Zəngəzur marşrutunda yeni mərhələ: Mərkəzi Asiyanın TRIPP layihəsinə marağı nəyi dəyişir? – ÖZƏL
17:48 Siyasət"Hesab edirəm ki, Ermənistanın Qazaxıstan və Qırğızıstanı TRIPP layihəsinə səhmdar kimi cəlb etmək təşəbbüsü təsadüfi addım deyil. Burada artıq söhbət yalnız Azərbaycanla Ermənistan arasında nəqliyyat bağlantısından getmir. Söhbət Mərkəzi Asiyanı Cənubi Qafqaz, Türkiyə və Avropa ilə birləşdirəcək böyük geoiqtisadi xəttin formalaşmasından gedir. TRIPP-in əhəmiyyəti də məhz buradan başlayır. Bu layihə Orta Dəhlizin yeni və mühüm həlqəsinə çevrilə bilər. Qazaxıstanın layihəyə marağını açıq şəkildə bildirməsi də göstərir ki, Mərkəzi Asiya bu marşrutun perspektivini ciddi qiymətləndirir".
Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib. Ekspert qeyd edib ki, burada əsas sual Moskva və Tehran bu prosesə necə yanaşacaq məsələsidir. İndidən "Rusiya və İran mütləq koordinasiyalı təxribat hazırlayacaq" fikri yanlış olardı. Bunun üçün konkret faktlar lazımdır. Amma onların bu yeni geoiqtisadi reallıqdan narahat olması tamamilə təbiidir. Çünki TRIPP reallaşdıqca Cənubi Qafqazın nəqliyyat xəritəsində Rusiyanın və İranın ənənəvi təsir imkanları müəyyən qədər azalır. Ona görə də biz burada təkcə fiziki yol tikintisindən danışmamalıyıq. Burada böyük geosiyasi maraqlar toqquşur.
Azərbaycan üçün isə mənzərə kifayət qədər müsbətdir. Qazaxıstanın, gələcəkdə Qırğızıstanın və digər türk dövlətlərinin bu layihədə iqtisadi marağının yaranması Zəngəzur marşrutunun arxasında daha geniş regional dəstək formalaşdıracaq. Bu dövlətlər artıq sadəcə marşrutdan istifadə edən ölkələr yox, onun işləməsində maraqlı olan tərəflərə çevrilə bilərlər.
"Bu, Azərbaycanın mövqeyini gücləndirir. Çünki Azərbaycanı Naxçıvanla birləşdirən yol eyni zamanda Xəzərin o tayındakı Mərkəzi Asiyanı Türkiyə və Avropa istiqamətinə bağlayan xəttə çevrilir. Beləliklə, Zəngəzur marşrutunun əhəmiyyəti təkcə Azərbaycan üçün deyil, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və bütövlükdə türk dünyası üçün artır.
Ən mühüm məsələ isə budur ki, bir yolun arxasında nə qədər çox dövlətin iqtisadi marağı dayanırsa, həmin yolun siyasi təhlükəsizliyi də bir o qədər möhkəm olur.
Məncə, Azərbaycanın qarşısında duran əsas vəzifə də budur. Mərkəzi Asiyanın bu prosesdə iştirakını maksimum dərəcədə genişləndirmək. Çünki sabah Zəngəzur marşrutundan Qazaxıstanın yükü, Özbəkistanın məhsulu, Qırğızıstanın ticarət yükü keçəcəksə, bu artıq yalnız Azərbaycan-Naxçıvan yolu olmayacaq.
Bu, Mərkəzi Asiya-Xəzər-Azərbaycan-Naxçıvan-Türkiyə-Avropa xətti olacaq.
Və belə bir xətt formalaşarsa, Azərbaycan sadəcə tranzit ölkə deyil, Avrasiya nəqliyyat xəritəsinin əsas mərkəzlərindən birinə çevriləcək. Məhz buna görə mən TRIPP məsələsinə yalnız "Zəngəzur dəhlizi açılacaq, ya açılmayacaq" prizmasından baxmağın düzgün olmadığını düşünürəm. Əsas məsələ budur ki, biz artıq yeni bir regional nəqliyyat arxitekturasının qurulduğunu görürük. Və bu arxitekturanın mərkəzində Azərbaycanın yerləşməsi ölkəmiz üçün həm iqtisadi, həm siyasi, həm də geostrateji baxımdan ciddi üstünlükdür. Zəngəzur marşrutu nə qədər çox ölkəni birləşdirərsə, onun qarşısını almaq bir o qədər çətin olacaq. Çünki artıq söhbət bir ölkənin yolundan yox, bir regionun ortaq marağından gedəcək", - deyə B.Quliyev əlavə edib.
Səidə Ramazanova