"Ermənistan Azərbaycanla münasibətləri balanslaşdırmaq məcburiyyətindədir"

"Ermənistan dərk etməlidir ki, onun Dağlıq Qarabağ münaqişəsinin həllində razılığa gəlməkdən başqa yolu yoxdur. Çünki, bu ölkənin sosial, iqtisadi elə səviyyədədir ki, onlar Azərbaycanla münasibətləri balanslaşdırmaq məcburiyyətindədirlər. Əks halda, onlar batacaq, dövlət kimi xəritədən silinə bilərlər". Bu fikirləri politoloq Fikrət Sadıqov deyib.

Hazırda Ermənistanın təcrid vəziyyətində olduğunu deyən politoloq bildirib ki, Azərbaycan Prezidenti "Rossiya-24" kanalına müsahibəsində də qeyd etdi ki, Ermənistanın yeni rəhbərliyinin planlarını həyata keçirməsi üçün yeganə yol Azərbaycanla münaqişənin nizamlanması yoludur: "Yeni hakimiyyət bu şansdan istifadə edilməlidir. Əgər yeni hakimiyyət də əvvəlkilərin vəziyyətinə düşmək istəmirsə, o zaman kompromisə getməlidir. Eyni zamanda dövlət başçısı son çıxışlarında bir daha vurğulayıb ki, ölkəmiz hər zaman öz torpaqlarını azad etməyə hazırdır. Çünki, Azərbaycanın həm iqtisadi, həm də hərbi gücü elə bir səviyyəyə gəlib çıxıb ki, istənilən zaman öz ərazi bütövlüyünü bərpa edə bilər".

Cari ilin ölkəmiz üçün uğurlu il olduğunu dilə gətirən F. Sadıqov vurğulayıb ki, Prezident İlham Əliyevin müsahibəsində də qeyd etdiyi kimi 2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması işində müsbət irəliləyişlər əldə oluna bilər:

"Çünki, bu il ərazi bütövlüyümüzün tanıdılması istiqamətində də mühüm uğurlar əldə edilib. Son Avropa Parlamentində qəbul olunan qətnamə illərdən sonra Azərbaycan maraqlarına cavab verdi. Sənəddə Dağlıq Qarabağın konkret olaraq Azərbaycanın tərkib hissəsi olduğu qeyd olunması əldə olunan əsas uğurlardan biridir. Artıq beynəlxalq aləm, təşkilatlar, strukturlar həqiqəti dəstəkləyir. Bu erməni hakimiyyətinə bir işarə və dərs olmalıdır. Onlar bundan nəticə çıxarmalıdırlar. Artıq Azərbaycan bütün vasitələrdən istifadə edərək öz ərazi bütövlüyünü təmin etmək hüququna malikdir".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31