“Bu hadisə Minsk qrupunun imicinə növbəti zərbədir"

"Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri kimi özünü təqdim edən Bako Saakyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini həll etmək missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə səfərləri heç şübhəsiz ki, bu münaqişənin həlli imkanlarını buxovlayan bir hadisədir. Bizi narahat edən odur ki, bu halda həmsədrlər niyə hadisə ilə bağlı real konkret bir mövqe ortaya qoymurlar? Niyə separatçı rejimin rəhbərləri həmsədr ölkələrin paytaxtlarında qəbul edilir? Niyə bu məsələdə həmsdərlər yekdil mövqe ortaya qoymurlar və konkret bu hadisəni pisləyən bir bəyanat vermirlər? Bunlar haqlı olaraq Azərbaycan ictimaiyyətini narahat edən məsələlərdir". Bunu  millət vəkili Elman Nəsirov deyib.

Onun sözlərinə görə, haqlı olaraq da ictimaiyyətimizdə belə bir fikir formalaşır ki, əgər həmsədr dövlətlər separatçının bu cür qeyri-qanuni səfərlərinə göz yumurlarsa, o zaman onlardan hansı münaqişənin həlli ilə bağlı obyektiv, ədalətli, eyni zamanda qətiyyətli, prinsipial mövqe gözləmək olar: "Təbii ki, bu sualın cavabına insanlarımız, vətəndaşlarımız pessimist cavab tapırlar. Bu da nəticə etibarilə Minsk qrupunun fəaliyyətinə etimadsızlığı şərtləndirən əsas amillərdən biridir. İlk növbədə belə separatçı rejimin rəhbərləri əgər həmsədr ölkələrin paytaxtlarında qəbul edirlərsə, onunla görüşlər keçirilirsə bu öz-özlüyündə separatizmi təbliğ və təşviq etmək deməkdir. Separatizm isə radikalizmlə, terrorizmlə eyni zəncirin həlqələrini təşkil edirlər. Buna görə də hesab edirəm ki, separatizmin nə olduğunu çox yaxşı dərk edən Avropa ölkələri, ABŞ bu məsələdə prinsipial mövqe tutmalıdırlar.

Ümumiyyətlə separatçı istənilən halda pisdir və bütövlüyü, dövlətin suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünə təhdid təşkil edən bir məsələdir. Ona görə də hesab edirəm ki, bu hadisə ATƏT-in Minsk qrupunun imicinə də növbəti zərbədir. İlk növbədə ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfərləri çərçivəsində bir daha bu məsələyə aydınlıq gətirməli və bununla bağlı mövqe ortaya qoymalı, bəyanat verməlidirlər. Bu olmayacağı təqdirdə qarşı tərəfdə də belə bir inam hasil olur ki, separatçı istənilən addım ata bilər və buna da ATƏT-in Minsk qrupu göz yumacaq. Bu nəticə etibarilə münaqişənin həlli imkanlarına son dərəcə mənfi təsir göstərir".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31