Oqtay Əsədov Əli Laricani ilə görüşüb

İranda səfərdə olan Milli Məclisin sədri Oqtay Əsədov İran İslam Şurası Məclisinin (parlament) sədri Əli Laricani ilə görüşüb. MM-dən "Olaylar"a bildirilib ki, Oqtay Əsədov diqqətə çatdırıb ki, Azərbaycan ilə İranı bir-birinə bağlayan coğrafiya, tarixi, mədəni və dini ortaq dəyərlərimiz var. Bu dəyərlər münasibətlərimizin qarşılıqlı anlaşma üzərində qurulmasına şərait yaradır. Bu gün əməkdaşlığımız müxtəlif istiqamətlər üzrə uğurla inkişaf edir. Əlaqələrimizin inkişafında yüksək səviyyəli səfərlər və görüşlər xüsusi rol oynayır. Heç şübhəsiz ki, ikitərəfli münasibətlərin inkişafında dövlət başçılarının rolu və siyasi iradəsi mühüm əhəmiyyət kəsb edir. Son illərə nəzər salsaq görərik ki, qısa müddət ərzində hər iki ölkənin prezidenti qarşılıqlı səfərlər edib, eyni zamanda, beynəlxalq tədbirlər çərçivəsində dəfələrlə görüşüb, ikitərəfli əlaqələrin inkişafına dair geniş fikir mübadiləsi aparıblar. Spiker deyib ki, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması tərəflər arasında xoş münasibətlərin olduğunu göstərir. Bu Konvensiya həm ikitərəfli, həm də çoxtərəfli iqtisadi əlaqələrin inkişafına böyük təkan verəcək. Son illər hökumət nümayəndələri arasında da qarşılıqlı səfərlərin sayı artıb. Məhz bu səfərlərin və aparılan danışıqların nəticəsidir ki, iki qonşu dövlət arasında münasibətlər inkişaf mərhələsinə qədəm qoyub. Oqtay Əsədov İran parlamentinin sədri Əli Laricanini Azərbaycana rəsmi səfərə dəvət edib.

İran İslam Şurası Məclisinin sədri Əli Laricani ölkəsinin Azərbaycan ilə bütün sahələr üzrə əlaqələrini inkişaf etdirməkdə maraqlı olduğunu vurğulayıb. İki ölkə arasında qarşılıqlı və faydalı əməkdaşlıqda heç bir problem yoxdur. Dövlət başçılarının dostluq əlaqələri ölkələrimizin münasibətlərinə də təsir göstərir. Bu baxımdan Azərbaycan və İran prezidentlərinin dostluğu çox müsbət xarakter daşıyır. Regional təhlükəsizlik məsələsinə toxunan Əli Laricani deyib ki, terrorçuluq dünyada qlobal problemə çevrilib. Beynəlxalq terrorçuluğa qarşı mübarizədə səylərin birləşdirilməsi regionda sülhün və sabitliyin davamlı olmasını təmin edər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31