Tarixi İpək Yolunda… Tarix İpək Yolunda…
16:19 SiyasətDeyir, siyasi təşkilatların ömrünü yalnız müqavilələr uzatmır.
Mədəniyyətin olmadığı yerdə geopolitika çox zaman mexaniki xarakter daşıyır.
Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) məkanındakı varlığının çox anlamlı rəmzlərindən biri Nizami Gəncəvinin büstünün Pekində - təşkilatın mənzil-qərargahında ucalmasıdır. Büst 2021-ci ildə Nizaminin 880 illiyi münasibətilə Heydər Əliyev Fondunun təşəbbüsü ilə qoyulub.
Bu fakt ilk baxışda sırf mədəni hadisə təsiri bağışlayır; dərin qatda isə tamam başqa anlamlar daşıyır.
Nizaminin mənəvi coğrafiyası da bugünkü Avrasiyanın böyük hissəsini birləşdirirdi. Onun düşüncə dünyasında türk, fars, ərəb, çin, yunan, hind mədəni qatları eyni bəşəri təfəkkür müstəvisində görüşürdü.
Bəli, Nizami xəritə çəkmirdi - mənəvi coğrafiya yaradırdı.
Yüzillər sonra həmin geniş coğrafiyada başqa vasitələrlə - dəmir yolları, limanlar, enerji xətləri, rəqəmsal şəbəkələr, siyasi platformlarla yeni bağlantılar qurulur.
Deməli, bir vaxtlar mədəniyyətin birləşdirdiyi coğrafiyanı indi iqtisadiyyat və diplomatiya yenidən birləşdirir.
Azərbaycanın isə hər iki yaddaşı vardır: Nizaminin mədəni yaddaşı və Orta Dəhlizin strateji iradəsi!
Bu ikisini bir-birindən ayırmaq heç lazım da deyil.
Əksinə, Azərbaycanın Avrasiyadakı fərqli mövqeyi elə bundadır.
Qədim çağlarda yollar şəhərlər doğururdu. İpək Yolu üzərində şəhərlər böyüyür, bazarlar yaranır, dillər qarşılaşır, mədəniyyətlər bir-birindən öyrənirdi...
Yolun qəribə fəlsəfəsi vardır: o yalnız bir yerdən başqa yerə aparmır;
getdiyi yerləri bir-birinə tanıdır.
Karvanın yükü ipək, ədviyyat, metal, daş-qaş ola bilərdi, amma karvanla birgə söz də gedirdi, düşüncə də, musiqi də, inanc da, sənət də...
Bir sözlə, yol maddi sərvətlə yanaşı, mədəniyyət daşıyırdı.
Tarixi İpək Yolunda Azərbaycan da yalnız yol üstündə yerləşən məkan olaraq qalmırdı; bura mədəniyyətlərin bir-birini gördüyü, fərqli düşüncə və yaşam biçimlərinin qovuşduğu, Gündoğarla Günbatarın bir-birini tanıdığı önəmli ünvanlardan idi.
Ona görə bugünkü yollarımıza yalnız iqtisadi statistikanın gözü ilə baxsaq, böyük mənzərənin bir hissəsi görünməz qalar.
Yeni İpək yolları da yalnız konteyner daşımayacaq.
Onlar ideya, texnologiya, yatırım, enerji, mədəniyyət və siyasi təsir daşıyacaq.
Əsas məsələ yalnız yüklərin Azərbaycandan keçməsi ola bilməz.
Yollar Azərbaycandan keçdikcə Azərbaycan özü də yol yaradan, yön verən, bağlantıya siyasi, iqtisadi və mədəni məzmun qazandıran dövlət olaraq, töhfələrini zənginləşdirir.
Bax, tranzitlə strateji bağlantı arasında fərq də burada başlayır.
Tranzit ölkənin ərazisindən yük keçir.
Bağlantı dövləti isə o yükün keçdiyi coğrafiyalar arasında güvən yaradır.
Tranzit - yol təqdim edir; bağlantı - dövləti yolun gələcəyini qurur.
Tranzit - məsafəni qısaldır; bağlantı isə coğrafiyaları yaxınlaşdırır.
Ona görə Azərbaycanın qarşısındakı vəzifəni yalnız "tranzit ölkə olmaq" kimi müəyyənləşdirsək, mövzunun mahiyyətini daraltmış olarıq.
Tranzit başlanğıc mərhələdir; növbəti mərhələ logistik mərkəzə çevrilmək, daha sonrakı mərhələ istehsal və yatırım qovşağı olmaq, daha yüksək mərhələ isə geosiyasi, geoiqtisadi bağlantı mərkəzinə çevrilməkdir.
Azərbaycan məhz həmin yöndə irəliləyir.
