"Azərbaycan-Rusiya münasibətləri inkişaf etməkdədir"
26 Dekabr 2018 14:47 Siyasət"Azərbaycan-Rusiya münasibətləri inkişaf etməkdədir. Azərbaycan Prezidenti cənab İlham Əliyev Rossiya 24 kanalına müsahibəsində bu məsələlərə daha ətraflı toxundu". Bunu millət vəkili Elman Məmmədov deyib.
Onun sözlərinə görə, Azərbaycan-Rusiya arasında münasibətlərin, əməkdaşlığın, tərəfdaşlığın daha da genişlənməsi, yaxınlaşması istiqamətində işlər davam etməkdədir.
2018-ci ilin iki ölkə arasında əməkdaşlıq üçün bundan öncəki illərlə müqayisədə daha uğurlu il olduğunu dilə gətirən deputatın sözlərinə görə, cari ildə Azərbaycan-Rusiya arasında çoxsaylı səfərlər, qarşılıqlı sənədlərin imzalanması, müəyyən proseslərə münasibətlər qonşu dövlətlər arasında əməkdaşlığın yüksələn xətlə inkişafının göstəricisidir: "Təbii ki, bu nailiyyətləri uğuru Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində əldə etmək mümkün olub. Lakin bu, işlərin yekunu deyil. Əlbəttə ki, iki ölkə arasında əməkdaşlığın daha da inkişafı baxımından qarşıda atılacaq addımlar var".
E. Məmmədov qeyd edib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində söylədikləri ifadələri əməldə gerçəkləşdirməlidir: " Rusiyanın münaqişənin həllində həlledici faktor olduğu danılmazdır. Belə olan halda, biz Rusiyadan işğalçı cırtdan dövlətə qarşı təsirini göstərməyini və münaqişənin ərazi bütövlüyümüz çərçivəsində həll edilməsini gözləyirik. İnanırıq ki, Rusiya Azərbaycanla səmimi dostluğunu əməlində də sübut edəcək".
SİA