Türkiyədə növbəti seçki həyəcanı

Bu seçkilər Kılıçdaroğlunun sonunu gətirə bilər

Bu seçkilər Kılıçdaroğlunun sonunu gətirə bilər

Qardaş ölkə növbəti seçki ərəfəsindədir. Söhbət Türkiyədə keçiriləcək bələdiyyə seçkilərindən gedir.  Türkiyənin bütün siyasi cameəsi demək olar ki, bu seçkiyə köklənib. Xüsusilə müxalifət partiyaları seçkiyə ciddi hazırlaşırlar. Əsasən də Cümhuriyyət Xalq Partiyası (CHP) bu seçkilərdə indiyə qədər üzləşdiyi uğursuzluqların əvəzini çıxmaq istəyir. Lakin CHP-nin kadr bazasının zəif olması bu partiyanın növbəti seçkilərdən də istənilən nəticəni əldə edə bilməyəcəyini deməyə əsas verir.

Türkiyədə keçiriləcək bələdiyyə seçkiləri ərəfəsində bu ölkədə cərəyan edən siyasi prosesləri təhlil edən müstəqil ekspert Zeynal Əmralıyev deyir ki, Türkiyədə artıq bələdiyyə seçkiləri ilə bağlı yarış başlayıb. Onun sözlərinə görə, əsas siyasi partiyalar bələdiyyə sədrliyinə namizədlərinin adlarını açıqlayıblar: "Son olaraq prezident Rəcəb Tayyib Ərdoğanda AK Partiyanın Türkiyə Böyük Millət Məclisinin sədri, ölkənin sonuncu baş naziri Binali Yıldırımın İstanbul Böyükşəhər Bələdiyyəsinin sədrliyinə namizədliyini irəli sürdüyünü elan etdi". Türkiyədə bələdiyyələrin iki qrupa bölündüyün qeyd edən ekspert bildirir ki,  birinci qrupa üç büyük şəhər-Ankara,İstanbul və İzmir, ikinci qrupa isə digər şəhərlər daxildir: "Demək olar ki, Cumhuriyyət elan olunduqdan bəri İzmir solun, əsasən də CHP-nin əlində olub. Hətta AK Partiya  belə 16 illik iqdidarı ərzində nə qədər çalışsa da, İzmiri CHP-nin əlindən ala bilməyib. Sonuncu dəfə 2014-cü ildə AK Partiya bu şəhərdən hazırda İstanbuldan irəli sürdüyü Binali Yıldırımın namizədliyini irəli sürmüşdü. Ancaq Yıldırım çox cuzi səslə məğlub oldu. AK Pariyanın bu dəfəki namizədi isə partiya sədrinin müavini, keçmiş gömrük və ticarət naziri Hayati Yazıcıdır. Ankarada isə hazırda AK Partiyanın nüfuzu xeyli yüksəkdir. Uzun müddət burda mühafizəkar düşərgəyə mənsub olan siyasətçilər qalib gəlib. Heç təsadüfi deyil ki,1994-2017-ci illərdə Ankrara Böyükşəhər Bələdiyyəsinin sədri bu düşərgəyə məxsus olan Məlik Gökçək idi. Gökçək uzun illər Nəcməddin Ərbakanın partiyasında təmsil olunub, sonradan "Yenilikçilər"in içində yer alaraq AK Partiyanın qurulmasında iştirak edib.  2017-ci ilə qədər məhz AK Partiyanın namizədi kimi Ankara bələdiyyəsini idarə etmişdi. AK Partiyanın bu dəfə irəli sürdüyü namizəd isə keçmiş ekologiya və şəhərçilik naziri Mehmet Özhasekidir. CHP-nin Ankaradan namizədi isə Bəypazarı rayonun bələdiyyə sədri Mənsur Yavaşdır.Yavaş Ankranın ən bacarıqlı bələdiyyə sədridir. 2014-cü ildə də bu şəhərdən namizədliyi irəli sürülmüş, çox cuzi səslə Gökçəkə məğlub olmuşdu. Zənnimcə, Yavaş Özhasekini çətinliyə sala biləcək. Hətta onun qalib gəlmək ehtimalı belə var. Anlaşılan budur ki, Ankarada çox güclü siyasi mübarizə gedəcək. İstanbula gəldikdə isə hər seçki zamanı burada qəribəlik hökm sürür. Əgər izmirlilər CHP-ni, ankaralılar isə daha çox AK Partiyanı dəstəkləyirsə, istanbulluların siyasi seçimi bir qədər fərqli olur. Düzdür, buradan son zamanlar AK Partiyanın namizədi olan Kadir Topbaş seçilirdi. Ancaq bir şeyi də nəzər alaq ki, sonuncu prezident və parlament seçkiləri də göstərdi ki, AK Partiya İstanbulda xeyli səs itirib. Binali Yıldırım kimi güclü bir siyasətçinin namizəd kimi gösdərilməsi də daha çox bununla bağlıdır. Çünki Ərdoğan da bilir ki,İstanbulu itirən yaxında Türkiyəni də itirər. Məhz onun özünün də hakimiyyətə gəlməsinə əsas səbəb olan İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri olarkən həyata keçirdiyi islahatlar oldu. Maraqlı olan isə CHP-nin buradan irəli sürdüyü namizəddir. Uzun müddət buradan namizəd kimi əsasən 3 siyasətçinin adı çəkilirdi. Bunlar partiyanın prezidentliyə keçmiş namizədi Məhərrəm İncə, AK Partiyanın qurucularından olub daha sonra müxalifətə keçən və hazırda CHP-dən millət vəkili olan Əbdüllətif Şənər və partiya sədrinin müavini Gürsəl Tekin. Ancaq Kamal Kılıçdaroğlu İstanbul Böyükşəhər Bələdiyyəsinin sədrliyinə namizəd olaraq İstanbulun Bəylikdüzü rayonunun bələdiyyə sədri Əkrəm İmamoğlunu elan etdi. Etiraf edək ki, İmamoğlunun Yıldırımın qarşısında şansı çox zəifədir. Bəs niyə Kılıçdaroğlu Yıldırımın qarşısına zəif namizəd çıxardı? Elə düşünürəm ki, bu partiya daxili siyasi mübarizə ilə bağlıdır. Kamal Kılıçdaroğlu yaxşı bilir ki, hər üç siyasətçi kifayət qədər nüfuzludur və nüfuzu xeyli zəifləmiş Kılıçdaroğlunu asanca devirə bilərlər. Məsələn, əgər İncə İstanbulda Yıldırımı məğlub etsə, bu Kılıçdaroğlunun rəsmən sonu olacaq. Növbəti qurultayda İncə asanlıqla Kılıçdaroğlunu postundan məhrum edəcək. Buna görə də nisbətən zəif və iddiasız birinin namizədliyini irəli sürdü".

