Türkiyənin xarici siyasətində çətinliklər yaşanacaq

15 iyul tarixində Türkiyədə həyata keçirilən dövlət çerilişinə cəhdin qarşısı alınsa da, lakin hələ də qardaş ölkənin belə bir təhlükə ilə üzləşə biləcəyi söylənilir. Uzun illər dövlətin ayrı-ayrı qurumlarında özünə yer etmiş Gülən tərəfdarlarının tam tərkibdə tapılıb üzə çıxarılmasının indiki situasiyada mümkünsüz olması belə bir təhlükənin hələ də qaldığını söyləməyə əsas verir.

Arzu Nağıyev: "Artıq Türkiyənin Avropa İttifaqına üzvlük məsələsi arxa plana keçəcək"

15 iyul tarixində Türkiyədə həyata keçirilən dövlət çerilişinə cəhdin qarşısı alınsa da, lakin hələ də qardaş ölkənin belə bir təhlükə ilə üzləşə biləcəyi söylənilir. Uzun illər dövlətin ayrı-ayrı qurumlarında özünə yer etmiş Gülən tərəfdarlarının tam tərkibdə tapılıb üzə çıxarılmasının indiki situasiyada mümkünsüz olması belə bir təhlükənin hələ də qaldığını söyləməyə əsas verir. Bu arada dövlət çevrilişinə cəhddə şübhəli bilinənlərin, 15 iyul hadisələrində bu və ya digər dərəcədə iştirak edənlərin həbsi də davam etdirilir. Paralel olaraq bu ərəfədə Türkiyə öz xarici siyasətində də bəzi korrektələr etmək məcburiyyətində qalıb. Bəs görəsən Türkiyədə hərbi çevriliş cəhdindən sonra yaşanan proseslər, atılan bəzi addımlar rəsmi Ankaranı hara aparır?.

Siyasi ekspert Arzu Nağıyevin sözlərinə görə, rəsmi Ankara bu hadisələrdən ciddi nəticə çıxarmalıdır: "Belə ki, türk xalqı Türkiyəni xilas etdi. Eyni zamanda Türkiyənin siyasi partiyalardan təşkil edilən demokratik cəmiyyəti dövlətini xilas etdi.  Bütün bunlarla yanaşı fikirləşməmiş şəkildə atılan addımlar hərbçilərin, daha doğrusu mehmetçiyin nüfuzuna xələl gətirmək üçün öz işini gördü. Türkiyə bu gün demokratik bir quruluşa qayıtmaq üçün ciddi islahatlar aparmalıdır. Bu həm siyasi, həm iqtisadi, həm də hərbi və dini məslələrin həllindən və yenidən təşkilindən ibarət olmalıdır. Bundan başqa, din və dövlətçilik arasında artıq seçim edilməli və bu məsələlərə aydınlıq gətirilməlidir". Arzu Nağıyev Türkiyədə anoloji situasiyanın yaşana biləcəyinin mümkünlüyü barədə yayılan məlumatlara da aydınlıq gətirib. Ekspert bildirib ki, 15 iyul hadisələri əslində hərbi çevriliş deyil, çevrilişə bir cəhd idi: "Və bununla maraqlı dairələr hakimiyyətin bütün potensialını yoxladılar. Yəni hərbidə olan bir qurum hakimiyyətə qarşı çıxmağa çalışdı və sonu da həmin qiyamın yatırılması ilə nəticələndi. Əgər bütün hərbi qüvvələr ayağa qalxsa idi, bunun qarşısını almaq mümkün olmazdı. Hazırda hakimiyyət elə bir siyasət yürütməlidir ki, gələcəkdə baş tuta biləcək hər hansı çevrilişə cəhdə zərurət olmasın. Təbii ki, burada həm də Qərblə münasibətlərdə müvafiq addımlar atmaq məsələsi də durur". Siyasi ekspert son hadisələrin Türkiyənin xarici siyasətinə təsir göstərə biləcəyini də vurğulayıb. Onun sözlərinə görə,  birmənalı olaraq xarici siyasətdə çətinliklər yaşanacaqdır: "Artıq Türkiyənin Avropa İttifaqına üzvlük məsələsi arxa plana keçəcəkdir. Bir sıra Qərb dövlətləri Türkiyəni insan haqlarını pozmaqda günahlandıracaq, dini radikalizmlə bağlı saxta bəyanatlar səsləndirəcəkdir, hətta NATO-dan çıxaracaqları ilə bağlı hədələyəcəklər. Ona görə də Türkiyə diplomatiyası bu gün çox çevik və həssas siyasət yürütməlidir". Arzu Nağıyev hesab edir ki, bu ərəfədə Türkiyənin Rusiyaya doğru meyillənməsi, iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar Qərbdə o qədər narahatçılıq yaratmayacaq: "Elə bir ciddi qıcıqdan söhbət gedə bilməz. Çünki əsas məsələ siyasi və iqtisadi maraqlardır. Yəni bu gün Türkiyə Rusiya üçün ancaq iqtisadi məsələlərdə partnyor ola bilər. Bu hərbi və siyasi məsələlərə o qədər də dəlalət edə bilməz. Yəni hər bir dövlətin öz maraqları var. Bu gün də istər Rusiya, istər Qərb Türkiyədə öz maraqlarından çıxış edir". Arzu Nağıyev bildirib ki, Türkiyə-Ruysiya yaxınlaşması həm Qafqaz regionuna, həm də Azərbaycana bir sıra məsələlərin həllində müsbət təsir edə bilər: "Məlumdur ki, NATO-Rusiya sərhəddi Türkiyə və Ermənistan sərhəddindən keçir. Bu baxımdan Dağlıq Qarabağ münaqişəsinin həllində hər iki dövlət mühüm rol oynaya bilər və oynamalıdırlar da . Çünki bu yaxınlaşmada Azərbaycanın rolu danılmazdır. Rusiya öz tərəfindən Ermənistana təsir edə bilər və bunun müqabilində münaqişə həll edilərsə, təbii ki, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, nüfuz sahibinə çevrilə bilər. Və bununla da Qərbin bir sıra sanksiyaları da üzərindən götürülər. Bununla da regionda təhlükəsizlik məsələləri həll olar. Bu isə rügionun bir sıra beynəlxalq iqtisadi layihələrdə iştirakına zəmin yaradar".

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31