Konstitusiya Məhkəməsi rəy verdi

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci il noyabrın 12-də referendum yolu ilə Azərbaycan Respublikasının Konstitusiyasının qəbulundan keçən dövr ərzində ölkəmizdə milli qanunvericiliyin təkmilləşdirilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının etibarlı təminat mexanizmlərinin formalaşdırılması və xüsusilə də siyasi-hüquqi sistemin liberallaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir.

Təklif edilən dəyişikliklər Azərbaycan Konstitusiyasının müddəalarına zidd deyil və ümumxalq səsverməsinə çıxarıla bilər
 

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci il noyabrın 12-də referendum yolu ilə Azərbaycan Respublikasının Konstitusiyasının qəbulundan keçən dövr ərzində ölkəmizdə milli qanunvericiliyin təkmilləşdirilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının etibarlı təminat mexanizmlərinin formalaşdırılması və xüsusilə də siyasi-hüquqi sistemin liberallaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Bu tədbirlər təsadüfi və xaotik məzmunlu olmayıb, demokratik dövlət quruculuğu prosesinin daxili məntiqi və dialektikasından qaynaqlanır, eyni zamanda oxşar tendensiyaların yeni reallıqlar fonunda perspektivdə də təkrarlanması gerçəkliyini inikas etdirir. Məhz həmin reallıqların nəticəsi olaraq, bir sıra mühüm hüquqi normalara konstitusion status vermək üçün hələ 2002-ci il avqustun 24-də ümumxalq səsverməsi-referendum keçirilmiş, Konstitusiyaya bir sıra əlavə və dəyişikliklər edilmişdir. Xalqın siyasi iradəsinin təcəssümü olan həmin referendum nəticəsində proporsional seçki sistemi ləğv olunmuş, müstəsna hallarda Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin Milli Məclisin sədrinə deyil, Baş nazirə keçməsi proseduru təsdiqlənmiş, prezident seçkilərinin nəticələrinin sadə səs çoxluğu ilə hesablanması qaydası müəyyənləşmiş, habelə, hökumətin Milli Məclis qarşısında illik hesabatla çıxış etməsi, siyasi partiyaların ləğvi səlahiyyətlərinin Konstitusiya Məhkəməsindən alınaraq ümumi yurisdiksiya məhkəməsinə verilməsi, vətəndaşlara Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmək imkanının yaradılması və s. kimi prinsipial məsələlər hüquqi həllini tapmışdır. Yeddi il sonra, tam konstitusion qaydalara uyğun olaraq Milli Məclis 26 dekabr 2008-ci il tarixdə keçirilmiş iclasında Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi üçün 2009-cu il martın 18-də referendumun keçirilməsi ilə bağlı tarixi qərar qəbul etmişdir. Ümumxalq səsverməsinə çıxarılan Referendum Aktının layihəsində 29 maddə üzrə 41 dəyişiklik və əlavənin edilməsi təklif olunmuşdur. Bu dəyişikliklərdən 17-si maddələrə yeni hissələrin və ya bəndlərin əlavə edilməsi, 7-si maddələrdə sözlərin əvəz edilməsi, 7-si maddələrə yeni sözün və ya sözlərin əlavə olunması, 6-sı maddələrə yeni cümlələrin əlavə olunması, 2-si maddələrin yeni redaksiyada verilməsi, 1-i isə maddədən sözün çıxarılması ilə bağlı idi. 
 

