Xəyanətkarların milli mənsubiyyəti şübhə altındadır
7 İyun 2018 16:49 SiyasətHələ ötən əsrin 90-cı illərindən küçə və meydanlara toplaşan, hətta küçədən gəlib birbaşa dövlət idarəçiliyində də yer alan, sonra da səriştəsizlik nümayiş etdirən, nəticədə ölkəni acınacaqlı bir duruma salan müxalifət düşərgəsi barədə ictimaiyyət məlumatsız ola bilməz. Azərbaycan cəmiyyəti müxalifət dedikdə, məhz ötən əsrin sonlarında avantürist fəaliyyəti hesabına meydanlardan hakimiyyətə gəlib ən qısa zamanda, cəmi bircə ildən sonra hakimiyyətini əldən verən və bu qısa zaman kəsiyində hər bir sahədə çatışmazlıqlar qoyub gedən kiçicik bir kəsim barədə düşünür.
AXCP-Müsavat hakimiyyəti nə dövləti düşündü, nə ölkədəki vəziyyətdən narahat oldu, nə də məsuliyyət dərk etdi
Ötən əsrin sonlarını yada saldıqda, AXCP-Müsavat hakimiyyətini xatırladıqda göz önündə yalnız çatışmazlıqlar, hər bir sahədə geriləmə, ələlxüsus da xaos canlanır. Hətta az qala vətəndaş müharibəsinə səbəb olacaq bir xaos. İdarəetmə qabiliyyətinin olmaması, səriştəsizlik ölkə daxilində müxtəlif parçalanmalar, iğtişaşların yetişməsi, etnik qrupların baş qaldırması, tabesizlik kimi təzahürlərə səbəb oldu. Təbii ki, bütün bunlara səbəb olanlar həmin halların qarşısının alınmasında da acizlik göstərməli idilər və belə də oldu. Narazılıqların, iğtişaşların, qarşıdurmaların, hətta qiyamın belə qarşısını almalı olan səlahiyyətlilər bunun əvəzinə özləri qaçıb aradan çıxdılar. Nə dövləti düşündülər, nə ölkədəki vəziyyətdən narahat oldular, nə də məsuliyyətlərini dərk etdilər. Hər biri öz çiynindəki yükü atmaqla bunun çıxış yolu olduğunu düşündü və çəkilib kənardan seyr etməyə başladı.
Problemlər az deyildi. Sosial durumdan danışmağa belə dəyməzdi. Bir halda ki, ölkədə aclıq, səfalət, hətta ərzaq çatışmazlığı belə var idisə, deməli, durum çox acınacaqlı vəziyyətə salınmışdı. Əhalinin rifahı barədə düşünən necə ola bilərdi, əgər qida məhsullarının təminatı belə maraq dairəsindən çıxmışdısa? Bütün Azərbaycanı 8 sm qalınlığında qızılla örtəcəklərini vəd verən avantüristlər, ət və ət məhsulları, süd məhsulları, qənnadı məmulatları kimi digər ərzaq məhsulları bir yana, taxıl, un tədarükünü, əhalinin çörəklə təminatını belə həyata keçirə bilmədilər. Türkiyədən strateji məhsul olan taxıl tədarükü üçün gedən o zamankı rəsmilər əgər əhalinin qida tələbatının ödənilməsi üçün jmıx gətirirdilərsə, deməli, bu təkcə səriştəsizlik də yox, həm də saymazlıq, xalqa qarşı hörmətsizlik idi.
Müxalifət düşərgəsi hələ də öz ambisiyalarından əl çəkmək niyyətində deyil
Ötən əsrin sonlarında cəbhəçilərin və müsavatçıların dırnaqarası qəhrəmanlıqlarını sadalamaqla bitmir. Bununla əlaqədar, çatışmazlıqlarla bağlı uzun uzadı danışmaq, arqumentlər sadalamaq olar. Əvvəla, ictimaiyyət üçün o dövrün acınacaqlı vəziyyəti nə sirr deyil, nə də deyiləcək arqumentlər belə yenilik hesab oluna bilməz. Gigər tərəfdən də sadalananlar özü də ən yaxşı halda səriştəsizliyin təsdiqi üçün yetərlidir.
Məsələ burasındadır ki, hələ ötən əsrin 90-cı illərindən "özlərini göstərən" müxalifətçilər, o vaxtdan hazırki dövrə qədər hələ də hakimiyyət iddiasındadır və yenə də hansısa avantüradan istifadə etməyə kökləniblər. Sanki, bütün olanlar yaddaşlardan silinib və Azərbaycan cəmiyyəti onların simasına bələd deyil. Hələ də xalqın adından danışmağa cəhd edənlər, hələ də güya ki, xalq üçün çalışdığını göstərməyə çalışanlar hər addımda fiasko ilə qarşılaşmalı olurlar. Çünki, etibarını itirən, simalarını çoxdan göstərən müxalifət adlı kiçicik bir kəsimin ictimai dəstək qazanması mümkünsüzdür. Təbii ki, ictimai dəstəkdən məhrum olanların da məğlubiyyətlə barışmaqdan başqa çarəsi yoxdur. Hətta onların gec, ya da tez siyasi arenadan uzaqlaşması da labüddür.
