Azərbaycan-Belarus münasibətləri inkişaf mərhələsindədir

Bu əlaqələr təkcə dostluq deyil, həm də qardaşlıqdır Bu gün Azərbaycanla strateji müttəfiqlik münasibətlərinə malik olan ölkələrdən biri də məhz Belarusdur. İstər birgə olduğumuz Soverlər dönəmində, istərsə müstəqillik illərində Azərbaycan-Belarus münasibətləri daim inkişafda olub. İki ölkə arasında mmövcud olan hazırki münasibətlər barədə suallarımızı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, Azərbaycan-Belarus Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Ziyad Səmədzadə cavablandırır.

Bu əlaqələr təkcə dostluq deyil, həm də qardaşlıqdır

Bu gün Azərbaycanla strateji müttəfiqlik münasibətlərinə malik olan ölkələrdən biri də məhz Belarusdur. İstər birgə olduğumuz Soverlər dönəmində, istərsə müstəqillik illərində Azərbaycan-Belarus münasibətləri  daim inkişafda olub. İki ölkə arasında mmövcud olan hazırki münasibətlər barədə suallarımızı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, Azərbaycan-Belarus Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Ziyad Səmədzadə cavablandırır.

-Ziyad müəllim, MM-in Azərbaycan-Belarus Parlamentlərarası Dostluq Qrupunun rəhbəri kimi Azərbaycan-Belarus münasibətlərini necə qiymətləndirisiniz?

-Azərbaycanla Belarus arasında münasibətlərin mövcud səviyyəsi, durumu doğrudan da qənaətbəxşdir, sevindiricidir. Bu gün iki ölkə arasında dostluq və deyərdim ki, strateji müttəfiqlik münasibətlərində yüksəliş özünü göstərir. Hər iki dövlət istər MDB, istərsə də beynəlxalq və regional təşkilatlar çərçivəsində əksər məsələlərdə daim eyni mövqedən çıxış edir, bir-birilərinə dəstək verirlər. Heç təsadüfi deyil ki, elə bugünlərdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) rəhbərliyi məsələsində  qardaş, dost Qazaxıstanla Belarusun tutduğu, nümayiş etdirdiyi prinsipial mövqe həlledici rol oynadı. Belə ki, KTMT-nin baş katibi olan əliqanlı cinayətkar Yuri Xaçaturovun bu qurum çərçivəsində fəaliyyətinə son qoyulmasında Belarus da çox önəmli yer aldı. Yəni, Azərbaycan bu qurumda yer almaya-almaya öz dostlarının, müttəfiqlərinin, o cümlədin, Belarusun sayəsində Ermənistana daha bir zərbə vurdu, onu nokaut vəziyyətinə saldı. Elə bu faktın özü kifayətdir ki, Azərbaycan-Belarus münasibətlərinin mövcud durumu gözümüz önündə canlansın. Qeyd edim ki, bu münasibətlər də elə-belə baş verməyib, yaranmayıb. Münasibətlərin belə bir səviyyəyə yüksəlməsində həm sovetlər dövründən bir-birimizə olan isti münasibətlərin təsiri,  həm də, müstəqillik illərində hər iki ölkənin rəhbərliyinin-mərhum Heydər Əliyevlə Aleksandr Lukaşenkonun böyük xidmətləri, fəaliyyətləri var. Məhz onların bir-birinə olan səmimi və dost münasibətləri nəticəsində Azərbaycan-Belarus əlaqələri, əmkdaşlığı böyük məsafədə yol qət edə bilib. Eyni zamanda, münasibətlərin bu səviyyəyə yüksəlməsində ölkə prezidenti İlham Əliyevin böyük rolu var. Onunla cənab Lukaşenko arasında olan səmimi münasibətlər Azərbaycan-Belarus əməkdaşlığının, tərəfdaşlığının geridönməz  xarakter daşıması ilə nəticələnib. Həmçinin, qeyd etməyə dəyər ki,  bir vaxtlar təşəbbüskarları prezidentlər olan layihələr bu illər ərzində gücünü artırıb.

-Konkret olaraq, hansı layihələri nəzərdə tutursunuz?

