124 mindən çox şagird birinci sinfə qədəm qoyur - Nazir

Bu gün 124 mindən artıq Azərbaycan vətəndaşı birinci sinfə qədəm qoyur. Bu o deməkdir ki, 125 mindən çox azərbaycanlının həyatında çox vacib bir gün, həyatlarının mühüm bir mərhələsi başlayır.

Bu barədə elm və təhsil naziri Emin Əmrullayev Bilik Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı qeyd edib.

Nazir əlavə edib ki, yeni tədris ilində ölkə üzrə bütün təhsil səviyyələrində təqribən 2,2 milyon nəfər təhsil alacaq.

Elm və Təhsil Nazirliyinin məlumatına əsasən, onlardan 226 min nəfər məktəbəqədər, 1,6 milyon nəfər ümumi, 44 min nəfər peşə, 64 min nəfər orta ixtisas, 260 min nəfər isə ali təhsil alanlardır.

"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində 4 ümumi təhsil müəssisəsi fəaliyyətə başlayır.

850-dən çox təhsil müəssisəsi yenilənib, 15 təhsil müəssisəsi isə yeni istifadəyə verilib.

Nazir bildirib ki, ümumi təhsil səviyyəsi hər bir insanın həyatında və yaddaşında mühüm yer tutur:

"Yəqin ki, mənimlə razılaşarsınız ki, ümumi təhsil səviyyəsi, orta məktəbdə oxumaq hər bir insanın həyatında, yaddaşında qalan və onun həyatını formalaşdıran ən vacib mərhələlərdən biridir.

Həyatımızda öyrəndiklərimizin böyük bir hissəsini məhz orta məktəbdə öyrənmişik. Müəllimlərimizdən, bir-birimizdən öyrənmişik, yaxın dostlarımızı bu məktəbdə qazanmışıq.

Ona görə bugünkü birinci sinfə qədəm qoyan əziz şagirdlərimizin timsalında bütün Azərbaycanda birinci sinfə gedən şagirdləri təbrik edir, onlara uğurlar arzulayıram.

Uğurlar deyəndə, təbii ki, şagirdə birinci növbədə yaxşı oxumağı, yaxşı təhsil nailiyyətləri əldə etməyi arzulamaq düşür. Amma bununla belə, vacib məqamlardan biri də yaxşı insan, yaxşı vətəndaş olmaqdır.

Fərqi yoxdur, istər burada olan şagirdlər, istərsə də artıq bir vətəndaş kimi formalaşmaqda olan, yeniyetmə yaşlarını yaşayan, gənclik dövrünə qədəm qoyan və tam orta təhsil səviyyəsinə başlayan şagirdlərimiz üçün oxumaqla yanaşı, yaxşı insan və yaxşı vətəndaş olmaq da qarşıda duran vəzifələrdən biridir. İnanıram ki, bu tədris ili bütün şagirdlərimiz üçün bu mənada uğurlu il olacaq",- deyə o bildirib.

Nazir həmçinin müəllimləri də yeni tədris ili münasibətilə təbrik edib.Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31