ŞƏT-Azərbaycan əməkdaşlığı yeni mərhələdə-Politoloqdan mühüm açıqlamalar- ÖZƏL

"Bu il sentyabrın 1-də Bişkekdəki toplantıda özünün 25 illiyini qeyd edəcək Şanxay Əməkdaşlıq Təşkilatı ilə Azərbaycanı 10 illik əməkdaşlıq dövrü bağlayır. 2015-ci ildə ŞƏT-nin "dialoq üzrə əməkdaşı" statusuna yiyələnmiş Azərbaycan bir müddət sonra bu nüfuzlu təşkilatla strateji əməkdaşlıq münasibətlərinin qurulmasına nail olmaqla Azərbaycan onunla münasibətlərini yeni mərhələyə keçirə bilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü ildə təşkilatın Astana, 2025-ci ildə isə Tyantszində  toplantılarına qatılması ŞƏT-nin Azərbaycanla ikitərəfli münasibətlərin genişlənməsi və inkişafına əhəmiyyət verməsinin göstəricisi kimi diqqəti cəlb edir". 

Bu fikirləri politoloq Elşən Manafov Olaylar.az-a açıqlamasında söyləyib: 

"ŞƏT hərbi təşkilat deyil, buna görə də, onunla münasibətlər rəsmi Bakıya öz bitərəf statusunu saxlamaqla çoxvektorlu xarici siyasətini uğurla davam etdirməyə imkan verir.
ŞƏT ilə ticari və iqtisadi sahədə əməkdaşlıq imkanlarının genişlənməsi tərəflər arasındakı münasibətlərin dinamikasında özünü qabarıq şəkildə büruzə verir. Bu təşkilatın lokomotivi sayılan Çin ilə münasibətlərin iqtisadi həcmi 2025-ci ildə 4,84 milyarda çataraq il ərzində 30,2% artmışdır. Bu zaman Azərbaycan üçün ixrac 4,3 dəfə artaraq 84,4 milyon dolları ötüşmüş, Çindən idxal isə 4,894 milyard dollar təşkil etmişdir.
Azərbaycan Qərbdən Şərqə gedən loqistik marşrutların üzərində yerləşdiyindən hər iki istiqamətdə yükdaşınmalarda o, əlverişli tranzit imkanlarına malik dövlətdir, bu amil də yükdaşınmaların il ərzində artan həcmində özünü göstərir- burada rəqəmlər 6,9 milyon tondan 8,17 milyon tona qədər yüksəlmişdir. Şimal-Cənub nəqliyyat dəhlizi ilə də Azərbaycan üzərindən həyata keçirilən yükdaşınmaların il ərzində həcmi 9,29 milyon tona yüksəlmişdir. Ancaq Ələt Beynəlxalq Dəniz Portu üzrə yükdaşınmaların həcmi il ərzində 15 mln. tondan 25 milyon tona qədər artmışdır.
Şanxay Əməkdaşlıq Təşkilatı beynəlxalq terrorizm, narkotrafik və s. qarşı mübarizəni özünün prioritet istiqamətlərindən biri olaraq qəbul etdiyindən bu təşkilatla münasibətlər Azərbaycanın qloballaşan dünyada geosiyasi nüfuzunu artırır, Avrasiya təhlükəsizlik arxitekturasının biçimində Azərbaycanın özünəməxsus yerini və çəkisini müəyyənləşdirir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31