İdarəetmə sistemini təkmilləşdirəcək islahatlar
Bu günlərdə Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" referendum aktı layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə Sərəncam imzalayıb.
21 İyul 2016 13:19 SiyasətBu günlərdə Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" referendum aktı layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə Sərəncam imzalayıb. Məlumat üçün qeyd edək ki, təklif edilən layihədə bir neçə maddəyə dəyişiklik edilməsi nəzərdə tutulub. Dəyişikliklərdə prezidentliyə namizədə qoyulan tələblərdə 35 yaş məhdudiyyətinin aradan qaldırılması, prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılması, prezidentə növbədənkənar seçkilər təyin etmək səlahiyyətinin verilməsi öz əksini tapıb. Həmçinin birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması, həmin şəxslərin prezident tərəfindən təyin və vəzifədən azad edilməsi, prezident vaxtından əvvəl vəzifədən getdikdə onu baş nazirin deyil, birinci vitse-prezidentin əvəz etməsi, birinci vitse-prezidentin prezidenti əvəz etməsi mümkün olmadıqda onu vitse-prezidentlərin əvəz etməsi, vitse-prezidentlərin əvəz etməsi mümkün olmadıqda baş nazirin, baş nazirin əvəz etməsi mümkün olmadıqda Milli Məclis sədrinin əvəz etməsi nəzərdə tutulur. Bundan əlavə, layihədə Azərbaycanda parlament seçkilərində iştirak üçün yaş həddi 18 nəzərdə tutulub. Həmçinin sərəncamda qeyd olunur ki, Milli Məclis eyni çağırışı bir il ərzində iki dəfə Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin və Mərkəzi Bankı İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda onlara üzvlüyə namizədləri iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə Prezident Milli Məclisi buraxır.
Azərbaycan Respublikasının Konstitusiyasında dəyişiklik təklifinə əksər siyasilər, ekspert və analitiklər müsbət yanaşıblar. Birmənalı olaraq vurğulanıb ki, bu dəyişikliklər ölkədə idarəetmə sisteminin təkmilləşməsinə yol açacaq.
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) rəhbəri Rufiz Qonaqov deyib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilməsi haqqında Sərəncamı zamanın tələbinə uyğundur. Onun sözlərinə görə, dünyanın demokratiya ənənəsi olan istənilən ölkəsində vaxtaşırı Konstitusiya islahatları həyata keçirilir: "20 ildən artıqdır ki, Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilib. Zaman keçdikcə, yeni siyasi stiuasiya yetişdikcə Konstitusiyaya dəyişiklik zərurəti meydana gəlir. Bu gün Azərbaycanda prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılması, eyni zamanda vitse-prezidentlik institutunun yaradılması zamanın tələbidir. Səlahiyyət müddətinin 7 il olması prezidentə öz proqramını sona qədər həyata keçməyə imkan verir. Azərbaycanda prezidentli respublika quruluşu olduğu üçün ölkə başçısına geniş səlahiyyətlər verilməlidir. Bu dəyişikliklərin ən böyük müsbət təsiri, şübhəsiz ki, Azərbaycan xalqına, dövlətinə olacaq. Azərbaycanın özünü təsdiq etmiş lideri, cəmiyyətin etimadını doğrultmuş siyasi xadimi var və bu, Prezident İlham Əliyevdir. O, Azərbaycanda alternativsiz siyasi liderdir. Bu mənada hesab edirəm ki, prezidentlik müddətinin artırılması bütün parametrlər üzrə vacibdir. Bundan başqa parlamentə seçilmə yaşının 25-dən 18-ə, o cümlədən prezidentliyə namizədlik yaşının 35-dən 30-a endirilməsi və digər struktur dəyişikliklər ciddi şəkildə araşdırma, təhlillər aparıldıqdan sonra ortaya çıxıb. Burada ən ciddi məqamlardan biri də köklü struktur islahatlarının aparılmasının nəzərdə