AXC dünyaya göstərdi ki, biz keçmişlə yox, gələcəklə yaşayırıq

Ramil Rüstəmov: “Şərqin parlayan günəşi Azərbaycan Xalq Cümhuriyyəti!” Cümhuriyyətin 100 illiyi ilə bağlı Olaylar.az AMEA Şərqşünaslıq İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Ramil Rüstəmovla geniş söhbət etdi. 100 illik Azərbaycan Cümhuriyyətinin tarixinə, qurucularının həyat və fəaliyyətinə birgə nəzər saldıq.

Ramil Rüstəmov: "Şərqin parlayan günəşi Azərbaycan Xalq Cümhuriyyəti!"

Cümhuriyyətin 100 illiyi ilə bağlı Olaylar.az  AMEA Şərqşünaslıq İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Ramil Rüstəmovla geniş söhbət etdi. 100 illik Azərbaycan Cümhuriyyətinin tarixinə, qurucularının həyat və fəaliyyətinə birgə nəzər saldıq.

Ramil Rüstəmov ilk olaraq qeyd etdi ki, 2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur. Qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı keçmişinin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyalar tərkibinə qatılmaq məcburiyyətində qalıb. Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır. 1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal bəyannaməsi qəbul edildi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. "Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü. Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Cümhuriyyət parlamentinin il yarımlıq fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan verdi. İndiki modern dünyada əsas demokratik normalar sayılan xalq hakimiyyəti, insan haqları, milli və irqi bərabərlik, söz, mətbuat, ittifaqlar azadlığı kimi dəyərlər Yaxın və Orta Şərqdə ilk dəfə olaraq, Azərbaycan Xalq Cümhuriyyətində elan edilmiş və əməli həyata keçirilmişdi. Azərbaycan Xalq Cümhuriyyəti daim sülhsevər siyasət apararaq, bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərirdi. Dünya birliyi tərəfindən tanınmış Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subyekti olması1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı".

Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyasının unudulmadığını vurğulan Ramil Rüstəm bildirdi ki, Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı. "Hər bir dövlətin, xüsusən gənc dövlətlərin səmərəli fəaliyyət göstərməsi üçün vahid ideoloji istiqamətin mövcudluğu əsas şərtlərdəndir. Azərbaycan Xalq Cümhuriyyətinin zəngin tarix və müstəsna inandırıcılıq gücünə malik azərbaycançılıq məfkurəsinə dayanan ideoloji təminat mexanizmi elə dəqiq qurulmuşdu ki, bu dövlətin bircə il ömür sürməsi Cənubdaki azərbaycanlıların milli azadlıq hərəkatına qalxmaları üçün belə həyati stimul yaratmışdı. 1920-ci il iyunun 24-də İranda Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə demokratik hökumət quruimuşdu. Cənubdakı liderin millətə müraciəti bela başlayırdr. "Ey Azərbaycan! Ey bu əyyamın qeyrətli demokratik qüvvələri! Sən keçmişdə vətənin dayağı olmusan, gələcəkdə də elə olacaqsan!"

Azərbaycan Cümhuriyyətinin fəaliyyətini qiymətləndirərkən, belə bir cəhətə xüsusi diqqət yetirmək lazımdır. Onun fəaliyyətini, sosial-mədəni tədbirlərini səciyyələndirən zaman kəmiyyət göstəricilərinə deyil, keyfiyyətə, problemin qoyuluşuna, onun həlli üçün təklif edilən qeyri-ənənəvi metodlara üstünlük vermək daha düzgün yanaşma tərzi olardı. Azərbaycan Xalq Cümhuriyyəti milli mənlik şüurunun və milli demokratik hərəkatın inkişafının ən yüksək nöqtəsi olmuş, hər işdə azərbaycanlılıq qayəsi, milli mənafelərin aliliyi rəhbər tutulmuşdu. Azərbaycan Xalq Cümhuriyyətinin tarixi təcrübəsinin öyrənilməsi həm də ona görə böyük elmi-nəzəri və əməli əhəmiyyətə malikdir ki, bu gün Azorbaycan dövlətinin həyata keçirdiyi bütün tədbirlər: dövlət aparatınm təkmilləşdirilməsi, siyasi və iqtisadi suverenliyin təmin edilməsi, bərabərhüquqlu, qarşılıqlı faydalı xarici əlaqələrin yaradılması, ictimai həyatın bütün sahələrinin - dövlət idarə sisteminin, təhsilin və s. milliləşdirilməsi, mədəniyyət sahəsində zəruri tədbirlər görülməsi, xarici təcavüzdən müdafiə - bunların hamısı o zamankı milli qüvvələrin əməli olaraq məşğul olduğu məsələlər idi. Bu cəhətdən Azərbaycan Xalq Cümhuriyyətinin uğurları diqqətəlayiq olduğu kimi, uğursuzluqları da ibrətamizdir. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti ilə bağlı məsələlərin obyektiv və elmi şəkildə öyrənilməsi bu günkü tarix elminin ən mühüm vəzifələrindəndir".

