Azərbaycanın xarici siyasətinin uğurları davam edir
Bu günlərdə “Avropa Qonşuluq Siyasəti çərçivəsində Avropa İttifaqı – Azərbaycan münasibətlərinə dair hesabat” üzrə Avropa Xarici Fəaliyyət Xidməti və Avropa Komissiyasının Birgə İşçi Sənədi dərc olunub. Sənədlə bağlı Avropa Komissiyasının verdiyi açıqlamada qurumla ölkəmizin münasibətlərinin inkişafı istiqamətindəki müsbət məqamlar, habelə Avropa İttifaqının yüksək vəzifəli rəsmilərinin açıqlamaları öz əksini tapıb.
22 Dekabr 2017 13:44 SiyasətBeynəlxalq təşkilatlar haqq yoluna qayıdır
Bu günlərdə "Avropa Qonşuluq Siyasəti çərçivəsində Avropa İttifaqı - Azərbaycan münasibətlərinə dair hesabat" üzrə Avropa Xarici Fəaliyyət Xidməti və Avropa Komissiyasının Birgə İşçi Sənədi dərc olunub. Sənədlə bağlı Avropa Komissiyasının verdiyi açıqlamada qurumla ölkəmizin münasibətlərinin inkişafı istiqamətindəki müsbət məqamlar, habelə Avropa İttifaqının yüksək vəzifəli rəsmilərinin açıqlamaları öz əksini tapıb. "Avropa Qonşuluq Siyasəti çərçivəsində Avropa İttifaqı - Azərbaycan münasibətlərinə dair hesabat" üzrə Avropa Xarici Fəaliyyət Xidməti və Avropa Komissiyasının Birgə İşçi Sənədində Azərbaycan Avropa İttifaqının mühüm tərəfdaşı kimi qiymətləndirilir və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinin qurum tərəfindən dəstəkləndiyi bildirilir. İkitərəfli münasibətlərin inkişaf dinamikası haqqında məlumat verən Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini isə bildirib ki, reallığa söykənən Aİ-Azərbaycan tərəfdaşlığının gücünü və dərinliyini əks etdirəcək, habelə gələcək münasibətlərin inkişafı üçün zəmin yaradacaq yeni saziş üzrə danışıqlarda yaxşı irəliləyiş əldə edilib. Avropa İttifaqının Avropa qonşuluq siyasəti və genişlənmə məsələləri üzrə komissarı Yohannes Han isə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində Aİ-nin Azərbaycanın səylərini dəstəkləməyə hazır olduğunu bildirib. Siyasi ekspertlər hesab edirlər ki, sözqügedən hesabatın qəbulunu təsadüfi hesab etmək olmaz. Azərbaycanın yürütdüyü uğurlu xarici siyasət beynəlxalq təşkilatlarla diplomatik münasibətlərin ən yüksək səviyəsinə çatmasına səbəb olub. Konkret halda isə açıqlanan hesabat Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətin göstəricisi kimi qəbul edilə bilər. Elə isə maraqlıdır Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlər hansı səviyyədə qurulub?
Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin hüquqi əsasları
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi mövcuddur. Belə ki, Azərbaycan Respublikası (AR) ilə Avropa İttifaqı (Aİ) arasında münasibətlərin hüquqi əsası Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (TƏS) ilə qoyulub. Bu sənəd 22 aprel 1996-cı ildə Lüksemburq şəhərində imzalanmış və onu imzalamış bütün dövlətlər tərəfindən ratifikasiya edildikdən sonra 1 iyul 1999-cu il tarixində qüvvəyə minib.TƏS əməkdaşlığı möhkəmləndirmək üçün müvafiq mexanizmlər təmin etməklə, AR ilə Aİ arasında münasibətlərə yeni təkan vermişdir. Bu Saziş siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni və digər əməkdaşlıq sahələrində genişmiqyaslı əməkdaşlığı nəzərdə tutur. Onun əsas məqsədlərindən biri Azərbaycan qanunvericiliyinin Aİ qanunvericiliyinə uyğunlaşdırılması təşkil edir. TƏS-ə əsasən, AR ilə Aİ arasında ikitərəfli mütəmadi dialoqun aparılması məqsədilə Əməkdaşlıq Şurası, Əməkdaşlıq Komitəsi, Parlamentlərarası Əməkdaşlıq Komitəsi, Ticarət, iqtisadiyyat və əlaqədar hüquqi məsələlər üzrə Alt-komitə və Enerji, nəqliyyat və ətraf mühit məsələləri üzrə Alt-komitə kimi strukturlar yaradılmışdır. Əməkdaşlıq Şurası əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirir, Əməkdaşlıq Komitəsi isə Şuraya tövsiyələr verməklə yardım edir. Ticarət, iqtisadi və əlaqədar hüquqi məsələlər, həmçinin Enerji, nəqliyyat və ətraf mühit məsələləri üzrə Alt-komitələr Əməkdaşlıq Komitəsinin nəzdində fəaliyyət göstərir.
