MSK referendumla bağlı qərarlar verdi
4 Avqust 2016 23:03 SiyasətMərkəzi Seçki Komissiyasının 26 iyul və 27 iyul 2016-cı il tarixli iclas protokollarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası qərarlar qərarlar qəbul edib.
AZƏRTAC sənədləri təqdim edir:
Mərkəzi Seçki Komissiyasının 26 iyul və 27 iyul 2016-cı il tarixli iclas protokollarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRAR
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 26 iyul və 27 iyul 2016-cı il tarixli iclaslarının protokolları təsdiq edilsin.
* * *
2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) səsvermə bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 99.1-99.4-cü, 99.6-cı və 134-cü maddələrinə görə səsvermə bülletenlərinin mətni və forması, onların sayı, hazırlanmasına aid tələblər Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı ilə səsvermə gününə ən geci 35 gün qalmış təsdiq edilməli, qeydə alınmış seçicilərin sayından 3 faizdən artıq olmamaq şərtilə səsvermə gününə ən azı 10 gün qalmış Mərkəzi Seçki Komissiyası nümayəndələrinin müşahidəsi altında müvafiq qaydada hazırlanmalıdır.
Referendumda istifadə ediləcək səsvermə bülletenləri ilə əlaqədar yuxarıda göstərilən qayda və şərtlər əsas götürülməli, mövcud seçki dairələri üzrə həmin bülletenlərin bir-bir və ardıcıl olaraq kəsilən yuxarı sol küncü nömrələnməli, referendum aktının layihəsi əsasında tərtib edilən, hər bir hissədən sağda üzərində səsverənin cavabının variantları ("hə" və "yox") yazılan boş kvadratlar, yuxarıda doldurulması qaydası haqqında izah, yuxarı sağ küncündə möhür yeri, aşağı sağ küncündə isə ləğvetmə xətti yerləşən səsvermə bülleteninin mətni və forması təsdiq edilməli, ölkə üzrə qeydə alınan seçicilərin ümumi sayından 3 faizdən artıq olmamaqla, Azərbaycan Respublikası Milli Məclisi Aparatının mətbəəsində Mərkəzi Seçki Komissiyasının təmsilçiliyə uyğun 3 üzvünün müşahidəsi altında mətbəə üsulu ilə hazırlanmalıdır.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.2.6-cı, 25.2.11-ci, 28.2-ci, 28.4-cü, 99-cu və 134-cü maddələrinə uyğun olaraq qərara alır:
1. 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) mövcud seçki dairələri üzrə həmin bülletenlərin bir-bir və ardıcıl olaraq kəsilən yuxarı sol küncü nömrələnən, referendum aktının layihəsi əsasında tərtib edilən, hər bir hissədən sağda üzərində səsverənin cavabının variantları ("hə" və "yox") yazılan boş kvadratlar, yuxarıda doldurulması qaydası haqqında izah, yuxarı sağ küncündə möhür yeri, aşağı sağ küncündə isə ləğvetmə xətti yerləşən səsvermə bülleteninin mətni və forması təsdiq edilsin.
2. Səsvermə bülletenlərinin sayı cəmi 5 280 924 (beş milyon iki yüz səksən min doqquz yüz iyirmi dörd) ədəd müəyyən edilərək Azərbaycan Respublikası Milli Məclisi Aparatının mətbəəsində Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının təmsilçiliyə uyğun 3 üzvünün müşahidəsi altında mətbəə üsulu ilə hazırlansın.
3. Qərarın icrası öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyinə və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mətbəəsinə həvalə edilsin.
4. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
* * *
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 104.1-ci maddəsinə əsasən məntəqə seçki komissiyaları səsvermənin yeri və vaxtı haqqında seçiciləri xəbərdar etməlidirlər.
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 5 iyun 2013-cü il tarixli 5/28 saylı Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) səsvermənin yeri və vaxtı barədə bildirişlərin seçicilərə paylanması (çatdırılması) Qaydaları"nın 2.1-ci bəndinə uyğun olaraq bildirişin mətni, forması, sayı və hazırlanmasına dair tələblər Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı ilə səsvermə gününə ən azı 40 gün qalmış təsdiq edilməli və müəyyən olunmuş formada və sayda poliqrafiya müəssisəsində hazırlanmalıdır.
Ona görə də seçicinin soyadı, adı, atasının adı ilə yanaşı, özünün və səs verəcəyi seçki məntəqəsinin ünvanı haqqında, səsvermənin yeri və vaxtı, səsvermə prosesində istifadə edilən şəxsiyyəti təsdiq edən sənədlərin siyahısı, səsvermə qaydaları və s. bu kimi maarifləndirmə xarakterli məlumatları da özündə əks etdirən bildiriş nümunəsinin hər bir seçicinin ünvanına çatdırılması üçün respublika üzrə daimi seçici siyahılarına daxil edilmiş seçicilərin sayı nəzərə alınmaqla, həmin saydan təqribən 3% artıq olmaqla mətbəə üsulu ilə hazırlanması məqsədəmüvafiqdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.2.6-cı, 25.2.11-ci, 28.2-ci, 28.4-cü və 104.1-ci maddələrinə və yuxarıda göstərilən Qaydaların 2.1-ci bəndinə əsasən qərara alır:
1. 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi ilə (referendumla) əlaqədar səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişin mətni və forması təsdiq edilsin.
2. Səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişlərin sayı 5 280 924 (beş milyon iki yüz səksən min doqquz yüz iyirmi dörd) ədəd müəyyən edilərək mətbəə üsulu ilə hazırlansın.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.