Supergüclər Suriyadan niyə geri çəkilir?

Yaxud "Böyük Orta Doğu" planının süqutu

Suriya ətrafında maraqlı proseslər cərəyan etməkdədir. Bir neçə il əvvəl Bəşər Əsədi devirmək üçün Suriyada birləşən müttəfiq ölkələr deyəsən artıq bunun mümkünsüz olduğunu görərək Suriyada geri çəkilmək qərarına gəliblər. Hər halda Birləşmiş Ştatların belə bir qərar qəbul etməsi deyilənləri təsdiqləyir. Bu məlumatı hətta Vaşinqtonun Suriya əməliyyatlarında müttəfiqi sayılan Patis də təsdiqləyib. Məlumat üçün qeyd edək ki, bu günlərdə Fransa prezidenti Emmanuel Makron və Cənubi Afrika Dövlətinin prezidenti İdris Dəbi ilə görüşüb və gərüşdən sonra keçirilən birgə mətbuat konfransında Emmanuel Makronun əsas toxunduğu məsələ Birləşmiş Ştatların Suriyadan çəkilmək qərarı olub.  Emmanuel Makron qeyd edib ki, Birləşmiş Ştatların bu addımını qınayırıq. Çünki, onlar öz müttəfiqlərini yarı yolda qoydu. Makron eyni zamanda qeyd edib ki, Suriyadakı terror qruplaşmalarına qarşı təkbaşına döyüşən və mübarizə aparan kürdlər və  PYD, YPG-dir. Biz onlara kömək etməliyik. Məsələ ilə bağlı fikirlərini bölüşən müstəqil ekspert Rusif Məmmədsoy bildirib ki, əslində Emmanuel Makronun çarəsizliyi başa düşüləndir: "Bildiyiniz kimi, Fransadakı aksiyaların miqyası günü-gündən böyüməkdə davam edir. Hər gün yüzlərlə insan aksiyaçılara qoşulur. Yəni, Makron həm daxili , həm də xarici siyasətdə məğlubiyyətə düçar olub. Bunun da əsas səbəblərindən biri öz nitqi zamanı "Avropa Ordusu" yaratmaq təklifi olub. Düşünürəm ki, Makron artıq Birləşmiş Ştatlar ilə hesablaşmağa özünü məcbur hiss edir. Fakt Amerika Fransaya çətin sual verib. Fransa tərəfi yaxşı başa düşür ki, Birləşmiş Ştatlar Avropaya dəstəyini kəssə dünya müharibəsindəki ssenari təkrarlana bilər. Bosniyadakı hadisələri də buna misal gətirə bilərik. Birləşmiş Ştatların illik hərbi xərci Fransanın büdcəsindən iki dəfə artıqdır. Belə olduğu halda diktə edən tərəf əlbəttə ABŞ olacaq. İndi isə E.Makronun çıxışı zamanı PYD və YPG- ni terror qruplaşması hesab etməməsinə diqqət edək. Onlar hələ də həmin qruplaşmaları terror təşkilatı kimi qəbul etmir. Daha dəqiq desək istəmirlər. Çünki, bu adla onlara gizli silah və yardım göstərirlər. Bununla bağlı kiçik bir dialoqu xatırladım. John Dorrian 2017-ci ilin may ayında bir konfransda iştirak edir və bu cür deyir : "PKK və Suriya Ərəb koalisiyası Suriya Demokratik Güclərinin bir parçasıdır.  Bundan əlavə Fransa tərəfi hər şeyə rəğmən Suriyada qalacağını bəyan edib. Belə ki, Fransanın Avropa Birliyi üzrə naziri Nathalie Loiseau etdiyi açıqlamada, Fransanın Suriyada qalacağı və hərbi gücünü qoruyacağını bildirilib. Fransa müdafiə naziri də eyni cür fikirdədir. Bu zaman isə belə bir sual ortaya çıxır. Bəs Fransa təkbaşına bunları bacara biləcəkmi?! Bu biraz çətindir. Çünki, Birləşmiş Ştatlar kimi güclü iqtisadiyyata malik bir ölkə Yaxın Şərqdə itirdiyi pullara görə narahat olduğu və öz hərbiçilərini Suriyadan çıxartdığı halda, iqtisadiyyatında çöküş yaşanır deyə vergiləri artıran, bu səbəbdən də ölkənin hər tərəfində etiraz aksiyaları yaşayan Fransa hökuməti bu yükün altından çıxa bilərmi?! Əlbəttə, xeyr". Ekspert deyib ki,  Fransa istənilən halda Suriyada qalıcı qüvvə olmağa çalışacaq: "Çünki, əgər ABŞ-dan sonra Fransa da çıxsa Türkiyənin regiondakı hərəkəti daha da rahatlaşacaq. 