Cümhuriyyətin qurduğunu Nərimanov qorudu - Muzeydən REPORTAJ
23 May 2018 14:05 Siyasət2018-ci il "Azərbaycan Xalq Cümhuriyyəti ili"ndə vətənpərvər, böyük türk təəssübkeşi Nəriman Nərimanov haqqında danışmadan keçə bilməzdik.
Bu səbəbdən Olaylar.az ictimai-siyasi xadim, publisist, dramaturq, müəllim, həkim, dövlət xadimi Nəriman Nərimanovun adını daşıyan "Nəriman Nərimanovun xatirə muzeyi"nə qonaq oldu və muzeyin direktoru Kamilə Hüseynova ilə görüşdü.

Xatırladaq ki, Heydər Əliyevin təşəbbüsü və Azərbaycan SSR Nazirlər Sovetinin 13.08.1977-ci il tarixli 286 №-li qətnaməsi əsasında N.Nərimanovun xatirə muzeyinin yaradılması qərara alınır, 6 noyabr 1977-ci ildə isə Bakı şəhəri İstiqlaliyyət küçəsində, vaxtilə N.Nərimanovun yaşadığı evdə Heydər Əliyevin iştirakı ilə xatirə muzeyinin açılışı olur.
2005-ci ildən muzeyə rəhbərlik edən Kamilə Hüseynova ilə görüşümüz zamanı maraqlı bir hadisə oldu. Təqaüdçü Tamilla Rəhimova Nəriman Nərimanova aid bir neçə sənədi fonda bağışladı. Söhbət əsnasında o da məlum oldu ki, Tamilla xanım Nərimanovun ilk tədqiqatçısı Vəli Məmmədovun həyat yoldaşı Xalidə xanımın qohumudur. Sənədlər isə 1935-1960-cı illərdə Zuğulbadakı uşaq-sümük vərəmi sanatoriyasında böyük tibb bacısı işləyən nənəsi, 1900-cü il təvəllüdlü Rəhimova Böyükxanıma məxsusdur və onun 1929-30-cu illərdə "Nəriman Nərimanov adına ana və uşaqların mühafizəsi İnstitutu"nda qısa müddətli kurslarda təhsil aldığını təsdiq edən vəsiqələrdən ibarətdir. Vəsiqələrə görə institut o zaman belə adlanırmış "A.İ.Ş.C. yol.Nəriman Nərimanov naminə olan analıq və yavruluq mühafizəliyi institutu" - bənövşəyi yazıları olan ştamp və möhürlərdə isə N.Nərimanovun adı aydın oxunur.

Kamilə Hüseynova ilə Nəriman Nərimanovun böyük şəxsiyyəti, muzeyin fəaliyyəti haqqında maraqlı söhbətimiz oldu. Kamilə xanım bildirdi ki, muzeyə son dövrlər maraq daha da artıb. Azərbaycanla yanaşı xarici ölkələrdən, Türkiyə, Qazaxıstan, İngiltərə, Polşa, Çexiya, Həştərxandan ziyarətçilər gəlir.
"Elə gənclərimiz var ki, Nəriman Nərimanov haqqında yetərincə məlumatlıdır. Eləsi də var ki, təəssüfki məlumatsızdır. Muzeyin fəallarından olan gənclərimiz var. Götür-qoy etdiyimiz zaman isə görürük ki, gənclərimizdə yalnız Nərimanova deyil, Cümhuriyyət dövrünün qurucularına, onların şəxsiyyəti, fəalliyyət dövrünün öyrənilməsinə dair maraq artır".
Muzeydəki eksponatlarla bizi tanış edən Kamilə xanım Cümhuriyyət dövrünün tələbələrinin məktubu və Nərimanovun dərhal yazdığı dərkənarı göstərdi.
