2018-ci il Azərbaycan üçün uğurlu il olub
İlham Əliyev: “Ölkənin dinamik inkişafı davam edib”
27 Dekabr 2018 15:15 Siyasətİlham Əliyev: "Ölkənin dinamik inkişafı davam edib"
Azərbaycan daha bir ili uğurla başa vurur. İl ərzində bütün sahələrdə əldə edilən müsbət nailiyyətlər, qazanılan uğurlar ölkəmizin sürəli inkişaf yolu keçdiyini təsdiqləyir. Təsadüfi deyil ki, 2018-ci il ərzində Azərbaycan iqtisadiyyatının, ümumilikdə ölkənin inkişaf tempi təkcə daxildə deyil, eləcə də beynəlxalq aləmdə də müsbət qiymətləndirilib. Nüfuzlu beynəlxalq maliyyə qurumları, reytinq agentliklərinin hesabatlarında Azərbaycan iqtisadiyyatı yüksək inkişaf yolu keçən ölkələrlə eyni sırada qərarlaşıb. Elə başa vurmaqda olduğumuz il ərzindəki statistik göstəricilərə nəzər yetirdikdə də bunu aydın şəkildə görə bilirik. Belə ki, 2018-ci ilin sosial-iqtisadi nəticələri onu deməyə əsas verir ki, ölkə iqtisadiyyatı bu il üçün qarşıya qoyulmuş məqsədlərə nail olub. Aparılmış iqitisadi və idarəetmə islahatları nəticəsində ölkədə makro-iqtisadi sabitlik qorunub saxlanılıb, bu tendensiya daha da möhkəmlənib, manatın kursu sabit qalıb və kursa olan təhlükələrin böyük əksəriyyəti aradan qaldırılıb. Uzun illərdir ki, qarşıya prirotet vəzifə kimi qoyulmuş qeyri-neft sektoru 2018-ci il ərzində bir qədər də inkişaf edib, ixracın həcmi və strateji valyuta ehtiyatları nəzərə çarpacaq dərəcədə artıb. Bütün bunlar da öz növbəsində əhalinin sosial rifah halının yaxşılaşdırılması, yeni iş yerləri yaradılmasına gətirib çıxarıb.
Azərbaycanın əldə etdiyi nailiyyətlər, qazandığı uğurlar hər bir ölkə vətəndaşı kimi dövlət başçısı Cənab İlham Əliyev tərəfindən də müsbət qiymətləndirilib, dəyərləndirilib. Təsadüfi deyil ki, dövlət başçısı bu günlərdə Rusiya Federasiyasının nüfuzlu "Rossiya-24" telekanalına verdiyi müsahibədə bu məqama diqqət çəkərək bildirib ki, 2018-ci il Azərbaycan üçün uğurlu il olub, ölkənin dinamik inkişafını davam edib. Prezident 2018-ci ildə Azərbaycan iqtisadiyyatına 10 milyard dollar investisiya cəlb edildiyini diqqətə çatdırıb.
Ölkəmizin əldə etdiyi iqtisadi nailiyyətlərin əsasında isə heç şübhəsiz ki, dövlət başçısının həyata keçirdiyi uğurlu siyasət dayanır. Məhz bu amil öz növbəsində dövlət büdcəmizin ildən-ilə artmasına da gətirib çıxarır. Vurada xüsusi bir məqam vurğulanmalıdır ki, Cənab Prezident xüsusilə sosial siyasətə daha çox üstünıük verir və dövlət başçısı kimi ötən 15 il ərzində əhalinin sosial rifah halının yaxşılaşdırılmasını əsas diqqətdə saxlayıb. Bu məqam hər il qəbul edilən dövlət büdcəsində də öz əksini tapır. Prezident İlham Əliyevin güclü sosial siyasəti hər zaman dövlət büdcəsində də özünü ehtiva edir. 2019-cu il büdcə xərclərinin hər 100 manatından 32 manatının sosial xərclərə, 27 manatının isə investisiya xərcləri olması büdcənin bir tərəfdən sosial təminatı, digər tərəfdən isə iqtisadi aktivliyi dəstəkləyəcəyini deməyə imkan verir.
İnflyasiyanın səviyyəsinin 3.8 faiz, əhalinin real gəlirlərinin artımının isə 5.9 faiz proqnozlaşdırılması əhalini maddi rifah halına müsbət təsirin olacağını deməyə imkan verir. Təqaüd və sosial müavinətlərin, qaçqın və məcburi köçkünlərə sosial dəstəyin artırılması, sosial mənzillərin tikintisi üçün əlavə vəsaitin nəzərdə tutulması da ciddi məqamlardır.
Başa çatmaqda olan 2018-ci il ərzində qazandığımız nailiyyətlər onu deməyə əsas verir ki, qarşıdan gələn 2019-cu il də ölkəmiz üçün uğurlu il olacaq. Hər halda qarşıya qoyulan hədəflər, ortada olan siyasi iradə və mövcud potensial belə deməyə əsas verir. Belə ki, 2019-ci ildə Azərbaycanda ÜDM-in artmasını proqnozlaşdırırlar. Azərbaycan hökuməti də 2019-ci il üçün ÜDM-in 3.6 faiz artmasını planlaşdırması 2019-ci ilin iqtisadi cəhətdən artım və aktiv il olacağı planlaşdırılır.
Onu da qeyd etmək yerinə düşər ki, qarşıdakı ildə də ölkədə qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi öz prioritetliyini qoruyub saxlayacaq. Belə ki, qeyri-neft sektorunu inkişafı ilə bağlı ölkədə geniş miqyaslı işlər görülür. Həm sənaye sahəsində, həm aqrar sektorda, həm də xidmət sektorunda görülən işlər bütövlükdə qeyri-neft sektorunda artımın daha da sürətlənməsini şərtləndirəcək.
Füzuli