2001-ci il Fransada "Qondarma erməni soyqırımı" nın tanınması ilə iki ölkə arasındakı soyuqluq davam edir. Fransa yaxşı başa düşür ki, Türkiyə bu qədər irəliləyəcəyi halda onu hansı təhlükə gözləyir. Hətta, Türkiyənin Afrin əməliyyatı zamanı Fransanın məşhur qəzetlərindən birində belə bir məqalə yazılmışdı " Türkiyənin qarşısı mütləq şəkildə alınmalıdır. Əks halda bizi çox böyük təhlükə gözləyir. Kipr məsələsində bunu etmədiniz , heç olmazsa indi edin ". Bəs bunu Fransa necə edə bilər?!  Hesab edirəm ki, E. Makron da anlayır ki, Donald Trampla yenidən müttəfiq kimi çıxış etmək onun üçün müsbət olacaq. Əks halda çıxılmaz vəziyyətdə qalacaq. Əslində əlverişli şərait də yaranıb bunun üçün. Çünki, ABŞ öz ordusunu Suriyadan yavaş-yavaş çəkir. Lakin, heç bir zaman strategiyasını dəyişməz. Belə ki, hazırkı situasiyaya görə ABŞ bunu etməli oldu. Lakin, Suriyada varlığını davam etdirməyə məcburdur. Bunun üçün ona sadiq müttəfiq lazımdır və Fransadan yaxşı "müttəfiq" ola bilməz. Düşünürəm ki, yaxın günlərdə Emmanuel Makron və Donald Tramp arasında telefon danışığı və.s ola bilər. Donald Trampın isə bunun qarşılığında ölkədəki xaosun yatırılmasında köməklik edə biləcəyini düşünürəm. Lakin, Makron da öz növbəsində müxtəlif "xülyalar" qurmamalıdır". Bu arada Birləşmiş Ştatlarda Pentaqona yeni rəhbərin gətirilməsinə də toxunan ekspert qeyd edib ki, Ceyms Mettisin istefasından sonra Pentaqonun yeni rəhbərinin adına aydınlıq gəlib. Onun sözlərinə görə, Birləşmiş Ştatlar prezidenti Donald Tramp Twitter hesabında yeni rəhbər kimi Patrik Şanahanın adını çəkib: "Əvvəlcə diqqətlər məhz T. Kottonun üzərinə yönəlmişdi. Çünki, T.Kotton ABŞ ordusunun tərkibində İraq və Əfqanıstanda döyüşmüş hərbi sferada olduqca təcrübəli bir şəxsdir. Lakin, Tramp belə düşünmür.  Ceyms Mettisin istefasının səbəblərinə gəldikdə də isə deyə bilərəm ki, Ceyms Mettis prezident administrasiyasının əsas fiqurlarından olsa da,  dövlət başçısı D.Trampla aralarında müəyyən soyuqluq sezilirdi. Bunun da əsas səbəbi kimi ABŞ ordusunun Suriyadan çıxarılması qənaətindəyəm. Hesab edirəm ki, Tramp prezident administrasiyasına ən yaxın adamlarını təyin etmək niyyətindədir. Bunun da əsas səbəbi aralıq seçkilərlə bağlıdır. Belə ki, ABŞ Konqresinə seçkilər zamanı demokratlar üstünlük qazanaraq Konqresdə iki partiyanın da sayını bərabərləşdirdilər. Bununla da Trampın səlahiyyətləri bir qədər çərçivələnməli oldu. Çünki əvvəl respublikaçılar Konqresdə çoxluq təşkil edirdi və Trampın qərarlarını dəstəkləyirdisə, hal-hazırda vəziyyət fərqlidir. Tramp qəbul etdiyi qərarlar zamanı artıq demokratlarla hesablaşmağa məcburdur. Bu səbəbdən də düşünürəm ki, Ceyms Mettisin istefası hələ son olmayacaq". Rusif Məmmədsoy  hesab edir ki, Donald