"Separatçılar Paşinyanın mövqelərini zəiflətmək istəyir"

"Təxminən iki aydır cəbhə bölgəsində atəşkəsə riayət olunur. Bu sakitlik Ermənistanın baş naziri Nikol Paşinyana imkan verdi ki, parlament seçkisini rahat keçirib qələbə əldə etsin. Bəs necə oldu ki, separatçılar dünən qəfil atəş açaraq Ağdamın yaşlı sakinini yaraladılar? Atəşkəsin pozulması Ermənistanın baş naziri Nikol Paşinyanın maraqlarına cavab vermir". Bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, cəbhə bölgəsindəki istənilən gərginlik Paşinyanın mövqelərinə zərbədir, erməni hərbçilərinin itkisi isə onun reytinqinə mənfi təsir edəcək: "Bəs onda "atəş aç" əmrini hansı qüvvələr verib və verəcək?

Ermənistanda "Qarabağ klanı" 20 il hakimiyyətdə oldu, bu klan həm Dağlıq Qarabağdakı separatçılara, həm də Ermənistan hakimiyyətinə nəzarət edirdi. Ona görə də bu klanın istəyi xaricində Dağlıq Qarabağda heç nə baş verə bilməzdi. İndi isə durum fərqlidir. Dağlıq Qarabağdakı separatçılar sözdə Ermənistanın hazırki baş naziri Nikol Paşinyanın istəklərinə tabe olsalar da, əməldə onun vəziyyətini gərginləşdirə biləcək addımlardan çəkinməyəcəklər. Dağlıq Qarabağdakı separatçılar Paşinyanın mövqelərini zəiflətmək üçün fürsət axtarırlar. Separatçılara İrəvan deyil, Robert Köçəryan və Rusiyadakı siyasi-hərbi mərkəzlər təsir edir. Elə dünənki insidentin müəllifləri də onlardır. Ancaq bizim üçün fərqi yoxdur. Paşinyan Dağlıq Qarabağdakı separatçılara nəzarət edə bilmirsə bu onun problemidir, bizim vəzifəmiz isə atəşkəsi pozan separatçıları susdurmaq və düşmənin itkilərini artırmaqdır".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31