Radikal müxalifətin boykot qərarı - mübarizə aparmırsansa artıq məğlubsan
İstənilən ölkədə və istənilən sahədə müxalifətin olması yaxşı haldır. Güclü müxalifətin olması rəqabət yaradır və rəqiblərin daha yaxşı işləməsinə səbəb olur. Siyasi müxalifət də belədir. Bir ölkədə güclü müxalifət varsa, deməli, orda hakimiyyət də daha yaxşı işləməyə çalışacaq.
9 Fevral 2018 13:43 Siyasətİstənilən ölkədə və istənilən sahədə müxalifətin olması yaxşı haldır. Güclü müxalifətin olması rəqabət yaradır və rəqiblərin daha yaxşı işləməsinə səbəb olur. Siyasi müxalifət də belədir. Bir ölkədə güclü müxalifət varsa, deməli, orda hakimiyyət də daha yaxşı işləməyə çalışacaq.
Siyasi müxalifət həmişə ölkəni daha yaxşı idarə edəcəyini bəyan edir və xalqı buna inandırmaq üçün daha üstün proqramlar hazırlayır, əsaslandırılmış islahatlar keçirəcəyini bəyan edir, öz ətrafına bunları reallaşdıra biləcək peşəkar mütəxəssislər, uyğun kadrlar cəmləşdirir. Nəticədə bu siyasi mübarizə, hakimiyyətdə olan partiyanın ölkənin inkişafı üçün var qüvvəsini sərf etməsinə və son nəticədə ölkənin daha yaxşı idarə olunmasına gətirib çıxarır. Bu səbəbdən mən özüm də güclü və ağıllı müxalifətin olmasının həmişə tərəfdarı olmuşam. Təəssüf ki, son 25 ildə Azərbaycanda belə bir müxalifət mövcud olmayıb.
Bizim indiki müxalifət elə 80-lərin sonunda Qarabağdakı ədalətsizliyə qarşı etiraz edərək meydanlara çıxan kütlələrin başına keçmiş şəxslərdir ki, 30 ilə yaxındır bu postu zəbt edib durublar. Bu şəxslərin hamısının öz merkantil maraqları var idi və hər biri hərəkatın lideri olmaq, daha sonra dövlət başına keçməklə bağlı planları var idi. Ona görə də, onları xalqın, ölkənin taleyi heç vaxt maraqlandırmırdı. Buna görə də, 90-cı ilin 20 yanvarında Mərkəzi hakimiyyətin Qarabağ məsələsindəki mövqeyinə qarşı etiraz aksiyalarına çıxmış insanları aldadaraq dünyanın ən qüdrətli ordusunun qabağına itələyib qırğına səbəb oldular, özləri isə həmin gecə şəhərkənarı bağlarda gizləndilər və birinin də burnu qanamadı.
Bu təcrübəni sonralar da çox sınaqdan keçirdilər. Aldatdıqları gəncləri icazəsiz aksiyalara çıxarıb polislə toqquşdurur, həbsinə səbəb olur, özləri isə bahalı maşınlarına minib bahalı evlərində kabab yeməyə gedirdilər. Yeganə məqsədləri hakimiyyətə gəlmək idi, həm də birgə yox, təkbaşına. Bir ara (92-ci ildə) qarışıqlıqdan istifadə edib hakimiyyətə də gəldilər. Lakin daxili intriqalar, şəxsi çəkişmələr, siyasi savadsızlıq və səriştəsizlik, dövlət idarəetməsindən anlamamaqları nəticəsində cəmi 1 ildən sonra hər birinin özünün prezident olmasına çalışan bu komanda xalq tərəfindən tarixin arxivinə göndərildi.
Xalq ölkəni və dövləti böhrandan çıxaracaq yalnız bir qüvvə görürdü - Heydər Əliyev və onun rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası. Xalqın çağırışı ilə hakimiyyətə gələn Heydər Əliyev qısa vaxtda ölkəni faciələrdən qurtardı, böhrandan çıxardı və Azərbaycan inkişaf yoluna qədəm qoydu. Bundan sonra da həmin müxalifət liderləri öz iddialarını davam etdirdilər, xarici dairələrdən aldıqları pullarla savadsız gəncləri qızışdırıb arabir aksiyalar keçirməyə çalışdılar, lakin artıq xalqın dəstəyindən tam məhrum olmuş bu "liderlər" tarixin təkərini dəyişdirə bilməyəcəklərini anlamışdılar. Buna görə də, artıq müxalifət lideri postu uğrunda bir-biri ilə mübarizə aparmağa başladılar. Heç bir seçkidə bu "liderlər" bir araya gəlib vahid namizəd irəli sürə bilmədilər və hərəsi 1-2 faiz səsə toplayaraq rüsvay oldular.