Trampın populist davranışları seçki zamanı onun dadına çata bilər: "Belə ki, Trampın xarici siyasət kursu digərləri tərəfindən birmənalı qarşılanmasa da, daxili siyasəti uğurla həyata keçirir. Miqrantların ölkəyə gəlişini məhdudlaşdırır, adam başına düşən gəlir qalxır, xülasə, iqtisadiyyatı bir az da inkişaf edir. Daha dəqiq desək, hərbi xərci azaltmaqla digər sahələrin da inkişafına təkan verir. Bu isə xalqın istəyinə uyğundur. Bunu belə izah edərdim. Məsələn, hər hansı bir döyüş , əməliyyat və.s kimi məsələlərdə populist çıxışlar etmək Türkiyə və.s kimi olkərəldə ölkə başçısına xal qazandıra bilər. ABŞ-da isə vəziyyət bir qədər fərqlidir. Çünki, amerikalılarda xalq , millət , dövlətçilik ənənələri bir o qədər yoxdur. Onları əsas maraqlandıran məsələ "necə iş qura və daha çox pul qazana bilərəm" kimi məsələlərdir. Təbii ki, sual oluna bilər ki, axı ABŞ -da prezidenti xalq birbaşa seçmir. Yəni, tərkibi xalq tərəfindən müəyyənləşdirilmiş Konqres tərəfindən seçilir. Əlbəttə, bu belədir. Lakin, heç kim xalqın istəkləri qarşısında əks fikir söyləmək kimi risk almaz. Buradan digər bir məsələ də ortaya çıxır. Düşünürəm ki, bu istefa digər ölkələrdə , NATO-ya müttəfiq ölkələrdə ABŞ-a, eyni zamanda da NATO-a olan inamı artıracaq. Çünki, ABŞ ilə Türkiyə arasındakı inamsızlıq probleminin səbəbkarı kimi C.Mettisi göstərmək əla fürsətdir. Vəziyyətə baxın ki, D.Tramp da bu siyasətdən narazı imiş. Bildiyiniz kimi ABŞ-da hər şey sistem üzərində formalaşıb. Yəni, əsas söz sahibi yalnız prezident deyil. Pentaqonun da söz sahibliyi var. Bu səbəbdən də bunları düşünməyə əsas var. İlin əvvəlində sabiq dövlət katibi Reks Tillersonun istefaya göndərilməsinin səbəbini və onun yerinə gətirilən Mayk Pompeonun fəaliyyətini xatırlayın. Deməli, Donald Tramp R.Tillersonu Rusiyaya, İrana qarşı sərt mövqe sərgiləmədiyinə görə tənqid edib vəzifəsindən uzaqlaşdırır. Onun yerinə gətirilən Mayk Pompeo isə əsl Trampın istədiyi şəxs idi. Çünki, M.Pompeo bir çox müharibələrin və döyüşlərin iştirakçısı , eyni zamanda İrana və Rusiyaya nifrət edən biri idi. Bu zaman belə bir sual ortaya çıxır ki, əgər belə birini axtarırdınsa Suriyadan çıxaraq Rusiyaya və İrana əl qol açmaq imkanı vermək istəməyən C.Mettislə niyə uzlaşa bilmədin?! Düşünürəm ki, Donald Tramp bu məsələdə öz mənafelərini daha üstün tutdu. Çünki, Mettis onun üçün təhlükəli idi. Daha dəqiq desək, ölkənin təhlükəsizlik və güc strukturlarında öz adamlarının olmağı onu bir qədər rahatlaşdıracaq.

Digər bir maraqlı məsələ isə "ABŞ həqiqətənmi Suriyadan çıxacaq?" sualıdır.  Ümumiyyətlə ABŞ-ın Suriyadan tamamilə çıxması "Böyük Orta Doğu" planının süqutu deməkdir. Hesab edirəm ki, ABŞ taktiki manevr etdi Türkiyə ilə şifahi razılaşma əsasında. ABŞ heç bir halda tamamilə Yaxın Şərqdən qopmayacaq. İstənilən halda yenə də gizli şəkildə bəzi qruplaşmalara dəstək verəcək. Bütün bunları təbii ki, zaman gostərəcək. Lakin, yaxın zamanda ABŞ yenidən Suriyadan çıxmayacaqlarını deyə bilər".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31