Avropa və İran arasında casus qalmaqalının sirr pərdəsi

Agent oyunlarının arxasındakı sirr pərdəsi

Danimarka və İran arasında casus qalmaqalı böyüyür. Danimarkanın xarici işlər naziri Anders Samuelsen bəyan edib ki, İranın xüsusi xidmət orqanlarının bu ölkədəki fəaliyyətinə görə Tehrandakı səfirini geri çağıracaq.

Qalmaqala səbəb olan hadisə oktyabrın 21-də baş verib. Həmin gün İran əsilli Norveç vətəndaşı sui-qəsd hazırlığı ittihamı ilə İsveçin Höteborq şəhərində həbs edilib.

Danimarkanın Təhlükəsizlik və Kəşfiyyat Xidmətinin ("PET") rəhbəri bildirib ki, İranın xüsusi xidmət orqanları Danimarka ərazisində qətl planlayıb. İttihama əsasən saxlanılan şəxs İranın Xuzistan vilayətində fəaliyyət göstərən ərəb separatçı təşkilatının (rəsmi adı "Əhvazın Azadlığı Uğrunda Mübarizə üzrə Ərəb Hərəkatı - K.R.) Danimarka bölməsinin liderini öldürməyə hazırlaşırmış. Danimarka ölkədə İran xüsusi xidmət orqanlarının qeyri-qanuni fəaliyyəti barədə məlumatlardan sonra Tehrandakı səfirini geri çağırıb.

Iran XİN isə bu ittihamları rədd edib. XİN sözçüsü Bəhram Qasemi bildirib ki, "Belə bəyanatlar möhkəm və müasir ciddi, xüsusi şəraitdə daim inkişaf edən İran-Avropa münasibətlərinə qarşı olan planlara uyğundur".

Ancaq avropalılar bu cavabdan məmnun deyil. Danimarka hökuməti Tehrana qarşı yeni sanksiyaların qəbul olunması üçün Avropa Birliyinə müraciət etməyə hazırlaşır. İran rəsmiləri isə bu hadisənin və daha əvvəl Fransada iki iranlı diplomatın həbsinin İrana qarşı ABŞ sanksiyalarını dəstəkləmək üçün qurulmuş oyun hesab edir.

Məsələ ondadır ki, bu il iyulun 1-də Avstriyada akkreditasiya olunmuş 46 yaşlı iranlı diplomat Əsədullah Əsədi Almaniyanın Bavariya əyalətində həbs olunub. Rəsmi ittihama əsasən Əsədi Belçikada yaşayan bir ər-arvadı öldürməyə hazırlaşıb. Bunun üçün 500 qramlıq partlayıcı hazırlandığı iddia olunur. Rəsmi ittihama əsasən iranlı diplomat İran hakimiyyətinə müxalif olan "İran Milli Müqavimət Hərəkatının" Fransanın Villipent şəhərində keçiriləcək qurultayını hədəfə almalı imiş. Həmin qurultayda 25 min iranlı müxalifətçi, o cümlədən "Xalqın Mücahidləri" qruplaşması liderləri, həmçinin Nyu Yorkun keçmiş meri Rudolf Culiani və Trampa yaxın fiqurlar iştirak edib.

Xatırladaq ki, İranın Xuzistan əyalətində yaşayan ərəb etnik azlığı içərisində bir neçə siyasi təşkilat, eləcə də terror qrupu var. Bu il sentyabrın 22-də Xuzistanın mərkəzi Əhvaz şəhərində İran ordusunun keçirdiyi hərbi parad terrorçuların hücumuna məruz qalıb və nəticədə içərisində uşaq və qadınların da olduğu 15 nəfər öldürülmüş, 60-dan çox insan yaralanmışdı. İlk saatlarda terror hücumunu yerli ərəb separatçı qrupları öz üzərinə götürsə də, sonradan İŞİD terror aktının məsuliyyətini üzərinə götürüb.

