Strateji tərəfdaşlıq və qarşılıqlı etimad mühitində qurulan Rusiya-Azərbaycan əlaqələri
Azərbaycan bütün yaxın və uzaq ölkələr kimi şimal qonşusu sayılan Rusiya Federasiyası ilə də yüksək səviyyədə əməkdaşlığı inkişaf etdirir. İki ölkə arasında müxtəlif səviyyələrdə əlaqələrin inkişafı Moskva ilə Bakını artıq bir-birinin strateji tərəfdaşına çevirib. Bütün bunlar isə ilk növbədə hər iki ölkə rəhbərinin bir-birinə olan yüksək səviyyəli münasibəti, dostluq əlaqələrindən irəli gəlir.
24 Dekabr 2018 17:41 SiyasətAzərbaycan bütün yaxın və uzaq ölkələr kimi şimal qonşusu sayılan Rusiya Federasiyası ilə də yüksək səviyyədə əməkdaşlığı inkişaf etdirir. İki ölkə arasında müxtəlif səviyyələrdə əlaqələrin inkişafı Moskva ilə Bakını artıq bir-birinin strateji tərəfdaşına çevirib. Bütün bunlar isə ilk növbədə hər iki ölkə rəhbərinin bir-birinə olan yüksək səviyyəli münasibəti, dostluq əlaqələrindən irəli gəlir. İl ərzində bir neçə dəfə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Rusiya Federasiyasına rəsmi və işgüzar səfərə dəvət edilməsi, iki ölkə arasında qarşılıqlı maraq doğuran bir sıra məsələlərin dövlət başçıları səviyyəsində müzakirə olunaraq müsbət nəticələrini tapması Moskva ilə Bakı arasında əməkdaşlığı yeni bir mərhələyə çatdırır. Elə bir müddət əvvəl Azərbaycanın dövlət başçısının şimal qonşumuza rəsmi səfərə dəvət edilməsi və keçirilən görüşlərin nəticəsi olaraq Azərbaycanla Rusiya arasında bir sıra sahələri əhatə edən sazişlərin, sənədlərin imzalanması qarşıdakı yüksək səviyyəli əməkdaşlıq üçün yeni perspektivlər açmış olurdu.
Qeyd etdiyimiz kimi Azərbaycan və Rusiya arasında yüksək səviyyəli əməkdaşlığa təkan verən başlıca amillərdən biri hər iki ölkə rəhbərinin bir-birinə olan dost münasibətidir. Artıq bu münasibətlər elə bir səviyyəyə qədəm qoyub ki, əvvəlki illərdə olduğu kimi hər hansı üçüncü bir qüvvə Moskva ilə Bakı arasında münasibətlərə xələl gətirmək gücündə deyil. Hələ ümummilli lider Heydər Əliyevin zamanından başlanılan və bu gün də Cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilən bu siyasət elə Kremlin özü tərəfindən də müsbət qarşılanır qəbul edilir. Azərbaycanın həyata keçirdiyi xarici siyasət kursuna hörmətlə yanaşan Moskva artıq Bakını Cənubi Qafqazda əsas strateji müttəfiqi kimi görür. Təsadüfi deyil ki, bu məqam bu günlərdə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin azərbaycanlı həmkarı Cənab İlham Əliyevə ad günü münasibətilə ünvanladığı təbrikdə də öz əksini tapıb. Kreml rəhbəri Cənab İlham Əliyevlə telefon danışığı zamanı, eləcə də ona ünvanladığı təbrik məktubunda Azərbaycanla əlaqələrin inkişafından razılıq ifadə edərək bildirib ki, 2018-ci il Azərbaycan-Rusiya dostluq əlaqələrinin tarixində çox məhsuldar bir il olub. Xüsusilə dövlət başçılarının qarşılıqlı səfərləri, beynəlxalq tədbirlər çərçivəsində çoxsaylı təmaslar əlaqələrimizi daha da yüksək səviyyəyə qaldırıb. Mövcud imkanlar və perspektivlər, habelə hər iki tərəfdən əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində ortaya qoyulan siyasi iradə onu da deməyə əsas verir ki, qarşıdan gələn 2019-cu il Rusiya-Azərbaycan münasibətlərinin inkişafı baxımından daha da məhsuldar olacaq. Elə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin də Cənab İlham Əliyevlə telefon danışığı zamanı bu amili xüsusi qeyd edib. Kreml rəhbəri əmin olduğunu bildirib ki, 2019-cu ildə də ikitərəfli münasibətlərimizdə müsbət dinamika davam etdiriləcək və Azərbaycan-Rusiya strateji tərəfdaşlıq əlaqələri bundan sonra da inkişaf edəcəkdir.
Qeyd etdiyimiz kimi Rusiya-Azərbaycan münasibətləri artıq iki ölkə səviyyəsindəki normal əməkdaşlıq müstəvisindən kənara çıxaraq dost, strateji tərəfdaş əlaqələrinə keçib. Artıq Rusiyada da Azərbaycanı regionun lider dövləti kimi qəbul etməklə yanaşı, dövlət başçısı Cənab İlham Əliyevi də öz ölkəsinin uzaqgörən siyasi xaidimi, lideri kimi xarakterizə edirlər. Elə Kreml rəhbəri Vladimir Putinin Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevə ünvanladığı təbrik məktubunda da bu məqam xüsusi vurğulanır. Vladimir Putin azərbaycanlı həmkarını "uzaqgörən siyasi xadim", "öz ölkəsinin həqiqi lideri" kimi dəyərləndirir. Bu bir reallıq olsa da, digər tərəfdən Rusiya Federasiyası kimi bir ölkə rəhbərinin Azərbaycan dövlət başçısının şəxsiyyətinə olan böyük hörmətinin göstəricisi, əyani sübutudur. Eyni zamanda bu fikirlər həm də onu deməyə əsas verir ki. cənab İlham Əliyev dünya siyasətində yüksək nüfuza malikdir və bu nüfuz artıq hər bir ölkə, ölkə rəhbəri tərəfindən qəbul edilir. Burada bir məqama xüsusi diqqət etmək lazımdır ki, indiyə kimi Kreml rəhbəri tərəfindən Cənubi Qafqazın heç bir ölkə başçısı üçün bu cür ifadələr səsləndirilməyib. Şimal qonşumuzdan bu və ya digər ölkələrə göndərilən təbrik məktubları yalnız protokol xarakterli olub. Ancaq Azərbaycan dövlət başçısının ad günü münasibətilə ona gödnərilən təbrik məktubunda Cənab İlham Əliyevin "uzaqgörən siyasi xadim", "öz ölkəsinin həqiqi lideri" kimi xarakterizə edilməsi həm dövlət başçısının şəxsinə, həm də onun bir lider kimi yürütdüyü siyasət, yüksək səviyyəli idarəçilik bacarığına olan qiymətdir.
S.İsmayılbəyli