Azərbaycan Ukrayna ilə iqtisadi və hərbi əməkdaşlığı gücləndirir
Ukrayna prezidenti Pyotr Poroşenkonun Azərbaycana ilk rəsmi səfəri uğurlu keçir.
14 İyul 2016 17:12 SiyasətUkrayna prezidenti Pyotr Poroşenkonun Azərbaycana ilk rəsmi səfəri uğurlu keçir.
Bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlubildirib.
Onun sözlərinə görə, gözlənildiyi kimi Poroşenko Bakıda Rusiya əleyhinə açıqlama verməyib: "Bu, nə ona, nə də onun azərbaycanlı həmkarına lazım idi. Ukrayna və Azərbaycan prezidentləri arasında danışıqlar daha çox iqtisadi əməkdaşlıq, ticarətin artırılması və nəqliyyat imkanlarının hərəkətə gətirilməsi yolları ətrafında getdi. Rusiya Ukraynanın Cənubi Qafqaza, Mərkəzi Asiyaya və Çinə quru yolunu bağlayıb. Azərbaycan Ukraynanın şərqə yolunu aça bilər".
Ekspertin fikrincə, prezident İlham Əliyev Ukrayna şirkətlərinə Azərbaycanın tranzit imkanlarından yararlanmağı təklif edib: "İndi əsas məsələ yüklərin daşınması üçün münasib tariflərin müəyyənləşdirilməsidir. Üstəgəl, rəsmi Bakı Kiyevlə hərbi-texniki əməkdaşlığı davam etdirmək, o cümlədən birgə təyyarə istehsalına başlamaq istəyir".