Avropa Qonşuluq Siyasətinin yaratdığı imkanlar
Azərbaycan Respublikasını Avropa Qonşuluq Siyasətinə (AQS) daxil etmək haqqında Aİ Şurasının 14 iyun 2004-cü il tarixli qərarı ikitərəfli əməkdaşlıqda irəliyə doğru mühüm addım hesab olunur. Aİ ilə əlaqələrdə daha yüksək səviyyəli siyasi və iqtisadi inteqrasiya vəd edən AQS ona daxil olan ölkələr üçün tərəfdaşlığın gələcək inkişafı baxımından yeni bir mərhələ olub. AQS ölkəmiz üçün aşağıdakı imkanlar yaratmışdır: siyasi, iqtisadi və inzibati islahatların həyata keçirilməsi və birgə dəyərlərə hörmət edilməsində konkret irəliləyişə nail olunması müqabilində Aİ-nin daxili bazarında müəyyən paya sahib olma imkanı; vətəndaşların, əmtəələrin, xidmətlərin və kapitalın sərbəst dövriyyəsini təmin etmək məqsədilə gələcək inteqrasiya və liberalizasiya proseslərində iştirak; Aİ üzv ölkələri ilə daha səmərəli siyasi dialoq və əməkdaşlıq, güzəştli ticarət əlaqələri və açıq bazar, miqrasiya, narkotiklər və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq, sərmayələrin təşviqi, yeni maliyyə mənbələrinin əldə edilməsi, ölkəmizin Ümumdünya Ticarət Təşkilatına üzv olmasının dəstəklənməsi. Həmçinin, AQS tərəfdaş ölkələr, o cümlədən Azərbaycan Respublikası, üçün mədəni, təhsil və ətraf mühit kimi sahələr üzrə əlaqələri təşviq edən müəyyən Aİ proqramlarında daha çox iştirak və texniki yardım imkanları təqdim edib. Bu kontekstdə, xüsusilə Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti (AQTA) çərçivəsində Tvinninq, Texniki yardım və Məlumat mübadiləsi(TAİEX), Büdcəyə dəstək, Tempus, Erasmus Mundus kimi proqramlar qeyd oluna bilər. AQS-in mərkəzi elementi isə Aİ ilə hər bir tərəfdaş ölkə arasında razılaşdırılmış və ölkə üzrə bir sıra qısa və orta müddətli prioritetlərin əks olunduğu Fəaliyyət Planlarıdır. AQS Strategiya Sənədinə əsasən, Aİ-nin tərəfdaş ölkələrlə münasibətlərini yaxın gələcək üçün tənzimləyən əsas sənəd Fəaliyyət Planlarıdır. 3-5 illik müddət üçün nəzərdə tutulan bu sənədlər hər bir ölkənin ehtiyac və imkanları, o cümlədən qarşılıqlı dəyər və maraqlar nəzərə alınaraq hazırlanıb. Azərbaycan Respublikası - Avropa İttifaqı Fəaliyyət Planı 14 noyabr 2006-cı ilin tarixində Brüsseldə AR-Aİ Əməkdaşlıq Şurasının iclası zamanı qəbul edilib. Beləliklə, daha əvvəl TƏS ilə tənzimlənən AR-Aİ münasibətlərinin gələcək inkişafının istiqamətləri AQS çərçivəsində AR-Aİ Fəaliyyət Planı ilə müəyyən olunub. Xüsusilə qeyd edək ki, AR ilə Aİ arasında əməkdaşlığın əsas istiqamətlərindən birini enerji dialoqu təşkil edir. Bu çərçivədə 7 noyabr 2006-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin Brüsselə səfəri zamanı imzalanmış "Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu" AR və Aİ arasında enerji dialoqunun genişləndirilməsi istiqamətində yeni imkanlar yaradıb. Bu Memorandumun əsas məqsədləri Aİ-nin enerji təchizatının diversifikasiyası və təhlükəsizliyi, həmçinin Azərbaycanın enerji infrastrukturunun inkişafı və müasirləşdirilməsi, enerjidən səmərəli istifadə, enerjiyə qənaət və bərpa olunan enerji mənbələrinin istifadəsidir.
Zəka