Zeynal Əmralıyev hesab edir ki, AK Partiyanın seçkilərdə Binali Yıldırımın namizədliyini irəli sürməsinin isə bir neçə səbəbi var: "Birincisi, Ərdoğan nəyin bahasına olur olsun İstanbulu əlində saxlamaq istəyir. İkincisi, Kadir Topbaşın dövründə İstanbulda iqdidarın nüfuzu xeyli aşağı düşmüşdü. Üçüncüsü, isə varis məsələsidir.Hər kəsə aydındır ki, Ərdoğanın özündən sonraya varisi kimi görmək isdədiyi əsas siyasətçi məhz Binali Yıldırımdır. Bunun üçün isə onun güclü idarəçilik sistemi qurması, Türkiyədə nüfuzunun artması şərtdir. Əgər Yıldırım İstanbulda uğur qazana bilsə Ərdoğanın varisi ola bilər. Yəni bu həm də Yıldırım üçün bir növ imtahan rolunu oynayacaq. Digər bölgələrdə isə fərqli formada seçki yarışı gedəcək. Məsələn, Anadolunun mərkəzi hissəsindəki əhalinin əksəriyyəti AK Partiyanı, Qara dəniz bölgəsi CHP-ni, cənub-şərqi bölgə isə əsasən HDP-ni dəstəkləyir. Ancaq terrorla son mübarizədən sonra burada AK Partiyanın nüfuzu xeyli artıb. "Cumhur İttifaqı" pozulsa da, Ərdoğan yenə böyük ustalıqla MHP ilə razılaşa bildi. Bəzi bölgələrdə AK Partiya namizəd irəli sürməyərək MHP-nin namizədini dəstəklədi. Müxalifətdə də CHP- İyi Partiya-Səadət ittifaqı yenidən davam edir. HDP-nin də CHP ilə ittifaqda olduğu deyilsə də, CHP rəhbərliyi bunu inkar edir. Lakin HDP rəhbərliyində təmsil olunan şəxslərin zaman-zaman verdiyi açıqlamalar bəzi yerlərdə qeyri-rəsmi formada bir ittifaqın olduğunu düşünməyə əsas verir. Türkiyədə bələdiyyələrin səlahiyyəti yüksək olduğu üçün bu seçkilər çox önəmlidir.Ərdoğan üçün bu "2023 vizyonu" baxımından, Kılıçdaroğlu üçün isə zəifləmiş nüfuzunu bərpa etmək üçün həyati əhəmiyyət daşıyır".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31