“2019-cu il də, hansısa bir uğurlu danışıqların başlanmasının şahidi olacağıq”

"Qarşıdan gələn 2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, torpaqlarımızın işğaldan azad olunması ilə bağlı ümid verici hallar mövcuddur". Bunu  millət vəkili Çingiz Qənizadə deyib.

Onun sözlərinə görə, belə ki, Paşinyanın hakimiyyətə gəlməsi və onun KTMT-yə üzv olan dövlətlərə qarşı xoşagəlməz münasibəti üzv dövlətlərin Ermənistana münasibətində müəyyən dəyişikliklər əmələ gətirib: "O cümlədən də, Rusiya. Fakt budur ki, hələdə Rusiya prezidenti Paşinyanı təbrik etməyib. Bu da onu göstərir ki, artıq bu dövlətlər yavaş-yavaş Ermənistanın kimliyini və Ermənistan hakimiyyətində kimlərin təmsil olunmasının fərqinə varırlar. Geridə qoyacağımız 2018-ci ildə Dağlıq Qarabağ məsələsinin həll ilə bağlı elə bir uğurlu prosesləri qeyd edə bilmərəm. Çünki Prezident İlham Əliyevin Paşinyanla bir ya iki dəfə ayaqüstü yüngül söhbətləri oldu. Amma bu təbii ki, ciddi söhbət deyil. Demək olar ki, 2018-ci ildə ATƏT-in Minsk Qrupu da ürəkaçan addımlar atmadı. Ən yadda qalan odur ki, Cənab Prezident öz mövqeyində qalır və Dağlıq Qarabağın Azərbaycan əzəli və əbədi torpağı olmasını qeyd etməklə milli və dövlət maraqlarından, eləcə də beynəlxalq hüquq normalarından çıxış edərək bu məsələdə hər hansı bir güzəşt olmayacağını bildirir. Hesab edirəm ki, digər dövlətlərin təzyiqi və təsiri nəticəsində 2019-cu ildə Dağlıq Qarabağ probleminin həlli istiqamətində nələrəsə nail olmaq olar. Amma bunu zaman göstərəcək. Prezidentimizin qəti mövqeyi və beynəlxalq hüquq normalarının Azərbaycanın mövqeyi ilə üst-üstə düşməsi və eyni zamanda, beynəlxalq təşkilatların bu günkü mövqeyi ATƏT-in, Avropa Şurasının, digər qurumların da Dağlıq Qarabağın Azərbaycanın torpaqları kimi tanıması belə deməyə əsas verir ki, Ermənistana təzyiqlər davam edəcək və 2019-cu il də, hansısa bir uğurlu danışıqların başlanmasının şahidi olacağıq".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31