini şərtləndirən başlıca amillərdən idi.  Paralel olaraq rəsmi Bakının Dağlıq Qarabağ məsələsində ortaya qoyduğu prinsipial mövqe də burada əsas rollardan birini oynayır. Və görünən odur ki, Azərbaycan Dağlıq Qarabağ məsələsində öz prinsipial mövqeyindən heç vaxt geri çəkilməyəcək. Çünki Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xalqa ünvanladığı təbrik mesajında da bu məqam xüsusi olaraq qeyd edilir. Məlumat üçün qeyd edək ki, Azərbaycan Prezidenti sözügedən çıxışı zamanı bir daha bəyan edib ki. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli işində biz prinsipial mövqeyimizdə qalırıq. Çünki Azərbaycanın mövqeyi haqq-ədalət mövqeyidir: "Bizim mövqeyimiz beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğundur. Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Bütün dünya ölkəmizin ərazi bütövlüyünü tanıyır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. BMT Təhlükəsizlik Şurasının qətnamələri tam icra edilməlidir, işğalçı qüvvələr qeyd-şərtsiz bizim torpaqlarımızdan çıxarılmalıdır".

Azərbaycan sözügedən münaqişənin həllində sülh tərəfdarı olsa da, lakin Ermənistanın işğalçılıq siyasətinin hələ də davam etməsi rəsmi Bakını öz hərbi qüdrətini daha da artırmaq məcburiyyətində qoyur. Və deyə bilərik ki, Azərbaycanın öz hərbi qüdrətini artırmaq istiqamətində atdığı addımlar da öz müsbət nəticələrini verir. Təsadüfi deyil ki. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də sözügedən çıxışı zamanı bu məsələyə toxunaraq bildirib ki, bizim güclü hərbi potensialımız münaqişənin həlli üçün əsas amildir: "Biz son illər ərzində öz hərbi qüdrətimizi böyük dərəcədə artıra bilmişik. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bu il ölkəmizdə iki dəfə keçirilmiş hərbi parad bizim gücümüzü, bizim güclü ordumuzun potensialını göstərir. Ən müasir silahlarla, texnika ilə təchiz edilmiş Azərbaycan Ordusu çox yüksək döyüş qabiliyyətinə malikdir və biz bu il bunu bir daha təsdiq etdik. Azərbaycan Ordusu Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan istiqamətində uğurlu əməliyyat keçirərək 11 min hektar torpağa tam nəzarət edir. Strateji yüksəkliklərin əldə edilməsi bizə imkan verir ki, Ermənistan ərazisindən keçən önəmli kommunikasiyalara və yollara tam nəzarət edək". Dövlət başçısı onu da bildirib ki, bundan sonra da öz hərbi qüdrətimizi artıracağıq: "Biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəyirik və danışıqlarda iştirakımız bunun əyani sübutudur. Ancaq hər kəs bilir və bilməlidir ki, münaqişənin həlli üçün hərbi amil xüsusi rol oynayır və bundan sonra da biz hərbi qüdrətimizi artıracağıq".

Beləliklə, 2018-ci il ərzində həm xarici siyasət kursu və diplomatik sahədə əldə etdiyimiz uğurlar, həm də hərbi potensialımızın getdikcə güclənməsi onu əminliklə deməyə əsas verir və ümid yaradır ki, ilk günlərini yaşadığımız 2019-cu il Dağlıq Qarabağ probleminin həlli istiqamətində uğurlu il kimi tarixə düşə bilər. Elə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də bunu istisna etmir. Dövlət başçısı bayram münasibətilə xalqa ünvanladığı təbrik çıxışında deyib ki, bu gün münaqişənin həlli üçün yeni vəziyyət yaranır: " Ümid edirəm ki, 2019-cu ildə bu sahədə irəliləyiş ola bilər"

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31