“2018-ci il Azərbaycan üçün düşərli oldu” – Politoloq

"2018-ci ildə Azərbaycan prezident seçkiləri keçirildi və ən əlamətdar hadisə kimi dövlət başçısı olaraq yenidən cənab prezidentin seçildiyini deyə bilərik".

Bu fikri politoloq Zaur Məmmədov 2018-ci ilin yekunlarından danışarkən deyib. O bildirib ki, bu ili xarakterizə edən digər hadisələr Bakı-Tiflis-Qars dəmiryolu xəttinin reallaşması, işə salınması, Azərbaycandan keçməklə Şimal-Cənub nəqliyyat dəhlizinin aktivləşməsidir: "Bütün bu proseslər Ermənistanı Cənubi Qafqazdan təcrid edən hadisələr siyahısına daxildir. 2018-ci ildə Azərbaycan və Avropa İttifaqı arasında bundan əvvəlki illərlə müqayisədə daha isti münasibətlərin bərqərar olmasını müşahidə etdik. İstər NATO, istərsə də Aİ ilə Brüsseldə və digər tədbirlərdəki görüşlərdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar verildi". 

2018-ci ildə qonşu dövlətlərdə olan siyasi vəziyyəti şərh edən politoloq qeyd edib ki, bu il Rusiya-Azərbaycan münasibətləri tarixdə heç vaxt olmayacaq dərəcədə inkişaf edib: "İl ərzində iki ölkə başçısı təkcə 6 dəfə rəsmi səfərlər vasitəsilə müxtəlif tədbirlərdə təmasda olublar. ABŞ-Azərbaycan münasibətləri də ilin sonunda tərpəniş dövrünü keçirdi. 2019-cu ildə Dağlıq Qarabağ məsələsində ABŞ tərəfindən Azərbaycana dəstək gələcək. Ümumilikdə, 2018-ci il Azərbaycan üçün düşərli oldu. Bunu həm iqtisadi, həm də geosiyasi baxımdan demək olar".

Azadinform

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31