Gülən camaatı Azərbaycan üçün nə dərəcədə təhlükəlidir?
Sərdar Ünsal: “Fətullahçılar Azərbaycanda da özlərinə kifayət qədər mövqe tuta bilmişdilər”
25 İyul 2016 13:07 SiyasətSərdar Ünsal: "Fətullahçılar zamanında Azərbaycanda da özlərinə kifayət qədər mövqe tuta biliblər"
İyulun 15-də Türkiyədə baş verən dövlət çevrilişinə cəhd bir daha sübut etdi ki, uzun illərdir Birləşmiş Ştatlarda özünə sığınacaq tapmış Fətullah Gülən hələ də Türkiyə dövləti üçün ciddi təhlükə mənbəyi olaraq qalır. Gülən şəbəkəsinin dövlət idarəetmə sisteminin içərilərinə qədər nüfuz etməsi hərbi çevriliş cəhdindən sonra aparılan təmizləmə əməliyyatı ilə bir daha öz təsdiqini tapdı. Baxmayaraq ki, bir neçə dəfə fətullahçılara qarşı əməliyyat həyata keçirilmiş və Gülənə yaxınlığı ilə seçilən bir sıra şəxslər idarəetmə sistemindən təmizlənmişdi, ancaq 15 iyul hadisələri Gülənin hələ də Türkiyənin daxili siyasətinə təsiretmə gücünə malik olduğunu göstərdi. Lakin bu dəfə də fətullahçı terror təşkilatının (feto) çevriliş cəhdi, xalqın reaksiyası, media, prezident, baş nazir, müxalifət partiyaları olan CHP və MHP-nin cəsarətli addımı ilə uğursuz nəticələndir.
Bu arada fətullahçıların Türkiyənin daxili siyasətinə təsir imkanları, onların idarəetmə sisteminə nüfuz etmələri barədə aparılan araşdırmalar və ortaya çıxan bəzi faktlar diqqət çəkir. Məlum olur ki, Fətullah Gülən və onun yaxın ətrafının Türkiyənin idarəetmə sisteminə nüfuz etməsi hələ keçən əsrin 80-ci illərinə təsadüf edir. Türkiyədə fəaliyyət göstərən İqdır Azərbaycan Evi Dərnəyinin sədri Sərdar Ünsal deyir ki, hələ 1980-ci il qiyamındən sonra Fəttullah Gülən dövlətin bütün sahələrinə öz adamalarını yerləşdirməyə başlayır: "Allah adına hərəkət etdiklərini, fəaliyyət göstərdiklərini söyləyənlər əslində qul haqqı yeyərək müəyyən mövqelərə sahib olmağa başlayırlar. Bu zaman fətullahçılar özlərinə məxsus prinsipdən istifadə edirlər. Belə ki, imkansız ailələrin və ya bir qədər imkanlı ailələrin uşaqlarından daha bacarıqlı və çalışqan olanlarını özünə cəlb edərək onların dövlətin müxtəlif idaretmə sistemlərində yer almasına şərait yaradır. Bir növ Hitler kimi tək bir düşüncə ətrafında, dövlət dairələrinə nüfuz etmə prinsipi ilə idarəetmə sistemində yer alan fətullahçılar zəngin iş adamlarını da öz ətraflarına çəkə bilirlər. Uzun illərdir dövlətin damrlarına girən həmin heyət sonda məlum qiyama əl atmış və hakimiyyət çevrilişinə cəhd göstərmişdi". Sərdar Ünsal hesab edir ki, əgər 15 uyul qiyamı baş tutsaydı, o halda Fəttullah Gülən Xomeyni kimi Türkiyəyə geri dönəcək və dövlətin başına keçəcəkdi: "Amma uca Türk milləti canını, qanını verərək bu xain planın reallaşmasına icazə vermədi".
Sərdar Ünsal bildirib ki, fətullahçılar zamanında Azərbaycanda da özlərinə kifayət qədər mövqe tuta biliblər: "Fəttullah Gülən camaatı 1992-ci ildən etibarən Azərbaycan və Naxçıvan Muxtar Respublikasında məktəblər açıb, televiziya, radio, qəzet təsis ediblər. O zamandan etibarən Azərbaycanda kifayət qədər bacarıqlı, savadlı gənclər fətullahçılar tərəfindən ələ alınaraq oxudulmuş, məzun olmuş və beləlkiklə dövlət qurumlarında müəyyən postlar tutmağa müvəffəq olublar. Hər il ən azI 1000 şagird fəttullahcı düşüncə ilə məzun olur, iş sahibi və ya ticarətçiyəı çevrilir. Azərbaycan qəzetlərini, mediasını oxuyuram. Qafqaz Universitetinin rəhbərliyi dəyişib, "Zaman" qəzeti nəşrini dayandırıb. Bəs oradakı kadrlar necə oldu? Məncə Azərbaycanın səlahiyyət sahibləri Naxçıvan Muxtar Respublikası daxil olmaqla Azərbaycandaki, Gülən camaatının məktəb və liseylərini, universitetlərini tamamilə nəzarətə götürməli, onların bütün müəllim, rəhbərlik heyətlərini dəyişdirməlidir. Əvəzində Türk kimi düşünən, Azərbaycan sevdalısı olan, heç bir camaat və təriqətə bağlı olmayan müəllimlər işə götürülməli, həmin məktəblərdə oxuyan şagirdlər vətənpərvər olaraq yetişdirilməlidir. .Camaat məktəblərindən məzun olub dövlət strukturlarında vəzifə sahibi olanların keçmişi, maliki olduğu əlaqələr, gördüyü işləri yaxşıca araşdırılmalıdır ki, gələcəkdə Azərbaycanın başına bəla olmasınlar". İqdır Azərbaycan Evi Dərnəyinin sədri deyir ki, bu gün Azərbaycan Qafqazın parlayan ulduzudur və bu səbəbdən düşməni çoxdur: "Başda isə Ermənistan dayanır. Bu gün Gülən camaatına xidmət edənlər, sabah başda erməni diasporu olmaq üzrə başqa millətlərə, dövlətlərə, onların maraqlarına xidmət edərlər. Hesab edirəm ki, Gülən camaatı Azərbaycan üçün gələcəkdə böyük təhlükədir".
S.İsamayılbəyli