tutulmasıdır.Azərbaycanda vitse-prezidentlik institutunun yaradılması demokratiya yolunda atılmış mühün addımdır. Dünyanın aparıcı dövlətlərində bu sistem mövcuddur". Rufiz Qonaqovun sözlərinə görə, bu dəyişikliklər Ermənistan üçün Arzuolunmazdır: "Ermənistan Azərbaycanın tarixi torpaqlarını işğal etdiyi üçün dövlətimizin daim təzyiqi altındadır.Diplomatik, iqtisadi və hərbi təzyiqlər nəticəsində Ermənistan bütün regional layihələrdən kənarda qalıb, vassal ölkəyə çevrilib.Ermənistanın bu vəziyyətə düşməsi, daim təzyiq altında olması Azərbaycan Prezidentinin yürütdüyü uğurlu siyasətin nəticəsidir.Bəlkə də, Azərbaycanda başqa bir şəxs hakimiyyətdə olsaydı indi Dağlıq Qarabağ çoxdan müstəqil dövlət olmuşdu, Ermənistanla sərhədlər açılmışdı və işğalçı ölkə bütün regional layihələrə qoşularaq iqtisadiyyatını gücləndirmişdi.Amma cənab İlham Əliyev bunlara imkan vermədi və bundan sonra da imkan verməyəcək. Bu ilin aprel ayında dörd günlük hərbi əməliyyatlar zamanı Azərbaycan Ermənistana tutarlı cavab verdi, işğal olunmuş ərazilərin bir hissəsi azad edildi. Ermənistan hakimiyyəti bilir ki, nə qədər ki, Azərbaycanın prezidenti Cənab İlham Əliyevdir, onlara rahatlıq olmayacaq, işğal etdikləri torpaqlar ermənilərdən təmizlənəcək.Bu mənada Sarkisyan rejimi Azərbaycanda zəif, qeyri-ciddi, müstəqil siyasət yürüdə bilməyən və xaricdən idarə olunan iqtidarın olmasında maraqlıdır. Həmçinin Konstitusiyaya dəyişiklik edilməsinin əhəmiyyətini hələ də anlamayan kəsim dünyada və regionda, o cümlədən qardaş Türkiyə Cümhuriyyətində baş verən prosesləri nəzərə almalı, dərindən öyrənməlidirlər".
Millət vəkili Sahibə Qafarova deyib ki, Azərbaycan dövləti sürətlə inkişaf edir, beynəlxalq aləmə inteqrasiya edir, ölkə qanunvericiliyi təkmilləşdirilir, vətəndaşların sosial şərtləri dəyişir. Ona görə də Konstitusiyada da dəyişikliklər etmək zərurəti yaranır. Onun sözlərinə görə, ana qanunumuza təklif olunan dəyişikliklər zamanın tələbindən irəli gəlir. Sahibə Qafarova deyib ki, bütün demokratik ölkələrdə də belə təşəbbüslər irəli sürülür, ehtiyac yarandığı təqdirdə Konstitusiyaya dəyişikliklər olunur: "Bu gün isə Azərbaycanın mövcud reallıqları Konstitusiyaya dəyişikliklər etməyi şərtləndirir və dövlətimizin başçısı haqlı olaraq belə bir Sərəncam imzalayıb. Möhtərəm Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, 2016-cı il Azərbaycanda dərin islahatlar ili olmalıdır. Təbii ki, bu islahatlar bir çox sahələri əhatə edir. İqtisadi tsahədə verilən qərarlar, aparılan islahatlar artıq öz nəticələrini verib və dünyada baş verən qlobal iqtisadi kataklizmlər fonunda belə bu ilin ilk 6 ayı ərzində Azərbaycan öz iqtisadi inkişaf dinamikasını qoruyub saxlaya bilib. Eləcə də digər sahələrdə, o cümlədən idarəetmənin təkmilləşdirilməsi istiqamətində çox ciddi addımlar atılıb. Konstitusiyaya təklif olunan yeni dəyişikliklərdə də bu istiqamətlərdə daha geniş uğurların əldə olunması hədəflənib". Sahibə Qafarova təklif olunan dəyişikliklərdə bir çox məsələlərin yer aldığını vurğulayaraq qeyd edib ki, bu dəyişikliklər idarətetmənin təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının qorunması, xüsusi mülkiyyət, sosial məsuliyyət və sosial ədalət, hüquq və azadlıqların inzibati və məhkəmə təminatı və digər məsələlər öz əksini tapıb: "Hesab edirəm ki, bu dəyişikliklər Azərbaycan vətəndaşlarının maraqlarına tam cavab verməklə yanaşı, yeni mərhələdə Azərbaycan dövlətinin inkişafının ardıcıllığının təmin olunmasına xidmət edir".
Füzuli