Baxmayaraq ki, bütün fəaliyyətləri ictimaiyyət tərəfindən zərrə qədər dəyərləndirilmir, əksinə nifrətlə xatırlanır, amma hələ də öz ambisiyalarından əl çəkmək niyyətində deyillər. Hakimiyyət, mənsəb və vəsait həvəskarları hər nə yolla olur olsun istədiklərinə nail olmaq niyyətindədirlər. Məhz hər bir yola da, hər çirkin əmələ də qol qoyanların deyəsən utanmaq fikri də yoxdur. Əvvəla ona görə ki, az qala 30 ilə yaxın müddət ərzində özlərini təsdiq edə, bircə dənə də olsun faydalı əməklə, qənaətbəxş fəaliyyətlə məşğul ola bilmədilər. Bircə dəfə də olsun Azərbaycan cəmiyyətinin razılığını qazana bilmədilər. Tək bircə dəfə müsbət rəy belə formalaşdırmağı bacarmadılar. Bunun üçün utanmaq, xəcalət çəkmək gərəkirkən bir də aksiyalara kimləri isə aldadıb dəvət eməkdən belə həya etmədilər.
Radikallar dəfələrlə öz xain simalarını açıb göstərdilər
Digər tərəfdən, müxalifət dedikdə ictimaiyyətin fikrində xəyanətkar qrup kimi yadda qalmağı bacardılar və ən əsası da buna görə utanmaq lazım gəlir. Azərbaycan cəmiyyətinin təfəkküründə müxalifət anlayışını xəyanət ilə əvəz etməyə çalışdılar və hardasa buna nail oldular da. Bir dəfə də yox, dəfələrlə öz xain simalarını açıb göstərdilər. Ermənilərin mövqeyindən də çıxış etdilər, Soros kimi iblisin də mövqeyini dəstəklədilər, az qala şeytanın da yanında oldular. Hətta Əli Kərimlinin şəxsi mənafeyi, maraqları naminə şeytanla əməkdaşlığa belə hazır olduğunu özləri də etiraf etdilər. Qanunsuz yolla və saxta sənədlərlə mühacirətə göndərdikləri də əcnəbilər qarşısında öz ölkəsini satan xəyanətkar kimi tanındı. Mühacirət həyatı seçənlər vəd etdikləri pullar müqabilində Erməni maraqlarına xidmət edərək öz vətənini aşağılamağa da cəhd etdilər. Milli maraqlara, dövlət atributlarına hörmətsizlik etməklə düşmən dəyirmanına su tökməyə qalxdılar. Hər cür şərəfsizliyə imza atdılar.
Son zamanlar müxalifət düşərgəsinin çox dəyər verdiyi, bir zamanlar "Milli Şura" deyilən qurumun rəhbəri Rüstəm İbrahimbəyovun da xəyanəti ictimaiyyət tərəfindən hiddətlə qarşılandı. Azərbaycan cəmiyyətinin bu kinorejissorun bütün titullarının əlindən alınmasına nə qədər maraqlı olduğu da diqqətdən yayına bilməz. Çünki, R.İbrahimbəyov müxalifət düşərgəsinin xəyanət kürsuna sadiqlik nümayiş etdirdi və ictimaiyyət bu kinorejissorun timsalında bütün xəyanətkarlara barışmaz mövqedədir.
Kinorejissor İbrahimbəyovun "Qafqaz üçlüyü" təkcə Azərbaycan xalqının deyil, ümumilikdə Türk dünyasının aşağılanmasına, erməni maraqlarının işıqlandırılmasına hesablanıb və məhz bu səbəbdən də bu millətin hər bir nümayəndəsinin hiddəti başa düşüləndir. Milli mənsubiyyətinə hörmətlə yanaşan hər kəsin belə reaksiyası normal haldır və təəssübkeşlik hissi təqdirə layiqdir. Doğrudur ya təəssübkeşlik hissi, ya milli maraqlara hörmətlə yanaşmaq, ya da öz xalqını dəyərləndirmək adıçəkilən kinorejissor üçün xarakterik deyil və onun bu əməli xəyanətdən başqa cür dəyərləndirilə də bilməz. Əslində belə də oldu və Azərbaycan cəmiyyəti ona öz layiqli cavabını da verdi. Ən acınacaqlısı isə ondan ibarətdir ki, mənim xalqım deyən müxalifət düşərgəsi hələ də bu xalqa qoşulub həmin "Qafqaz üçlüyü"nə öz münasibətini bildirməyib. Hələ də Rüstəm İbrahimbəyova öz iradını bildirməyənlər bu xalqın nümayəndəsidirlərmi? Yenə də üzlərinə üz bağlayıb xalqın adından çıxış edəcəklərmi?
Radikallar gec də olsa cəmiyyət qarşısında, xalq qarşısında, dövlət qarşısında öz məsuliyyətlərini hiss etməlidirlər. Ya bu millətin, bu xalqın nümayəndəsi olduqlarını təsdiq etməli, ya da milli mənsubiyyətlərindən imtina etməlidirlər. Onsuz da, xəyanətkarların milli mənsubiyyəti şübhə altındadır. Ya Azərbaycanın, azərbaycan xalqının mövqeyini, özü də haqlı mövqeyini müdafiyə etməli, ya da ermənipərəst olduqlarını etiraf etməlidirlər. Onsuz da cəmiyyət öz qiymətini verir və hər kəs öz layiqli cavabını alır.
SİA