60 günlük limit: Trampın İran siyasətində hüquqi sərhəd varmı?- ÖZƏL

ABŞ Prezidenti Donald Trampın İranla bağlı hərbi əməliyyatları 1 mayda 1973-cü il Müharibə Səlahiyyətləri Qanununa əsasən Konqres təsdiqi olmadan aparılan 60 günlük müddətin bitməsi ilə mühüm mərhələyə daxil olur. Bu tarixdən sonra prezident əməliyyatları yalnız əlavə 30 gün uzada bilər. Daha sonra isə ya Konqresin razılığı alınmalı, ya da müharibə elan edilməlidir.
Mövzu ilə bağlı politoloq Murad Sadəddinov Olaylar.az-a açıqlama verib:
" Amerika Birləşmiş Ştatlarında 60 günlük müddət mövcuddur və bu müddət ərzində əgər hərbi əməliyyat aparılırsa, 60 gün keçdikdən sonra Konqresdən icazə alınmalıdır. Amma reallıqda bu məsələ həddindən artıq formal xarakter daşıyır və ABŞ-ın tarixinə baxsaq, görərik ki, bir çox əməliyyatlar-istər Tramp dövründə, istərsə də ondan əvvəlki prezidentlər tərəfindən Konqresin açıq icazəsi olmadan həyata keçirilib.
Bu məsələdə Konqresin icazəsini yayınmaq üçün bir neçə vacib yanaşma var və onlardan tez-tez istifadə edilir.
Birincisi, vəziyyəti "müharibə" kimi yox, "əməliyyat" kimi təqdim etməkdir. Diqqət etsək, İrana qarşı keçirilən əməliyyatlar zamanı ABŞ rəsmiləri, o cümlədən Donald Tramp heç vaxt "müharibə" sözünü işlətməyiblər. "Əməliyyat" ifadəsi istifadə olunur və bu da formal olaraq müəyyən öhdəliklərdən yayınmağa imkan verir və prosesin daha qısa şəkildə aparılmasına şərait yaradır.
İkincisi əməliyyatı qısa etməkdir. Digəri  isə mövcud, əvvəlcədən verilmiş icazələrə istinad etməkdir. İranla bağlı konkret olaraq dəqiq deyə bilmərəm ki, hansı icazələr mövcuddur, amma ümumilikdə ABŞ-da əvvəlki illərdə qəbul olunmuş bir neçə hərbi əməliyyat həyata keçirib. Məsələn, Liviyada Qəddafiyə qarşı əməliyyatlar zamanı da bu cür vəziyyət yaranmışdı. O dövrdə Barak Obama prezident idi və o, Konqresdən ayrıca icazə almamışdı. 60 günlük müddət keçsə də, əməliyyatın "müharibə" deyil.
Donald Trampın birinci prezidentlik dövründə də Suriya ilə bağlı əməliyyatlar həyata keçirilmişdi və burada da oxşar yanaşma tətbiq olunmuşdu. İraq və Suriya ilə bağlı həm Obama dövründə, həm də Tramp dövründə əməliyyatlar aparılıb və 60 günlük müddət məsələsi müxtəlif hüquqi əsaslarla keçərli sayılmayıb.
Ümumi olaraq düşünmürəm ki, bu mexanizm Donald Trampın və ya hər hansı prezidentin İranla bağlı əməliyyatlarını ciddi şəkildə dayandıracaq bir faktor olsun".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31