“Bu il baş verən bütün hadisələr gələcək üçün yaxşı bazadır” – Deputat
26 Dekabr 2018 15:41 Siyasət"2018-ci ildə Azərbaycanla bağlı ən çox yadda qalan məqam iki böyük hərbi parad keçirməyimiz və Türkiyə prezidentinin burada çıxış etməyi ilə dünyaya ötürdüyü mesaj oldu".
Bu fikri Milli Məclisin deputatı Tahir Kərimli 2018-ci ilin yekunlarından danışarkən deyib.
O bildirib ki, bu il Azərbaycanın beynəlxalq əhəmiyyəti təkrarən daha da artdı: "92 % nüvə ehtiyatları olan ABŞ ilə Rusiyanın Qərargah rəislərinin Bakıda görüşləri baş verdi. 2018-ci ildə ölkəmizdə beynəlxalq konfranslar keçirildi, Bakı çox ciddi diplomatik uğurlar qazandı. Azərbaycanın qonşu dövlətlərlə beynəlxalq münasibətləri daha da möhkəmləndi. Azərbaycan prezidenti Türkiyədə ilin prezidenti seçildi. Azərbaycan bu il tarixdə özünün ən böyük büdcəsini qəbul etdi. Həmçinin, ölkəmiz Şərq-Qərb, Şimal-Cənub dəhlizləri, kommunikasiya xətləri, logistika mərkəzləri baxımından öz əhəmiyyətini artırdı. Beləliklə, 2018-ci ildə baş verən bu hadisələr ciddi şəkildə xatirimizdə qaldı və bütün bunlar gələcək üçün yaxşı bazadır".
"2018-ci il dünya tarixində Amerikanın Rusiya, Çin və İran ilə münasibətlərin kəskinliyinin pik həddə çatdığı bir dövr kimi qaldı", - deyən millət vəkili əlavə edib ki, bundan başqa, Ukrayna hadisəsi baş verdi, bununla bağlı dünya qarışdı, münasibətlər hədsiz kəskinləşdi: "Demək olar ki, dünya münasibətlərində kölgə siyasəti üzə çıxdı. Qaşıqçının ölümü ilə ABŞ-ın dünyaya baxışı bir daha sərgiləndi. Səudiyyə Ərəbistanı Yəməndəki əməliyyatlarla, neft satışına müdaxilə etməklə gündəmi zəbt etdi. Eyni zamanda ən böyük hadisələrdən biri "Brexit" məsələsi oldu. Belə ki, Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı "Brexit" fəaliyyətə başladı. Bu il İspaniya da diqqəti çox cəlb etdi. Ümumilikdə, dünyada qütbləşmə yenidən başladı və Amerikanın dünya hegemonluğunu qəbul etməyən ölkələr hərəkətə keçdi, hətta Avropa ilə Amerika münasibətlərində böyük soyuqluq yarandı. Ermənistanda hakimiyyət dəyişikliyi baş verdi və bunun nəticəsində ölkədə pərakəndəlik artdı. Əslində Ermənistan özünü itirmiş bir vəziyyətdə qaldı. Ermənistanın yeganə dayağı olan KTMT onun nümayəndəsinin hüququnu əlindən alaraq Belarusiya nümayəndəsinə verdi. Hansı ki, həmin belarusiyalı nümayəndə Bakıda təhsil alıb".
azadinform