Məktubda deyilir: "Paramız tükəndiyindən təkcə təhsilimiz deyil, güzəranımız da böhranlı bir vəziyyətdədir. Doqquz aydır ki, qeyri-müəyyən və müşkül halda bulunmaqdayıq. Belə getsə dolanacağımız fənalaşacaq və təhsilimiz yarımçıq qalacaqdır. Vəziyyətimizi sizə ətraflı əyan etməklə təmanna və xahiş edirik ki, bizim keçirdiyimiz fəna halımızı və qeyri-müəyyən vəziyyətimizi nəzərə alaraq təhsilimizin müntəzəm davam etdirilməai üçün təxsisatlarımızı təcili nəql etsinlər".
Bu həyəcan dolu məktubla tanış olduqdan sonra onun üzərində: "T.Əliyev və Tağıyev yoldaşlara. Təcili icra edilsin. Tələbə komitəsinə yüz min marka göndərilsin" dərkənarını yazan N.Nərimanov dərhal digər təcili tədbirlər də həyata keçirir.
Cümhuriyyət dövrü barədə söhbətimizi davam etdik...
Kamilə xanım Nəriman Nərimanovun Cümhuriyyət qurucuları içində olmasa da Cümhuriyyətin hər bir nailiyyətinin onu sevindirdiyini qeyd etdi. "Mənim şəxsi düşüncələrimə görə Nəriman Nərimanov Nəsib bəy Yusifbəyova kəskin məktubunda göstərir ki, Nərimanov reallığı qəbul edir. Bu reallıq isə ondan ibarət idi ki, ruslar heç vaxt Cənubi Qafqazı özbaşına buraxmayacaqdılar. Nərimanovun böyüklüyü odur ki, Cümhuriyyətin qurduğunu qorudu.
Nəriman Nərimanov Cümhuriyyət qurucularının sırasına daxil olsaydı da, düşünürəm ki, Cümhuriyyətin ömrü yenə də 23 ay olacaqdı." Bütün o dövrü analiz etdikdə görürsən ki, alınmazdı, ruslar buna yol verməzdi. Onlar Cənubu Qafqazdan əl çəkməzdilər. Bir şeyi nəzərə almaq lazımdır ki güc təəssüf ki onlarda idi. "Əsgər var cəbhədə həlak olur, əsgər var kabinetdə" - Stalin bu sözlərlə artıq Nərimanova öz sözünü demişdi".
Bundan sonra Kamilə xanım bizi Nəriman Nərimanovun Stalin və Leninə məktubu ilə də tanış etdi.
V.İ.Leninə məktub, 28 may, 1921-ci il
"1-ci Ümümazərbaycan Sovetlər qurultayının qərarına əsasən Azərbaycanın sovetləşməsi zamanı (28 aprel 1920-ci ildən bu günə qədər) həbs edilərək RSFSR-nın həbsxanaları və həbs düşərgələrində saxlanılan mülkü və hərbi mükəlləfiyyətli şəxslərin azad edilib vətənə qaytarılması üçün Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarları Soveti sizdən xahiş edir ki, bizim səlahiyyətli nümayəndəmiz yoldaş Seyidovu lazım olan mandat və təlimatlarla təmin edəsiniz".
Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanov.
Kamilə xanım bir maraqlı faktı da açıqladı. Dedi ki, Məmməd Əmin Rəsulzadə Nəriman Nərimanovun "Bahadır və Sona" əsəri ilə tanış olarkən bir sıra bəzi dəyərli fikirlərini qeyd edib və həmin dəyərli fikirlər bu gün də muzeydə qorunur.
Rəsulzadə yazırdı: "Məncə ədəbiyyat, hələ onun hekayənəvislik qismi, həyatı eynilə təsvir etməklə mükəlləfdir. Binaən əleyh eylə bir surətdə yaradılmalıdır ki, oxucularını alçaq hissiyat və dəni rəftarlardan iyrəndirsin, yüksək fikirlər və ali hissiyyatlarla biləks imrəndirsin. Buna bir ədib kamilən ifa edə bilməsi üçün iki vergiyə malik olmalıdır: biri vüsəti-qərihə, o biri cəsarəti mədəniyyə. Allah Nərimanova bunların ikisini də vermişdi"
Nigar Orucova