"Dövlətçiliyin qorunub saxlanması, inkişafı, dünya miqyasında tanıdılması kimi real və praqmatik vəzifələr siyasi təfəkkürün ictimai-mənəvi dəyərlərlə uzlaşdırılması zərurətini meydana çıxarıb. Əlimərdan bəy Topçubaşov, Məmməd Əmin Rəsulzadə, Mirzə Bala Məmmədzadə, Yusif Vəzir Çəmənzəminli və digər azərbaycançı ideoloqlar özlərinin, sələf və xələflərinin ideoloji irsini yeni tarixi-siyasi şəraitlə uyğunlaşdırmaq yönündə gərgin fəaliyyət meydanına atılmışdılar. Onlar həm qarşıda dayanan cari, təxirəsalınmaz siyasi məsələləri həll etməli, həm də azərbaycançılığın hərfinə və məğzinə xələl gətirməməli, onu inkişaf etdirməli idilər. AXC hökumətinin görkəmli simalarından biri olan Əlimərdan bəy Topçubaşovun bu dövrdə gördüyü böyük iş bir neçə cəhətdən səciyyəvi və əhəmiyyətli sayılmalıdır. O, əvvəla, Azərbaycan həqiqətlərinin xaricdə tanıdılması, Birinci Dünya müharibəsindən sonra keçirilən Paris sülh konfransına hazırlıq və konfransda Azərbaycanın müstəqilliyinin tanıdılması istiqamətinə məsul edildiyi üçün gərgin diplomatik fəaliyyətlə məşğul idi. İkincisi, Topçubaşov hökumətin qurulmasından dərhal sonra müvafiq fəaliyyət üçün göndərildiyi qardaş Türkiyədə görüşdüyü bütün diplomatik nümayəndələrlə apardığı danışıqların məzmununu tarix üçün qeydə almışdı ki, bu da Azərbaycanın müstəqilliyi məsələsi ətrafında baş verən hadisə və cərəyanların anlaşılması baxımından mühüm önəm daşıyır. Azərbaycan Xalq Cumhuriyyətinin xalqımız qarşısındakı ən böyük xidməti ondadır ki, o özünün qısa müddətli (cəmi 23 ay) fəaliyyəti dövründə xalqımızın istiqlaliyyətini elan etmiş, xalqın milli mənlik şüurunu özünə qaytarmış, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə sübuta yetirib".

Ramil Rüstəmov Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın azadlıq hərəkatı tarixində dərin iz qoyduğunu,demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı mühüm addımları başa çatdıra bilməsə də, onun qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynadığını xüsusi olaraq qeyd etdi.

"Ən əsası odur ki, Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu. Bu cümhuriyyətin yaradılmasında müstəsna xidmətləri olan Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Nəsib bəy Usubbəyov, Mehdi bəy Hacınski, Məmməd Yusif Cəfərov, Xudadat bəy Rəfibəyov, Əkbər ağa Şeyxülislamov, Teymur bəy Makinski, Səməd bəy Mehmandarov, Əlağa Şıxlinski, Sultanməcid Qənizadə, Xəlil bəy Xasməmmədov, Əhməd bəy Pepinov, Şəfi bəy Rüstəmbəyov kimi görkəmli ictimai xadimlərin xatirəsini qədirbilən Azərbaycan xalqı bu gün də böyük ehtiram hissi ilə yad edir.