Ümumiyyətlə, inqilabdan sonra bir sıra ölkələrdə hazırkı İran iqtidarına qarşı silahlı mübarizə aparan, terror çağırışları edən bir sıra təşkilatlar var. Əhvaz Xalqının Demokratik Cəbhəsi Hərəkatı İranda uzun zamandır fəaliyyət göstərir. Misirin, Küveytin və Səddam zamanı İraq kəşfiyyatı bu təşkilata dəstək verib. Təşkilatın üzvləri bu ölkələrdə təlim keçib. Bu qruplaşma əsas Britaniya və Səudiyyə Ərəbistanı tərəfindən maddi və təşkilati dəstək alıb. İran kəşfiyyatının məlumatına görə, hərəkatın 20-dək üzvü 2013-14-cü illərdə Suriyaya gedərək terror və partlayıcı maddələrlə bağlı təlim keçib. Təşkilatın liderlərinin Dubayda ABŞ səfiri ilə görüşlərinin olması ilə bağlı "Wikileaks" saytında məlumatlar dərc olunub.

İran hakimiyyəti isə bu təşkilatların terrorçu kimi tanınması üçün dünya ölkələrinə müraciət edib. Eyni zamanda müxtəlif zamanlarda İran kəşfiyyatının bu şəxsləri xarici ölkələrdə məhv etməyə çalışması ilə bağlı faktlar var. Bu günə qədər bir sıra Avropa ölkələrində İran hakimiyyətinə müxalif olan şəxslər fiziki olaraq məhv edilib.

Sentyabrın 23-də isə Almaniya polisi İran kəşfiyyatına "Xalqın Mücahidləri Qruplaşması" barədə məlumat ötürdüyü iddia olunan Meysəm adlı bir nəfəri həbs edib. Son 3 hadisə İran xüsusi xidmətlərinin Avropada getdikcə fəallaşan müxaliflərə qarşı sərt addımlar atdığını təsdiqləyir. Əlbəttə, indi rəsmi Tehran bu iddiaları rədd edir. Mümkündür ki, bu ard-arda gələn casus ifşası məlumatları içərisində şişirtmələr də var. Çünki indi ABŞ-ın nüvə sazişini ləğv etməsindən sonra Avropa Birliyinin əsas ölkələri hələ də Vaşinqtona dirənmək, İranla iqtisadi, ticari əlaqələri qoruyub saxlamaq istəyir. Təbii ki, bu cür casus qalmaqalları Avropa Birliyində İrana qarşı sərt qərarların tərəfdarı olan cinaha xidmət edir. Elə Pompeonun iranlı casusların həbs xəbərinə reaksiyası da onu göstərir ki, AB və İran arasında münasibətlərin pisləşməsi və ya buna xidmət edən hadisələr Vaşinqtonda məmnunluqla qarşılanır.

Ancaq aydın məsələdir ki, bu hadisələr havadan olmur. Tehranın daha əvvəl də rəqiblərini aradan götürməsi təcrübəsi var. İndi isə məlum olduğu kimi, İranın rəqibləri bu ölkəni içəridən qarışdırmağa çalışır. Hazırda dünyada iki əsas təxribat-terror silahı var. Birincisi dini-məzhəbi, ikincisi isə etnik amildir. İran dini-məzhəbi qarşıdurmalar üçün uyğun olmasa da (ölkənin böyük çoxluğu - 90 faizə qədəri şiələr təşkil edir - K.R.) etnik amil hələ də İran hakimiyyəti üçün ciddi təhdid olaraq qalır. Ölkənin şərqində Sistan-Bəlucistan əyalətindəki etnik-dini qruplar, cənub-qərb regionunda ərəblər, şimal-qərbdə isə kürdlər potensial separatizm ocaqlarıdır. Tehranda da yaxşı bilirlər ki, həm region. Həm də dünyadakı rəqibləri İran hakimiyyətini məhz bu kartla vurmağa çalışır. Son bir ildə İranda etnik zəmində baş verən təxribatların da arxasında xarici təsir amili var. Buna görə də indi İran güc qurumları xaricdəki təhlükə ocaqlarını zəiflətmək, qorxu yaratmaq üçün hərəkətə keçməyə məhkumdur. Yeri gəlmişkən, gələn ilin fevralında İran İslam İnqilabının 40 ili tamam olacaq və təkcə Tehran deyil, bir çox düşmənləri də bu təqvim üçün hazırlıq görür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31