***

Cəmiyyətdə heç nə statik deyil, dəyişən zaman kontekstində mövcud meyar və dəyərlərə də müvafiq fərqli yanaşma labüddür. 2009-cu ildə həyata keçirilmiş konstitusiya islahatından sonra ölkənin ictimai-siyasi həyatında baş vermiş köklü dəyişikliklər-hüquq sisteminin təkmilləşməsi, demokratikləşmə prosesinin dərinləşməsi, təhlükəsizlik məsələlərinin yeni məzmun kəsb etməsi, dövlət strukturlarının yenilənməsi, ictimai təsisatların inkişafı, yerli özünüidarəetmə orqanlarının məsuliyyətinin artırılması və digər mühüm proseslər Konstitusiyaya bir daha nəzər salmaq, Əsas Qanuna bəzi əlavə və dəyişikliklərin edilməsini obyektiv tələbata çevirmişdir. Konstitusiyanın 152-ci maddəsinə görə, Azərbaycan Respublikasının Əsas Qanununun mətnində dəyişikliklər yalnız referendumla qəbul edilə bilər. Konstitusiyaya əlavələrin təklif edilməsi təşəbbüsünü nəzərdə tutan 157-ci maddəyə əsasən, müvafiq təkliflə Azərbaycan Respublikasının Milli Məclisi və ya Azərbaycan Respublikasının Prezidenti çıxış edərsə, bu halda nəzərdə tutulan dəyişikliklərlə bağlı Konstitusiya Məhkəməsinin rəyi alınır. Elə bu məntiqlə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin 18 iyul tarixində "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktı layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə sərəncam imzalayıb. Artıq Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Konstitusiyaya təklif edilən dəyişikliklərin Azərbaycan Konstitusiyasının tələblərinə uyğunluğu barədə əsaslandırılmış rəy verilib. Rəydə qeyd edilib ki, təklif edilən dəyişikliklər Azərbaycan Konstitusiyasının müddəalarına zidd deyil və ümumxalq səsverməsinə çıxarıla bilər. Xatırladaq ki, Konstitusiya Məhkəməsinə göndərilən Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezident postlarının yaradılması, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması, prezidentə Milli Məclisi buraxmaq və növbədənkənar prezident seçkilərinin elan edilməsi səlahiyyətinin verilməsi, prezident seçkilərində yaş məhdudiyyətinin aradan qaldırılması, parlament seçkilərində iştirak üçün yaş həddinin 25-dən 18-ə endirilməsi nəzərdə tutulur. Millət vəkili Çingiz Qənizadı bildirib ki, müstəqil Azərbaycanda ilk Konstitusiyanın qəbul olunmasından artıq 20 ildən çox vaxt keçib. Bu müddətdə təbii ki, Azərbaycan cəmiyyətində Avropaya inteqrasiya dəyərləri inkişaf edib. 2000-ci ildə milli qanunvericilik bazasını Avropa Şurasının tələblərinə uyğunlaşdırdıq: "Təbii ki, insan hüquq və azadlıqları və Konstitusiyada cəmiyyətlə dövlətin müəyyən atributları inkişaf etdikcə, yeni hüquqi tələblərin təkmiləşdirilməsi meydana çıxır. Bu baxımdan hesab edirəm ki, dəyişiklik ediləcək Konstitusiya aktının yeni layihəsində insan hüquq və azadlıqlarının təminatını daha da gücləndirən, onun inkişafına rəvac verən kifayət qədər məqamlar öz əksini tapacaq". Deputat referenduma çıxarılacaq Konstitusiyaya aktında Milli Məclisə üzv seçilməyin 18 yaşa endirilməsini mütərəqqi addım hesab edir: "Biz 18 yaşından seçki hüququnu tanıyırıqsa, yəni artıq bu yaşdan vətəndaş seçmək hüququnu özündə əks etdirirsə, o zaman seçilmək hüququnu niyə məhdudlaşdıraq? Ona görə də cənab prezidentin həm prezident seçkiləri ilə bağlı yaş həddini götürməsi, həm Milli Məclisə seçkilərlə bağlı yaş həddini ardan qaldırması nəticəsində 18 yaşına çatmış Azərbaycan vətəndaşının seçməklə yanaşı, artıq seçilmək hüququ da olacaq. Bu da insan hüquq və azadlıqlarının təməllərindən biridir". Çingiz Qənizadə hesab edir ki,prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılması dövlətin siyasi, sosial inkişafı ilə yanaşı, həm də büdcəyə qənaət etməyə imkan verəcək: "Prezidentlik müddətinin 5 ildən 7 ilə artırılması inkişaf etmiş Avropa ölkələrində də var. Demokratik ölkələrin qanunvericiliyində 7 illik prezident institutu var. Prezidentin başlamış olduğu dövlət proqramları, iqtisadi və xarici siyasətin həyata keçirilməsi, reallaşması üçün daha çox zamana ehtiyac var. Bu baxımdan, həm də 5 ildən bir seçkilərin keçirilməsinin iqtisadi tərəfi var. Xeyli maliyyə xərcləri tələb edir. Bu gün dünyada maliyyə böhranının olduğunu nəzərə alsaq, prezidentlik müddətinin Azərbaycanda 5 ildən 7 ilə qaldırılması mütərəqqi addım hesab oluna bilər. Kimin prezident seçilməsindən asılı olmayaraq, prezidentin 7 il müddətində hakimiyyətdə qalması normaldır".

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31