Azərbaycan Xalq Cümhuriyyəti, cəmi 23 ay yaşamasına baxmayaraq, sübut etdi ki, ən qəddar müstəmləkə və repressiya rejimləri belə Azərbaycan xalqının azadlıq ideallarını və müstəqil dövlətçilik ənənələrini məhv etməyə qadir deyildir. İkiyə bölüşdürülmüş, sonradan dəfələrlə parçalanmış Azərbaycan öz tarixinin ən ağır məqamında dünyaya sübut etdi ki, çətinliklərəbaxmayaraq, dövrünün ən müasir demokratik dövlətini yaratmağa qadirdir. Çıxarılan qərarlar, görülən işlər Azərbaycan Xalq Cümhuriyyətinin həmin dövrün ən demokratik respublikası olduğunu dünyaya nümayiş etdirdi. Cümhuriyyət soyqırımların gedişində yaranmasına baxmayaraq Azərbaycan parlamentində 21 nəfər erməni deputat var. AXC dünyaya göstərdi ki, biz keçmişlə yaşamırıq, gələcəklə yaşayırıq. Biz humanist dövlətik, biz bir ovuc cəllada görə xalqlara münasibət bəsləmirik. Ermənilərin burada ərazisi yox idi. XIX əsrin əvvəllərində bura köçürülüb gətirilmişdilər. Ermənilərə də dövlət yaratdılar. Bizim torpağımızda yaratdılar. O dövlət necə yaradaıldı? Bu məqam olduğu kimi araşdırılmalıdır".

Müstəqillikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və onu quran şəxsiyyətlərin həyat və fəaliyyətləri geniş miqyasda tədqiqatlara cəlb edildiyini bildirən Ramil Rüstəmov qeyd etdi ki, Aydın Balayev, Nəsiman Yaqublu, Ramiz Abutalıbov, Anar İsgəndərov, Faiq Ələkbərov və digər tədqiqatçıların əsərlərində bu kimi məsələlərin araşdırılmasına geniş yer verilib. "Eyni zamanda Cümhuriyyət parlamentinin stenoqramları və iki cilddən ibarət olan Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasının səhifələrində Azərbaycan xalqının istiqlal mübarizəsi və ictimai fıkir tarixinin ən mühüm məqamlarını, azadlıq hərəkatının görkəmli nümayəndələrinin həyat və fəaliyyətini, Azərbaycan Xalq Cümhuriyyətini doğuran tarixi şəraiti, Cümhuriyyət xadimlərinin həyat və mübarizəsini, Azərbaycan xalqına qarşı həyata keçirilən kütləvi soyqırımlarını, Qafqaz İslam Ordusunun xilaskarlıq əməliyyatlarını, böyük dövlətlərin və qonşu ölkələrin Azərbaycanla bağlı qəsbkarlıq planlarını, Cümhuriyyət Parlamenti və Hökumətinin fəaliyyətini, dövlət quruculuğu, xarici siyasət, ordu quruculuğu və ölkənin ərazi bütövlüyü uğrunda mübarizəni, ictimai-siyasi, sosial-iqtisadi, mədəni-maarif həyatını, xarici dövlətlərdəki Azərbaycan diplomatik nümayəndəliklərinin fəaliyyətini, habelə Cümhuriyyətin süqutundan sonra istiqlal ideallarını yaşadan milli hərəkat, siyasi mühacirət və s. məsələləri işıqlandıran 1500-ə qədər termin-məqalə verilir. Araşdırdıqca yeni-yeni faktlar ortaya çıxır və bu da bu işin indi və gələcəkdə də davam etdirilməsini ortaya qoyur. Hələ bu məsələlərlə bağlı arxivlərdə bizə məlum olmayan neçə-neçə faktlar vardır ki, bu materialların ortaya çıxarılmasına böyük ehtiyac duyulmaqdadır.

Azərbaycan Xalq Cümhuriyyətinin yubileyinin keçirilməsi, dərsliklərdə, milli ensiklopediyada həmin dövrün geniş və dolğun əks etdirilməsi, xarici ölkələrə səfərlər zamanı cümhuriyyət qurucularının məzarlarının ziyarət edilməsi dövlətin öz tarixinə sahib çıxmasının nümunəsidir."

Nigar Adil

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31