Hər dəfə də xalq öz səsini ümummilli liderin siyasi kursunun davamçısı İlham Əliyevə verdi. Çünki elin gözü tərəzidir, onları da görmüşdü, İlham Əliyevi də... Və xalqın bir daha səhv etməyə şansı yox idi. Bu xalqı bir dəfə aldatmaq olardı ki, indiki liderlər bu şansdan da artıq istifadə etmişdilər.
Bir çox "liderlər" öz taleləri ilə barışdıqları halda, onlardan biri Əli Kərimlinin hakimiyyət hikkəsi keçmək bilmir. Heç bir ciddi elektoratı, siyasi nüfuzu olmayan, vaxtilə AXCP-ni parçalayıb öz liderinə və partiyasına xəyanət etmiş bu şəxs xalqa arxalanmaq əvəzinə ABŞ-a arxalanaraq hakimiyyətə gəlmək iddiasına düşdü. Lakin Azərbaycan artıq güclü, müstəqil dövlət olduğundan, hər hansı bir xarici dövlətin, təşkilatın bura nəyisə diktə etməsi mümkün deyil. Bu ölkənin, dövlətin taleyini Azərbaycan xalqı müəyyən edir. Xalq da öz rəyini hər seçkidə əyani surətdə nümayiş etdirir.
Bu həqiqətləri anlamayan Əli Kərimli və dəstəsi mübarizə yolunu yalnız daxildə hakimiyyət rəhbərlərini təhqir etməkdə, xaricdə isə Azərbaycan dövlətinin nüfuzunu aşağı salmaq üçün fəaliyyətdə görür. Bunun üçün hətta erməni lobbisi ilə əməkdaşlığa belə gedirlər.
Son illərdə elan etdikləri aksiyalara çox cüzi insanın gəldiyini və artıq kiçik bir kütlənin də dəstəyinə ümid edə bilməyəcəyini anladıqlarından bu dəstə gücünü sosial şəbəkələrdə və əllərində olan saytlarda dövlətə, onun rəhbərlərinə qarşı böhtan və qarayaxmalar sərf etməklə məşğuldur.
İndi prezident seçkilərinin bir neçə ay qabağa çəkilməsini elə təqdim edirlər ki, sanki seçki bir neçə ay sonra keçirilsəymiş mütləq fərqlə qalib gələcəklərmiş. Halbuki bütün Azərbaycana aydındır ki, istənilən vaxt keçiriləcək seçkidə Əli Kərimli 5 faiz də səs toplaya bilməz.
Sadəcə bunu etiraf edə bilmirlər və yapışmağa bəhanə axtarırlar. Həm də ümid edirdilər ki, növbəti 6 ayda xaricdən küllü miqdarda qrant alacaqlar və seçki adı altında bu vəsaitləri də mənimsəyəcəklər. İndi bu imkan da əllərindən çıxdığına görə ikiqat qəzəblidirlər.
Dəfələrlə dediyimiz kimi, bütün dünyada müxalifət seçkilərin mümkün qədər tez gəlib çatmasını arzulayır ki, tez hakimiyyətə gələ bilsin. Təbii ki, özünə güvənən müxalifət. Bizim müxalifət isə özünə güvənə bilmir, ona görə də uşaq kimi cığallıq etməklə məşğuldurlar. Rüsvayçı məğlubiyyətə uğrayacaqlarını dəqiq bildikləri seçkidə niyə iştirak etsinlər ki? Boykot edib "demokratiya pozulur" deyə qışqırmaq daha yaxşıdır.
Lakin Azərbaycanda siyasi qüvvələr təkcə AXCP və buna bənzər bir-iki partiya deyil. Sağlam siyasi qüvvələr var ki, seçkidə iştirak edib sivil mübarizələrini aparacaqlar. Uduzanda da kişi kimi uduzmaq lazımdır. Açıq meydanda - mübarizədə.
Məşhur söz var, deyir əgər mübarizə aparırsansa bəlkə məğlub ola bilərsən, amma mübarizə aparmırsansa artıq məğlubsan. AXCP və onun rəhbəri Əli Kərimlinin fəaliyyətini ən yaxşı ifadə edən reallıq budur. Azadinform.az