"Bu, Rusiya-Azərbaycan dostluğuna qısqanc yanaşan qüvvələrə mesaj idi"

"Rusiya prezidenti Vladimir Putinin Azərbaycan prezidentinə çox isti, məzmunlu təbrik məktubu həm illərdir davam edən yaxşı bir ənənəni, həm də iki dövlətin və şəxsən iki liderin gələcək münasibətlərinin daha da istiləşəcəyinə yönəlik perspektivi ifadə edir". Bu fikirləri "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

A. Quliyev bildirib ki, belə səmimi və isti məzmunlu sözlərlə ifadə olunan təbrik məktubuna çox nadir hallarda rast gəlinir: "Bu cür isti münasibətləri əsasən Prezident İlham Əliyevə ünvanlanmış təbrik məktublarında görürük. Rusiya prezidenti hər düşən məqamda Azərbaycanın dövlət başçısına xüsusi münasibət bəslədiyini parlaq şəkildə nümayiş etdirir. Əlbəttə bu, cənab Putinin Rusiya-Azərbaycan dostluğuna qısqanc və təəssübkeş yanaşan regional və qlobal qüvvələrə məqsədli şəkildə aydın mesajlar vermək üçün seçdiyi incə taktikadır".

Siyasi ekspert qeyd edib ki, bu gün Rusiya-Azərbaycan münasibətlərinin xüsusi strateji xarakter almasını sonuncu təbrik mətni çox əyani şəkildə göstərir: "Aydın məsələdir ki, münasibətlərin indiki inkişaf şəklini almasında Azərbaycan prezidentinin dəqiq, ölçüb-biçilmiş, Rusiyanın təhlükəsizlik və iqtisadi maraqlarına balanslı münasibət sərgiləyən, Rusiyaya hörmət ifadə edən siyasi kursu mühüm rol oynayır. Diplomatiya tarixindən yaxşı məlumdur ki, dövlət başçıları öz dostlarına və düşmənlərinə ən məzmunlu mesajlari çatdırmaq üçün təbrik məktubları və zənglərdən məharətlə istifadə edirlər. Cənab Putinin təbrikində bu nüansı aydın görürük".

A.Quliyev qeyd edib ki, Putin Azərbaycan prezidentinə təbrik məktubu və zəngi ilə ölkə başçısı ilə şəxsi münasibətlərə və işgüzar rəsmi əməkdaşlığa böyük əhəmiyyət verdiyini nümayiş etdirdi: "Bu münasibətin Ermənistanın seçkidən sonra Paşinyana Putindən təbrik gözlədiyi, lakin eşidə bilmədiyi halda baş verməsi isə xüsusi əhəmiyyət kəsb edir".

Ekspert əlavə edib ki, Rusiya prezidentinin təbrikində əhəmiyyətli məqamlardan biri Putinin cənab İlham Əliyevi öz xalqının liderinə çevrildiyini və Onun siyasətinin xalq tərəfindən dəstəkləndiyini bir daha dünyaya etiraf etməsidir: "Bunun həm də böyük strateji əhəmiyyəti var".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31