Buradan başqa bir sual doğur:
Azərbaycanın ŞƏT məkanına ehtiyacı olduğu kimi, ŞƏT məkanının Azərbaycana ehtiyacı varmı?
Cavab: Əlbəttə, var!
Çün təşkilatın böyük iqtisadi və demoqrafik ağırlığa malik üzvlərinin bir çoxu üçün Günbatara doğru ən səmərəli istiqamətlərdən biri Xəzər-Azərbaycan-Qafqaz-Türkiyə xəttindən keçir.
Ona görə də məsələni yalnız "Azərbaycan ŞƏT-dən nə qazanır?" sualına bağlamaq doğru olmazdı.
Bəzən bir dövlətin beynəlxalq çəkisini onun hansı quruma daxil olmaq istəməsindən ziyadə, həmin qurumun o dövlətin imkanlarına nə qədər ehtiyac duyması daha dəqiq göstərir.
Bu baxımdan belə bir fikir söyləmək, məncə, tam yerinə düşür:
ŞƏT-in Azərbaycana ehtiyacı Azərbaycanın ŞƏT-ə marağı qədər strateji önəm daşıyır.
Böyük coğrafiyalar yalnız böyük dövlətlərlə qurulmur.
Böyük coğrafiyalar onları bir-birinə bağlayan güvənli dövlətlərlə qurulur.
Azərbaycan belə dövlətlərdəndir.
Burada yenidən mədəniyyət məsələsinə qayıdaq.
Mədəniyyət siyasətdən daha uzunömürlü yaddaşdır.
Dövlətlərarası münasibətlərin siyasi məzmunu zaman-zaman dəyişə bilər, iqtisadi modellər yenilənə, yeni təşkilatlar yarana, başqa təşkilatlar tarixə qarışa bilər.
Lakin xalqların yaddaşında yaranmış yaxınlıq daha dərin qatlarda yaşayır.
Azərbaycanla Orta Asiya arasında dastan, saz-söz, dil, düşüncə, adət-ənənə ortaqlığı heç bir çağdaş yükdaşıma dəhlizinin çəkilməsini gözləmirdi.
Bugünkü siyasətin böyük üstünlüyü ondadır ki, mədəni yaddaşla geosiyasi gerçəklik getdikcə bir-birinə yaxınlaşır.
Bir zamanlar sözün keçdiyi yollarla indi qatarlar keçir.
Bir zamanlar dastanların dolaşdığı coğrafiyadan indi yük axını keçir.
Bir zamanlar şairlərin mənəvi üfüqündə qovuşan şəhərlər bu gün dəmir yolu, hava yolu, enerji xətti, rəqəmsal şəbəkələrlə bir-birinə bağlanır.
Beləcə, tarix özünü təkrarlamır - özünü yeni biçimdə davam etdirir.
Bəlkə, Azərbaycanın Avrasiyadakı yeni rolunun kulturoloji anlamı da elə budur.
Biz yalnız Gündoğarla Günbatarın arasında yerləşmirik; biz yalnız Quzeylə Güneyi birləşdirmirik.
Biz dünənlə sabahın da arasında dayanmışıq:
qədim İpək Yolunun yaddaşı ilə çağdaş Orta Dəhlizin iradəsi;
Nizaminin söz coğrafiyası ilə yeni Avrasiyanın siyasi coğrafiyası;
mədəniyyətin yüzillər öncə yaratdığı yaxınlıqla dövlət siyasətinin bu gün qurduğu bağlantı bir-birinə qovuşur.
Belə bir qovuşmada Azərbaycan sadəcə "arada yerləşən" ölkə sanıla bilərmi? - Azərbaycan aranı birləşdirən ölkədir.
Bu iki anlayış arasındakı fərq, əslində, bütöv bir dövlətçilik fəlsəfəsinin fərqidir. Birincidə coğrafiya taledirsə, ikincidə coğrafiya iradədir.
Birincidə yol səndən keçir, ikincidə yolu sən qurursan.
Azərbaycanın çağdaş siyasi tarixinin özəlliyi də budur: biz coğrafiyanın verdiyi imkanı dövlət ağlının yaratdığı üstünlüyə çeviririk.
Şanxaydan başlayan, Səmərqənddən, Astanadan, Tiencindən keçib Bişkekə uzanan siyasi yolun xəritəsinə diqqətlə baxanda Xəzərin günbatar qıyısında bir ad getdikcə daha aydın görünür:
AZƏRBAYCAN!
Respublikamızın adı artıq yalnız xəritədəki yerimizin adı olaraq oxunmur; o, getdikcə Avrasiyadakı rolumuzun adına çevrilir.
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Əkbər QOŞALI