Neft qiymətlərinin artımına təsir edən amillər kəskin şəkildə artıb- ÖZƏL

"Neft qiymətlərinin artımına təsir edən amillər sürətlə və kəskin şəkildə artdı". "Olaylar" xəbər verir ki, bunu iqtisadçı ekspert Elman Sadıqov deyib: "Nəticədə gündəlik 7 milyon barel neft nəql edərək Hörmüz Boğazının bağlanması nəticəsində neft bazarında yaranan çatışmazlığın bir hissəsini kompensasiya edən, Səudiyyə Ərəbistanına məxsus Şərq-Qərb neft kəmərinin vurulması və Bab-al-Mandab boğazına Husilərin nəzarət etməyə başlaması neft qiymətlərinin proqnozlaşdırılmasında təsiredici amillərin sayını və təsir dərəcələrini kifayət qədər dəyişdi.
Beynəlxalq Enerji Agentliyi 400 milyon barel strateji ehtiyatlardan istifadə çağırışı etmişdi. Həmin ehtiyatların 397 milyon barelindən istifadə olunub. Bu rəqəm qlobal strateji ehtiyatların 20%-i civarındadır. Növbəti tranşdan istifadəni gözləsəm də, qeyri-müəyyənliyin müddətinin uzanacağı ehtimalı daha ehtiyatlı və səbrli addımlara sövq edir.
Böyük Britaniyanın parçalanma ehtimalı və ABŞ-nin vahid İrlandiyanı (Şimali İrlandiyanın İrlandiya ilə birləşməsi) dəstəklədiyini bildirməsi ciddi proseslərin hələ irəlidə olduğunu göstərir.
Keçən il bir yazı yazmışdım ki, Rusiyanın önünü açacaqlar. Digər ölkələrə də hücumunu təşviq edəcəklər. Əgər bu baş versə proseslərin axarı nisbətən daha da aydınlaşacaq. Təəssüf ki, bu proses baş verir. Amma Ukrayna bataqlığına düşən Rusiyanın bu dəfə daha dərinə gedəcəyi rasional addım olmaz.
Cənubi Qafqazı proseslərin tərkib hissəsinə çəkmək cəhdlərinin qarşısının alınacağına ümid edirəm. Çünki qarşılıqlı olaraq oyunpozma siyasəti daha da güclənir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31