- Məsələn, Gəncə avtomobil zavodunda 11 il ərzində artıq 10 mindən çox "Belarus" traktoru və onların bazasında xüsusi texnika yığılıb. Məlumatlara görə, adıçəkilən müəssisə, həmçinin 3500-dən çox MAZ avtomobili və qoşqular buraxıb. Eyni zamanda, Amerika və alman taxılyığan kombaynları ilə yanaşı, Azərbaycana Belarusun ilk "Qomselmaş"ı da gəlib. Bu isə bizim üçün qarşılıqlı səmərəli əməkdaşlığın əla nümunəsi sayıla bilər. Yeri gəlmişkən, lokallaşma artıq demək olar ki, yarıya çatıb. Bu, Azərbaycan sənayesinin böyük imkanlarından və onun yüksək kadr potensialından aydın xəbər verir. Amma məhsul nə qədər keyfiyyətli olsa da, onu səmərəli satmaq, həm də yaxşı olar ki, ixrac etmək lazımdır. Buna görə də Minsk traktor zavodu və Gəncə avtomobil zavodu hazırda Türkiyədə traktorların yığılması ilə bağlı  ümumi layihə üzərində işləyir. Eyni zamanda, Azərbaycanın Belarusda  Ticarət Evi açılıb. Bunun özü də çox mühüm addımdır. Yəni, bunun sayəsində məhsullarımız artıq Belarus bazarına çıxıb və onlara yaxşı tələbat var.  Həmçinin, Bakıda yüksək keyfiyyətli və bizim vətəndaşlar arasında çox məşhur olan Belarus məhsullarını satan yeddi ticarət müəssisəsi mövcuddur.

-Yeri gəlmişkən, bu yaxınlarda Azərbaycan  prezidentinin Belarus Respublikasına növbərti səfəri oldu. Bu səfəri qarşılıqlı münasibətlərin mövcud və  gələcək inkişafı baxımından necə dəyərləndirisiniz?

- Bu səfər də olduqca mühüm və tarixi səfərdir. Hesab edirəm ki, münasibətlərimizin və qarşılıqlı əlaqələrimizin inkişafı, davam etdirilməsi baxımından bu səfərin müsbət töhfələri çox qısa zamanda özünü göstərəcək. Qeyd edim ki, səfər zamanı iki dövlət rəhbəri əvvəlcə təkbətək, sonra isə geniş tərkibdə görüşdülər, mühüm bəyanatlar səsləndirdirdilər, həmçinin, hökumət üzvləri  bir sıra vacib sazişlərə imza atdılar. Görüş zamanı Belarus prezidenti Azərbaycanın ölkəsində təkcə dost deyil, həm də qardaş dövlət kimi qəbul edildiyini söylədi. Görüş və səfər zamanı Azərbaycanın Türkiyədə neft emalı kompleksi (Star) inşa etməsinə də toxunularaq, belə bir arzu və istək də ifadə olundu ki, onlar azərbaycanlı sərmayədarların Belarusa gəlişinə, strateji sahələrdə ciddi qarşılıqlı fəaliyyətə də hazırdırlar. Heç təsadüfi deyil ki, bu baxımdan, münasibətlərin, qarşılıqlı əlaqələrin inkişafında  növbəti addım olaraq Azərbaycan Dövlət Neft Şirkətinin "Qrodno-Azot" şirkətinin modernləşdirilməsinə sərmayə qoyması imkanları müzakirə edilir. Eyni zamanda, bir iqtisadçı olaraq, fikrimcə, bizim gələcək əməkdaşlığımızın əsas istiqamətlərindən biri nəqliyyat sahəsi ilə bağlı olacaq.  Heç təsadüfi deyil ki, bu məsələ dövlət rəhbərlərinin çıxışlarında da qırmızı xətt olaraq keçdi, yəni, yaxın gələcəkdə bu məsələdə də  əməkdaşlığın daha irəli səviyyəyə çatdırılmasının şahidi olacağıq. Konkret olaraq, istər  Şimal-Cənub nəqliyyat dəhlizi, istərsə də Şərq-Qərb nəqliyyat dəhlizində hər iki ölkənin fəal iştirakçı olması gözlənilir və bunun ilkin işartıları da ortadadır. Bu baxımdan, düşünürəm ki, bu iki mühüm nəqliyyat marşrutu üzrə ölkələrin fəaliyyətinin əlaqələndirilməsi əməkdaşlıq üçün tamamilə yeni şərait yaradacaq, on minlərlə yeni iş yerinin açılmasına gətirib çıxaracaq, ölkələrimiz arasında yük axınını xeyli artıracaq. Bununla yanaşı, hər iki ölkənin beynəlxalq təşkilatlarda aktiv qarşılıqlı fəaliyyət göstərdiyi, bütün məsələlərdə bir-birini dəstəklədiyi mühüm məqamlardan biri olaraq dilə gətirildi ki, bunu da indiki reallıqda, hər an, hər saniyə dəyişən dünyamızda böyük ehtiyac var. Xüsusilə də, 30 ildən artıq davam edən Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həllində geniş dəstəyə, o cümlədən, Belarus kimi nüfuzlu, çəkisi olan dövlətinə köməyinə ehtiyac duyulur və çox müsbət haldır ki, Belarus Qarabağ məsələsində hər zaman haqlının, yəni, bizim, Azərbaycanın yanında olub. Odur ki, Azərbaycan lideri də səfəri zamanı Ermənistan-Azərbaycan  münaqişəsinin nizamlanması ilə əlaqədar məsələlər üzrə Belarusun mövqeyinə görə həm öz adından, həm də Azərbaycan xalqı adından Belarus dövlətinə və onun rəhbərinə xüsusi minnətdarlığını ifadə etdi. 

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31