ŞƏT sammitində Azərbaycanın rolu: “Bakı artan geosiyasi çəkisini nümayiş etdirir” – ÖZƏL

"Qırğızıstanın paytaxtı Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının növbəti sammiti keçirilir. Sammitdə dünyanın demək olar ki, ən nüfuzlu dövlətlərinin başçıları - Çin lideri Si Cinpin, Rusiya lideri Vladimir Putin, Hindistanın baş naziri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İran Prezidenti Məsud Pezeşkian və BMT-nin baş katibi Antonio Quterreş də iştirak edir. Demək olar ki, Cənubi və Mərkəzi Asiyanın, böyük Asiya qitəsinin ən aparıcı dövlətləri bu sammitdə təmsil olunur".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib. Siyasi şərhçi bildirib ki, Azərbaycan isə Şərqin dialoq tərəfdaşı kimi artıq 2016-cı ildən etibarən liderlərin sammitində iştirak edir və bu dəfə də Azərbaycan dəvət olunub. Artıq bildiyiniz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin Nikol Paşinyanla görüşü də keçirilib. Növbəti görüşlərin, istər Vladimir Putinlə, istərsə də digər liderlərlə görüşlərin bu səfər çərçivəsində baş tutacağı gözlənilir. İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının sammitinə dəvət olunması, sözsüz ki, Azərbaycanın bir dövlət kimi artan geosiyasi çəkisinin göstəricisidir. Birincisi, Şanxay Əməkdaşlıq Təşkilatı əsasən Mərkəzi Asiya, Rusiya, Çin və digər mühüm dövlətləri əhatə edən geniş bir coğrafiyaya malikdir. Coğrafiyaya nəzər salsaq, Asiyadan başlayaraq Avropaya qədər uzanan, Yaxın Şərq və Körfəz ölkələrini, o cümlədən İranı əhatə edən geniş bir məkan görürük. Bütün bunları nəzərə alsaq, dünya iqtisadiyyatının əsas bazarlarının böyük hissəsinin məhz bu coğrafiyada yerləşdiyini görərik. Asiya məkanı, Şərq, Yaxın Şərq və Körfəz ölkələri, eləcə də bu regionların iqtisadi və logistika potensialı baxımından Azərbaycan çox mühüm coğrafi mövqeyə malikdir və burada mühüm əhəmiyyət kəsb edir. Burada Türk Dövlətləri Təşkilatının üzvü olan türk dövlətləri də iştirak edir. Bu isə Azərbaycanın Mərkəzi Asiyanın türk dövlətləri ilə münasibətlərinin daha da genişləndirilməsinə şərait yaradır. Ən əsası isə Azərbaycan Çindən Avropaya qədər, Rusiyadan başlayaraq İran və Fars körfəzinə, hətta Afrikaya qədər uzanan marşrutların kəsişməsində yerləşən mühüm logistik mərkəzdir. Artıq bütün dünya Azərbaycanı orta güc kimi qiymətləndirir. Azərbaycan gələcəyi nəzərə alan Orta Dəhlizin əsas oyunçularından biridir.

Ekspert qeyd edib ki, Azərbaycan bir məkan olaraq, bir dövlət olaraq, bu coğrafiyada ən stabil, ən sakit və inkişaf edən ölkələrdən biridir. Buna görə də Azərbaycanın həm siyasi çəkisinin, həm iqtisadi və logistik əhəmiyyətinin artması, eləcə də yeni yaranmağa başlayan dünya nizamında Azərbaycana verilən qiymətin yüksəlməsi ölkəmizin gücünün və artan nüfuzunun göstəricisidir. Biz bilirik ki, Şərq istiqamətində Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı da getdikcə genişlənir. "5+1" formatında artıq altılıq adlandırılan əməkdaşlıq çərçivəsində Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə daha sıx əlaqələr qurur. Eyni zamanda, Azərbaycan Türk Dövlətləri Təşkilatının tamhüquqlu üzvüdür. Bütün bunlarla yanaşı, Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində formalaşan iqtisadi, logistik və siyasi yanaşmaların bir çoxu Azərbaycanın maraqları ilə üst-üstə düşür. Buna görə də Azərbaycanın burada iştirak etməsi tamamilə təbii haldır. Bu iştirak, eyni zamanda, gələcəyə hesablanan yeni geosiyasi maraqlarda və yeni dünya düzəninin formalaşdığı bir mərhələdə Azərbaycana verilən qiymətin göstəricisidir. Sözsüz ki, bütün bunlar Azərbaycanın getdikcə artan beynəlxalq nüfuzunun və geosiyasi çəkisinin daha bir göstəricisidir.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31