"Rusiya ilə tarixi əlaqələrimiz var"
26 Dekabr 2018 16:37 Siyasət"Azərbaycan Prezidenti cənab İlham Əliyev Rossiya 24 kanalına müsahibəsində Azərbaycan-Rusiya münasibətlərini çox yüksək qiymətləndirib". Bunu millət vəkili Bəxtiyar Əliyev deyib.
Deputatın sözlərinə görə, bu münasibətlər təkcə 2018-ci ilin uğurları deyil: "Həmin münasibətlər bu günə qədər həyata keçirilmiş və əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş bir siyasətdir. Bu gün cənab Prezident İlham Əliyev uğurlu şəkildə qonşu dövlətlərlə siyasət həyata keçirir. Məhz Azərbaycanın aparıcı bir dövlət kimi mühüm rola olması da uğurlu siyasətin nəticəsidir. Bu gün Azərbaycan-Rusiya-İran, Azərbaycan-Rusiya-Türkiyə, Azərbaycan-Rusiya-İran-Türkiyə və Azərbaycan-Gürcüstan-Türkiyə münasibətləri yüksək səviyyədədir. Xəzər dənizi ilə bağlı son müqavilənin hazırlanması və qəbul edilməsi də Azərbaycanın uğurlu siyasətinin bir nəticəsi hesab oluna bilər. Çünki Rusiya böyük bir dövlətdir və bizim qonşumuzdur. Bizim tarixi ənənələrimiz və bağlılığımız var.
Rusiya regionda həm iqtisadi, siyasi cəhətdən, həm də digər sahələrdə fəal bir dövlətdir. Azərbaycan öz imkanlarını yüksək qiymətləndirməklə yanaşı qonşu dövlətlərin də imkanlarından kifayət qədər istifadə edərək ölkəmizin möhkəmlənməsinə, Azərbaycan xalqının rifah halının daha da yaxşılaşdırılmasına çalışır. Bu baxımdan da hesab edirəm ki, Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan münasibətləri artıq strateji tərəfdaşlıq səviyyəsindədir. Bu gün regionda Azərbaycan və Rusiya həlledici rola malik dövlətlər kimi öz sözlərini birgə və ən vacibi milli maraqları qorumaqla həyata keçirirlər".
SİA